reklam
» » Baydenin bəyanatı Ankara üçün hüquqi məsuliyyət yaratmır, amma ABŞ bir addım daha atarsa…

reklam

Baydenin bəyanatı Ankara üçün hüquqi məsuliyyət yaratmır, amma ABŞ bir addım daha atarsa…



ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə Osmanlıda baş verən hadisələri yazılı bəyanatında “erməni soyqırımı” adlandırması Türkiyə-ABŞ münasibətlərində gərginliyi daha da artırdı. Saxta iddiaları rədd edən rəsmi Ankaranın Vaşinqtona qarşı addımları müzakirə olunmaqdadır. 40 ildən sonra ABŞ liderinin yenidən “soyqırımı” ifadəsi işlətməsinin səbəbi və bunun doğuracağı nəticələr, məsələnin Türkiyəyə təsiri maraq doğurur.

AYNA-nın yaranan siyasi vəziyyətlə bağlı suallarını Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq, həmyerlimiz Toğrul İsmayıl cavablandırıb. Onun sözlərinə görə, 1915-ci ildə Osmanlıda yaşanan hadisələri Baydenin “soyqırımı” adlandıracağı gözlənilən idi:

- Seçki kampaniyası dövründə ABŞ Prezidenti “erməni soyqırımı” deyəcəyini bildirmişdi. Ümumiyyətlə, Bayden və onun komandası hər zaman ermənipərəst mövqe tutub. Əvvəldən də onların mövqeyi gizli deyildi. Seçkilərdən əvvəl ermənilərə vəd vermişdi ki, həmin vədini yerinə yetirmiş oldu. Əsas sual budur: Baydenin bəyanatı nə qədər doğru və ya yanlışdır?! Əlbəttə, bizim tərəfimizdən ABŞ Prezidentinin bu açıqlaması olduqca yanlış, tarixi əsası olmayan, heç bir fakta söykənməyən, sadəcə dedi-qodulara əsaslanaraq söylənən fikirdir. Təbii ki, “erməni soyqırımı” heç bir təmələ söykənməyən uydurmadır. Ortada heç bir beynəlxalq hüquqa dayanan faktlar yoxdur. Düşünürəm ki, Baydenin açıqlaması Amerikadakı erməni lobbisinin xoşuna gələcək mənasız yanaşmadır. Sadəcə dünyanın supergücü olan ABŞ-ın Prezidenti tərəfindən səsləndirildiyi üçün bu yalan fərqli bir reaksiya doğurur.

- Hər halda ABŞ Prezidenti tərəfindən deyildiyi üçün bunun Türkiyəyə siyasi təsiri olacaq...

- Təbii ki, olacaq. Birincisi, istər-istəməz bu bəyanatın beynəlxalq təsiri olacaq. İkincisi, Amerikada yaşayan erməni lobbisi, diasporu ABŞ liderindən bu dəfə daha ciddi addımlar atılmasını istəyəcək. Bu, onsuz da gərgin olan Türkiyə-ABŞ münasibətlərini daha da gərginləşdirəcək. Əlbəttə, Türkiyə bu yalanı, iftiranı qəbul etmir, etməyəcək də. İstər Türkiyə Prezidenti, istərsə də digər rəsmilər bu barədə artıq sərt mövqelərini açıqlayıblar. Təbii ki, Türkiyə dövləti Baydenin bu açıqlamasına qarşı bəzi addımlar atacaq.

- Maraqlıdır, Bayden bu bəyanatı verməklə ölkəsi üçün nə əldə etdi?

- ABŞ Prezidentinin daxili seçici auditoriyasına hesablanmış bu açıqlaması, əslində Amerika üçün çox ciddi risklər yaradır. Nədir bu risklər? ABŞ-Rusiya, ABŞ-İran, ABŞ-Çin münasibətlərinin gərginliyi dönəmində bölgədə müttəfiqi olan, NATO-nun əsas qüvvəsi olan Türkiyəyə qarşı əsası olmayan iftira atıldı. Türkiyəni ən sərt formada uydurma “soyqırımında” günahlandırmaq olduqca yanlış addımdır. Düşünmürəm ki, Türkiyə-ABŞ münasibətləri bununla da tam çökəcək. Xeyr, elə olmayacaq. Amma münasibətlərə ciddi zərbə dəydiyini unutmamaq lazımdır. Türkiyə bu və ya digər şəkildə mütləq bunun cavabını verəcək. Bütün hallarda, Baydenin açıqlaması ikili münasibətlərə təsirsiz ötüşməyəcək.

