reklam
» » Milli Kəşfiyyat İdarəsi (DNI) Azərbaycan mediasının prinsipləri ilə işləyir - ABŞ-da təhlükəsizlik skandalı

reklam

Milli Kəşfiyyat İdarəsi (DNI) Azərbaycan mediasının prinsipləri ilə işləyir - ABŞ-da təhlükəsizlik skandalı


Sirr deyil ki, Azərbaycan mediasının son zamanlar kəşf etdiyi yayımçılıq prinsipi var: əvvəl hansısa iri məmurun haqqında ifşaedici material dərc edirsən, sonra həmin məmur müxtəlif vasitələrlə sənə çıxır və “görüm-baxım” əməliyyatlarından sonra yazı saytdan yox olur.

Sən demə, ABŞ-ın ən ciddi xüsusi xidmət orqanı – Milli Kəşfiyyat İdarəsi (DNI) də eyni prinsiplərlə işləyirmiş.

Ovqat.com-un məlumatına, Azərbaycansayağı skandalı ABŞ-ın ünlü CNN kanalı ortaya çıxarıb.

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı uyruqlu jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı DNI-nin hesabatı yayımlanmışdı. Hesabatda jurnalistin qətlinin sifarişinin Səudiyyə krallığının vəliəhdi Məhəmməd bin Salmanın verdiyi iddia olunur, onunla bərabər digər şahzadələrin və krallıq rəsmilərinin də adı çəkilirdi. Bildirilirdi ki, hesabat Tramp hakimiyyəti dövründə hazırlanıb, amma eks-prezident onun yayımlanmasının qarşısını alıb. Yeni prezident Cozef Bayden isə hesabatın qarşısındakı “STOP” işarəsini qaldırıb. Məhz bu səbəbdən də sənəd ötən həftənin cümə günü DNI-nin rəsmi saytında yayımlanmışdı.

CNN-in araşdırmaları nəticəsində isə təsbit edilib ki, 4 səhifəlik hesabat dərc olunduğu gün gecə saatlarında saytdan çıxarılıb və yenisi ilə əvəzlənib.
Bildirildiyinə görə, hesabatın ikinci versiyasında Abdulla Məhəmməd Alhoeriny, Yasir Khalid Alsalem və İbrahim al-Salim kimi rəsmilərin adları silinib.

CNN-nin bu barədə sorğularına DNI rəsmiləri cavab verməyib (Eynilə bizim məmurlar kimi).

Məlumata inansaq, ilk hesabatda adı keçən Abdulla Məhəmməd Alhoerini Riyaddakı kəşfiyyat məsələlərindən məsul bir baş generalın qardaşı imiş, digər iki şəxsin isə kimliyi bilinmir

Beləcə, hesabatın ilk versiyasında Qaşıqçının qətlində şübhəli bilinənlər 21 nəfər olduğu halda, ikinci versiyada onların sayı 18-ə enib.

Maraqlıdır ki, bizdən fərqli olaraq DNI-nin hesabatındakı əsas müttəhim MSB-nin adı saxlanılıb. Görünür, ABŞ kəşfiyyatı və prezidenti vəliəhddən adına layiq “bəxşiş” gözləyirlər.

ABŞ-ın Səudiyyə krallığına şantaj yolu ilə gəlir mənbəyi kimi baxdığı Donald Trampın hakimiyyəti illərində bütün çılpaqlığı ilə ortaya çıxdı. 2015-ci ildə seçkiqabağı təbliğat-təşviqat dövründə Səudiyyə Ərəbistanını ABŞ-ın “sağmal inəyi” adlandıran Donald Tramp demişdi: “Bu inəyin döşlərindən hələ ki süd gəlir. Biz də onu sağırıq. Süddən kəsiləndə isə özünü kəsib yeyəcəyik”.

Qəribədir ki, həmin seçkilərdə prezident seçilən Trampın ilk xarici səfəri də məhz “sağmal inəklər” ölkəsi Səudiyyə Ərəbistanına oldu. Riyadda böyük coşqu ilə qarşılanan Tramp ABŞ-a əli dolu qayıtdı: Dəyəri 100 milyardlarla ölçülən silah anlaşmaları ilə.

Məşhur bir lətifədə deyildiyi kimi, DNI-nin öz hesabatına əl gəzdirməsindən belə anlaşılır ki, ABŞ-ın “ərzaq taxçası”nda 5 il bundan əvvəl aldığı “un” bitmək üzrədir. Yəqin buna görə Qaşıqçı cinayətinin hesabatı gündəmə gətirilib. Hesabatda Səudiyyə kraliyyət ailəsinin ən perspektivli üzvlərinin adı hallandığından və bu da sülalənin 120 illik hakimiyyətinin taleyini həll edə biləcəyindən budəfəki “bəxşiş”in daha yüksək olacağını gözləməyə dəyər.


Paylaş:


Müəllif : Tarix:
1-03-2021, 11:49
  


loading...
Загрузка...