reklam
» » “ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİ: XƏYALLARIN MÜBARİZƏSİ” - “Qərb parçalanmış Rusiya görmək istəmir”

reklam

“ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİ: XƏYALLARIN MÜBARİZƏSİ” - “Qərb parçalanmış Rusiya görmək istəmir”


Marmara Universitetinin tarix üzrə professoru İlyas Kemaloğlunun “Xəyalların mübarizəsi: ABŞ-Rusiya münasibətləri” başlıqlı məqaləsi yayımlanıb.

“AzPolitika.info” xəbər verir ki, “Anadolu” Agentliyində yayımlanan həmin məqalədə iki ölkə arasındakı münasibətlərin gərginləşməsi səbəblərinə və bunun yaratdığı nəticələrə toxunulub. Həmin məqaləni təqdim edirik:

Vladimir Putinin Rusiyada üçüncü dəfə prezident seçildiyi 2012-ci ildən bəri, ABŞ-Rusiya münasibətləri problemli bir dövr keçirir. Rusiyanın 2000-ci illərin əvvəllərində xarici borclarını bağlayaraq və diqqətini keçmiş Sovet coğrafiyasına yönəldərək daha aktiv xarici siyasət yürütməyə başlaması, əvəzində bölgədə Qərbin dəstəklədiyi ardıcıl rəngli inqilabların baş verməsi Rusiya ilə Birləşmiş Ştatlar arasında gərgin münasibətlərə səbəb oldu. Tərəflər arasında Sovet İttifaqı dövründən miras qalan hərbi rəqabətin davam etməsi, Moskvanın NATO və Avropa Birliyinin genişlənməsini, eləcə də MDB coğrafiyasındakı rəngli inqilabları öz mənafeynə qarşı təhdid olaraq görməsi, digər tərəfdən, Qərbin Rusiyanın xarici siyasətini imperialist siyasətin davamı olaraq xarakterizə etməsi ABŞ-la Rusiya arasındakı münasibətləri daha da gərginləşdirdi.

Rusiyaya qarşı sanksiyaları artıracağını dediyi eyni gündə öz maraqlarına görə Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu da elan edən Bayden rəhbərliyinin ikinci xüsusiyyəti, yeni Rusiya siyasətinə qarşı AB ölkələrini də özü ilə birgə hərəkət etməyə məcbur etməsidir. Digər tərəfdən, Moskvanı 2016-cı il prezident seçkilərinə müdaxilə etməkdə günahlandıran ABŞ, münasibətləri “Soyuq müharibə” dövrü səviyyəsinə saldı. Rusiyanın müdaxiləsi ilə seçildiyi iddia edilən Donald Trump dövründə münasibətlərdə yaxşılaşma olmadı və tərəflər Co Baydenin andiçməsindən sonra bir neçə dəfə hərbi qarşıdurma riski ilə qarşılaşdı. Şübhəsiz ki, ABŞ və Rusiya arasında birbaşa hərbi qarşıdurma bu gün real deyil. Ancaq Baydenin son illərdə Rusiyanı ABŞ-dakı seçkilərə müdaxilə etməkdə günahlandıraraq tətbiq etdiyi iqtisadi və diplomatik sanksiyaları genişləndirməsi və Kremlin buna cavabı tərəflərin səfirliklərindəki kadrların sayını qarşılıqlı olaraq minimuma endirməsinə səbəb oldu.

Münasibətlərdəki gərginliyin yeganə səbəbi ABŞ-ın Kremli prezident seçkilərinə müdaxilədə günahlandırmasıdır?

Bayden seçkiləri qazandıqdan dərhal sonra "Amerika geri döndü və dünyanı idarə etməyə və ona rəhbərlik etməyə hazırdır" - dedi. Bu açıqlama Rusiya və Türkiyə kimi ölkələrin qarşıdakı dövrdə ABŞ-la daha çox probleminin olacağının xəbərçisi idi. Türkiyə və Rusiya Trampın "Öncə Amerika" siyasətinin dörd illik dövründə Orta Şərqdən Qafqaza qədər geniş bir coğrafiyada təsirlərini artırdılar. Görünür ki, “geri dönən Amerika” bir çox cəhətdən, xüsusən də enerji baxımından böyük əhəmiyyət kəsb edən Rusiya və Türkiyənin Orta Şərqdə və Qafqazda varlığından narahatdır. Bundan əlavə, bir çox məsələdə fikir ayrılıqları olsa da, Rusiya ilə Türkiyə arasındakı yaxınlaşma şübhəsiz ki, Ağ Evin bəyəndiyi bir vəziyyət deyil. Bunun nəticəsi olaraq, Vaşinqton Türkiyəyə qarşı qondarma erməni soyqırımı kartından istifadə edir, Rusiyanı isə çox çətin vəziyyətdə qoymaq, onu təcrid etmək istəyir. Bunun üçün bir tərəfdən Rusiyaya tətbiq olunan sanksiyalar artırıldı, digər tərəfdən bir çox ölkələrlə diplomatik böhranlar başladıldı.

Qərb, Rusiyanı parçalanmış deyil, 1990-cı illərdəki kimi öz qabığına çəkilmiş, “qırmızı xəttini” sərhədinə çəkən və ABŞ-a Yaxın Şərqdə və digər bölgələrdə çətinlik yaratmayan bir ölkə kimi xəyal edir.