- Fikirlər var ki, ABŞ prezidentləri “erməni soyqırımı” ifadəsini işlətmirdilər və bu, Türkiyəyə qarşı hər zaman təzyiq vasitəsi kimi saxlanılırdı və artıq ABŞ-ın bu təhdidi ortadan qalxdı...

- Ümumiyyətlə, “soyqırımı” sözünün deyilib-deyilməməsi artıq elə bir səviyyəyə gəldi ki, bu, tarixçilərin, araşdırmaçıların işi olmaqdan çıxıb. “Erməni soyqırımı” uydurması bir çox dövlətin əlində xarici siyasəti üçün təzyiq mexanizminə çevrilib. Eyni zamanda, “soyqırımı” erməni lobbisi üçün bir biznes amilidir. Dolayısı ilə artıq bu məsələnin öhdəsindən tarixçilər, QHT-lər gələ bilməzlər. Bundan sonra məsələni hüquqşünaslar, beynəlxalq hüquq və siyasətçilər həll etməli olacaqlar. Baydenin çıxışında istifadə etdiyi ifadələr, rəqəmlər də bunu deyir. Əvvəllər çox sayda tarixçilər tarixi həqiqətləri açıblar, 1915-ci il hadisələrinin “soyqırımı” olmadığını faktlarla sübut ediblər. Amma Baydenin yazılı bəyanatında bu faktlar ciddi şəkildə saxtalaşdırılıb və erməni lobbisinin istədiyi şəkildə ifadə olunub. Guya ki, milyon yarım erməni öldürülüb, 500 min erməni deportasiya olunub və s. Əslində isə o dövrdə Osmanlıda bir milyon erməni yaşayıb. Bu fakt onu deməyə əsas verir ki, Baydenin dediyi rəqəmlər uydurmadan başqa bir şey deyil. Əslində ABŞ Prezidenti həqiqəti bilir. Deməli, saxta rəqəmlər səsləndirməkdə məqsəd başqadır. Dediyim kimi, bununla artıq məsələ tarixçilərin araşdırması səviyyəsindən çıxıb siyasi müstəviyə qədəm qoydu.

- Baydenin açıqlamasının Türkiyə üçün hüquqi məsuliyyəti nə qədərdir?

- İstər ABŞ Prezidentinin bəyanatı olsun, istər Dövlət Departamentinin, Senatın qərarları olsun - bunlar Türkiyə Cümhuriyyətinin boynuna heç bir hüquqi məsuliyyət qoymur. Yəni ki, bəyanatlar, qərarlar Amerika daxili auditoriyası üçündür, daxili qanunlarla tənzimlənir. Türkiyə üçün bunlar hansısa hüquqi məsuliyyət yarada bilməz. Amma onu da unutmaq olmaz ki, ABŞ superdövlətdir və bu dövlətin qərarları başqa dövlətlər üçün əmsal təşkil edə bilər. Məsələnin təhlükəli tərəfi də məhz budur.

Başqa bir nüans var ki, bu da BMT-nin soyqırımılarını önləmə ilə bağlı sazişidir - 1948-ci ildə qəbul edilib. Bu sazişə imza atmış dövlətlərdən biri də ABŞ-dır. Sözügedən sənədə əsasən, həmin ildən əvvəlki hansısa hadisəyə görə heç bir dövlət soyqırımında günahlandırıla bilməz. Bu sabəbdən Baydenin yazılı açıqlaması Türkiyəni təhdid altında qoymur. Diqqət edirsinizsə, Bayden bəyanatında Türkiyə Cümhuriyyəti demir, Osmanlı deyir. Əlbəttə, Osmanlı deməklə Bayden Türkiyə ilə münasibətləri tam pozmamaq istəyir. Onu da xatırlamaq lazımdır ki, bəyanat verməmişdən bir gün əvvəl ABŞ Prezidenti Türkiyə Prezidenti ilə telefon əlaqəsi yaratdı, bir sıra məsələləri müzakirə etdilər. İyunun 24-də Brüsseldə ikitərəfli görüş keçirəcəkləri məsələsi gündəmə gəldi. Yeni ortaq fəaliyyətlərin perspektivlərini müzakirə etdilər. Dolayısı ilə Bayden bəyanatdan əvvəl Türkiyə tərəfini bir sıra məsələlərdə razı salmağa çalışdı.

