reklam
» » "Gecikdikcə düşmənin “ayağı yer alır”" - NƏ BAŞ VERİR?

reklam

"Gecikdikcə düşmənin “ayağı yer alır”" - NƏ BAŞ VERİR?



Düşmən Qarabağ iddiasından əl çəkməyib. İstər böhran içində bir-birini qıran Ermənistan rəhbərliyi, istərsə də Xankəndi separatçıları. Ermənistan XİN başçısı Ara Ayvazyan siyasi danışıqların predmeti kimi Dağlıq Qarabağın statusunun “müqəddaratı təyin etmə” prinsipi ilə həll olunmasını bəyan edir. Separatçıların liderləri isə tam müstəqillik tələbi ilə çıxış edirlər, hətta revanş götürəcəklərini açıq söyləyirlər. Əgər XİN başçısı Ayvazyan Minsk Qrupunun son bəyanatından ilhamlanırsa, bəs separatçı rejimin Təhlükəsizlik Şurası adlandırılan qurumunun katibi Balasanyan kimdən qüvvət alıb daha radikal çağırışlar edir? Dünən Teleqram kanalların birində Balasanyanın müraciəti yayılıb. Müraciətin bəzi məqamlarını diqqətinizə ona görə çatdırırıq ki, düşmənin bizə qarşı nə planlamaq istədiyindən xəbərdar olaq:

"İtirilən bütün torpaqları qaytaracağımıza 100% əmin olun. 1988-1992-ci illərdə indikindən daha çətin dövrü yaşadıq, hətta Martakerti itirdik. Artsaxdan yalnız Stepanakert qalmışdı, o da tam mühasirədə. Lakin düşmənin xoşbəxtliyi çox uzun sürmədi. Biz birləşib torpaqlarımızı azad etdik və parlaq bir şəkildə qalib gəldik. İnanın ki, indi də belə olacaq. İtirdiklərimizin hamısını qaytaracağıq. Buna heç şübhəniz olmasın. Dediklərimi uzun müddət gözləmək olmayacaq, bu tezliklə olacaq."

İstəyirsiniz cavab olaraq yazaq ki, “Balasanyan qələt edir, başını da Koçaryanın başına döyür, məsələ bitib, bu gün-sabah onu dar ağacından asacağıq”. Bu, ən asan cavabdır. Ya da deyək ki, “ağır məğlubiyyətdən sonra düşmən rəhbərlərinin, xüsusilə Xocalı qətliamının təşkilatçılarından birinin belə danışması əhaliyə təsəllidən başqa bir şey deyil”. Olar, amma... Amması odur ki, biz Balasanyanın danışdığı yerə - yəni Xankəndinə nəzarət etmirik ki, belə rahat olaq. Balasanyanın və onun kimi yanların sərbəst yaşadığı torpaqlarımızda - keçmiş Dağlıq Qarabağda biz hələ ki, yoxuq. Tam nəzarət Rusiya sülhməramlıların əlindədir. Elə Balasanyan da qüvvəti onlardan alıb danışır. Hər gün bir yerdədirlər.

Qarabağ ermənisi qeyri-müəyyən durumdadır, gələcəklərinin bu yerlərlə bağlı olacağına inamları azdır, amma Balasanyan təbliğat aparır ki, “itirdikləri torpaqları qaytaracaqlar” və o zaman sadə erməni fikirləşir ki, bu Balasanyan hər gün Rüstəm Muradovla görüşür, Avropadan gələnlə görüşür, Rusiyanın Müdafiə nazirinin müavini ilə görüşür, deməli nəsə bilir. ”Mimino” filmindəki Xaçikyanın stüardessa haqqında dedikləri: “əgər o hər gün artisti görürsə, kosmanavtı görürsə, İştoyanı görürsə” epizodunda olduğu kimi. Bu, erməni xarakteridi, Balasanyan da özününküləri yaxşı tanıyır, bilir ki, nə qədər yuxarıdan danışsa yerliləri öna inanacaqlar.

Biz nə etməliyik? Biz hələ ki, müharibədən sonra heç nə etməmişik, yəni nəzarət etmədiyimiz keçmiş Dağlıq Qarabağla bağlı rəsmi addım atmamışıq. Rəsmi razılaşmadan başqa Centlmen sazişlərinin çox kövrək olduğunu tarix sübut edib. Qarabağ ətrafında baş verən yeni gəlişmələr- Minsk Qrupunun dövrəyə girməsi və tələbləri, Rusiyanın çoxgedişli kombinasiyaları və hələ bilmədiklərimiz bizə yaxşı vədlər vermir. İşin içində olanlar arxayınlığa son versinlər və xalqın da məlumatı olacağı zəruri siyasi addımları atsınlar. İlk olaraq Dağlıq Qarabağ azərbaycanlılarının məcburi tərk etdikləri doğma yurdlarına qaytarılması istiqamətində fəaliyyətə başlamaq lazımdır. Gecikdikcə düşmənin “ayağı yer alır”. O yer isə bizim yerimizdir.

İlham İsmayıl
//moderator.az//


Paylaş:


Müəllif : Tarix:
17-04-2021, 09:30
  


loading...
Загрузка...