ABŞ "Şimal Axını-2" layihəsində olduğu kimi, AB-yə Rusiya ilə enerji sahəsində əməkdaşlığı məhdudlaşdırması üçün təzyiq göstərdiyi halda, 2020-ci ildə özünün Rusiyadan aldığı nefti artırması (ümumi neft idxalının 7%-i) buna yaxşı nümunədir.

Baydenin yeni Rusiya siyasətinin ikinci xüsusiyyəti AB ölkələrini Rusiya ilə münasibətlərdə onunla birlikdə davranmağa məcbur etməsidir. Tramp dövründə ABŞ-AB həmrəyliyi zəiflədi, AB Rusiya ilə təmaslarını artırdı, xüsusən diplomatiya və enerji sahəsində əməkdaşlığı inkişaf etdirdi və sanksiyalardan imtina edilməli olduğuna dair fikirlər artmağa başladı. Ancaq Baydenin hakimiyyətə gəlməsi ilə Rusiya ilə AB arasındakı "istiləşmə" dövrü sona çatdı.

Rusiya isə kiçik miqyasda da olsa, SSRİ-ni canlandırmaq arzusundadır. Bu xəyalların toqquşması bütün mübarizənin təməlidir. Bu gün, xüsusilə keçmiş Şərq Bloku ölkələri Rusiya ilə diplomatik böhran yaşayır. Enerji sahəsində Rusiya ilə əməkdaşlığı artırmağı düşünən Bolqarıstanda rus kəşfiyyat zabitləri fəaliyyətlərini "qəfildən" artırdı, Rusiyanın 2014-cü ildə Çexiyada baş verən partlayışda əli olduğu iddia edildi. Rusiyadan "Sputnik V" peyvəndinin alınması ilə bağlı az qala razılığa gələn ölkələr belə rus diplomatlarını qovmağa başladı. Baltikyanı ölkələr AB-nin "Şərq qanadı" ilə həmrəylik siyasəti çərçivəsində hər birindən bir rus diplomatı qovdu. Rusiyanın buna cavabı da gecikmədi. Bolqarıstandakı, Çexiyadakı və digər ölkələrdəki proseslərin Baydenin hakimiyyətə gəlməsindən və Rusiya ilə diplomatik böhranın başlamasından sonra baş verməsi ABŞ-ın bu prosesə təsirinin şübhə altına alınmasına səbəb olur. Vaşinqton bununla Rusiyaya və “cəzalandırmaq” istədiyi digər ölkələrə qarşı siyasətində AB-nin dəstəyini alacağını və AB-Rusiya yaxınlaşmasının ən azı yaxın dörd ildə real olmayacağını göstərdi. Digər tərəfdən, bu məsələ ABŞ-ın keçmiş “Şərq Bloku” ölkələrinə təsirini və ABŞ-ın Avropadakı "Troya atı" nın yalnız Polşa olmadığını göstərir.

Yaxşı, ABŞ-ın bu siyasəti Rusiyanı öz qabığına çəkilmiş "Boris Yeltsin dövrü Rusiyasına" çevirəcəkmi?

Vladimir Putinin 20 illik rəhbərliyini nəzərə alsaq, bu ehtimalın real olmadığını görərik. Xüsusilə 2009-cu ildən sonra yaşadığı maliyyə böhranına baxmayaraq, Rusiya gücünü hərbi texnologiyalar, kosmik tədqiqatlar, enerji mənbələri, nüvə silahları və nüvə enerjisi kimi sahələrdə saxlayır. Dəyişməz xarici siyasəti ilə bir çox coğrafiyalardakı yerini möhkəmləndirib. Rusiyanın yüzdən çox etnik qrupa sahib olması və rus xalqının iqtisadi vəziyyətinin getdikcə pisləşməsi Moskvanın mövqeyinə təsir edəcək və siyasətini dəyişdirəcək amillər deyil.

Üstəlik, düşünülənlərin əksinə olaraq, Qərb Rusiyanı tamamilə zəiflətmək və ya parçalamaq istəmir. Çünki Rusiya da Türkiyə kimi Avropanın hərbi və enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkədir. Digər tərəfdən, Rusiyaya, xüsusilə Orta Asiya və Qafqazda Çini cilovlayan bir ölkə kimi baxılır. Bu səbəbdən də, Qərb onu parçalanmış Rusiya kimi görmək istəmir.

Bəs bu mübarizədə uduzan kimdir? Suriya, Liviya, Gürcüstan, Ukrayna, Ermənistan... Bu siyahını uzatmaq da olar. Rusiya və ABŞ bir çox bölgədə hökmranlıq uğrunda mübarizə aparsalar da, heç biri öz aralarında üçüncü bir ölkə uğrunda mübarizə aparmırlar; bəzən bir addım geri, bəzən bir addım irəli. Son aylarda Ukrayna, Ermənistan və Belarusda baş verənlər bunu bir daha açıq şəkildə ortaya qoydu.

Beləliklə, bu respublikaların bir daha uduzmamaq üçün öz siyasətlərini nəzərdən keçirmələrinin vaxtı gəldi.


Paylaş:


Müəllif : Tarix:
4-05-2021, 08:24
  


loading...
Загрузка...