- Gələcəkdə Türkiyəyə qarşı təzminat, torpaq iddiaları nə dərəcədə realdır?

- Torpaq iddiaları, təzminat kimi məsələlər ciddi məsələlərdir. Mən ABŞ-ın risk alıb bu tipli tələblər qoyan qərarlar verəcəyini gözləmirəm. Vaşinqton belə məsələlərdə məntiqli davranacaq. Çünki təzminat, torpaq məsələsi başqa ölkənin daxili işlərinə qarışmaq, ərazi bütövlüyünə müdaxilə deməkdir. ABŞ anlayır ki, Türkiyə bu məsələlərdə hər şeyi gözə alacaq dövlətdir. Ona görə də məsələnin bu səviyyəyə gəlməsi ehtimalını yüksək saymıram. Ən pis ssenari olsa, yəni ki, ABŞ tərəfindən Türkiyəyə qarşı ermənilərə torpaq iddiası, təzminat qərarları verilərsə, bu, ABŞ-Türkiyə münasibətlərini bütövlükdə qıra bilər. Yenə deyirəm, belə absurd qərar verilsə də, bunun Türkiyə üçün hüquqi məsuliyyəti olmayacaq, amma münasibətlər tam dayanar.

- Fikrinizin əvvəlində bildirdiniz ki, Türkiyə ABŞ-a cavab verəcək. Sizcə, Ankaranın Vaşinqtona qarşı addımları hansı formada olacaq?

- Türkiyənin ABŞ-a qarşı hansı qərarları verəcəyini, hansı addımları atacağını söyləmək bir qədər tez və çətindir. Çünki qərar siyasilər tərəfindən verilir. Məsələyə siyasilər yönündən baxdıqda görürük ki, onlar tərəfindən bütün qərarlar hərtərəfli araşdırılır. Təbii ki, ABŞ kimi bir dövlətlə münasibətləri pozmaq heç də sərfəli deyil. Eyni zamanda, Amerikaya qarşı elə addımlar atılmalıdır ki, bu, effektiv olsun. Hesab edirəm ki, yaxın zamanda bu addımların nədən ibarət olduğunu görəcəyik. Amma dediyim kimi, Türkiyə-ABŞ münasibətlərinin tamamilə korlanması ehtimalı olduqca azdır.

Aydındır ki, ABŞ müstəqil siyasət yeridən Türkiyə istəmir. Vaşinqton Ankaranı özünün peyki görmək istəyir. ABŞ-ın arzusu odur ki, Türkiyə hər zaman istifadə edə biləcəyi siyasi alət funksiyasını yerinə yetirsin. Amma artıq Türkiyə dünyada öz sözünü deyən, müstəqil bir dövlətdir, regional gücdür. Problemlərin ortaya çıxmasının əsas səbəbi də məhz Türkiyənin güclü dövlət halına gəlməsidir. İndi ABŞ Prezidenti “erməni soyqırımı” dedi, gərək deməyəydi. Lakin bu bəyanatı faciəyə çevirmək də lazım deyil. Unutmayaq ki, ABŞ üçün Türkiyənin yeri tamam başqadır. Vaşinqtonun Ankaranı tamamən itirməsi Amerikanın bölgəyə girməsində, bölgədəki fəaliyyətləri üçün ciddi problem olar. Bu, təbii ki, ABŞ-ı düşündürməyə bilməz.

- Baydenin bəyanatı bərpa olunacağı gözlənilən Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərinə nə kimi təsir göstərəcək?

- Baydenin “erməni soyqırımı” ifadəsi Amerikadakı erməni lobbisinin işinə yarasa da, Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərinə ciddi zərbə vurmuş oldu. İkinci Qarabağ müharibəsindən sonra Ankara-İrəvan, Bakı-İrəvan münasibətlərinin normallaşacağına ümidlər yaranmışdı. Lakin ABŞ Prezidentinin ifadələri bölgə dövlətləri arasında çox ciddi problemlərin ortaya çıxacağı ehtimalını artırır.



Paylaş:


Müəllif : Tarix:
27-04-2021, 15:53
  


loading...
Загрузка...