reklam
» » “Dekabrdan sonra sülh müqaviləsi” gözləntisi - İrəvan və Bakıda rəsmi reaksiya

reklam

“Dekabrdan sonra sülh müqaviləsi” gözləntisi - İrəvan və Bakıda rəsmi reaksiya


Ermənistanın baş naziri Nikol Paşinyan TASS-a müsahibəsində “Azərbaycanla dövlətlərarası münasibətlərin tədricən normallaşdırılmasından danışmaq olar” sualına cavabında deyib ki, “bu, çox mühüm məqamdır və düşünürəm ki, yaxın gələcəkdə biz bu məsələyə diqqət yetirəcəyik”. “Nəqliyyat kommunikasiyalarının açılması başlanğıc nöqtəsi ola bilər”, - deyə Paşinyan qeyd edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə deyib ki, torpaqlardan işğalçı qoşunların çıxarılması tələbinin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq: “Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Ermənistanın mövqeyi məlumdur, bunların düşmənçiliyinin uzun tarixi var. Amma elə qalib azərbaycanlıların da sülhə hazırlanması lazımdır”.

Bəs dekabrdan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər? Bunun üçün nələr olmalıdır? Sülh müqaviləsi imzalansa, bundan sonra Ermənistanla dövlətlərarası münasibətlər tədricən normallaşa bilər? Bu, daha çox hansı tərəfdən asılıdır?

Politoloq Elşən Mustafayev bildirdi ki, müharibədə qələbə çalsaq da, sülh müqaviləsinin tezliklə imzalanmasına inam azdır. Çünki bu müqavilə bir halda imzalana bilər: Ermənistan rəsmi şəkildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir: “Təbii ki, Azərbaycan da öz növbəsində ərazisində yaşayan bütün xalqlar kimi vətəndaşı olacaq ermənilərin də hüquqlarını eyni şəkildə qoruyacağını bildirməlidir. Amma hazırda belə bir prosesin gedəcəyinə inam yoxdur. Paşinyan və digər erməni siyasətçiləri hər gün bəyan edirlər ki, atəşkəsə getməklə bağlı protokola imza atmağa məcbur olublar. Çünki hər sahədə Azərbaycana uduzurdular. Eyni zamanda bildirirlər hazırda Ermənistanın hərbi və iqtisadi cəhətdən güclənməsi əsas hədəfdir. Yəni onlar gələcəkdə revanş götürməyi planlaşdırırlar. Bu cür siyasət yürüdən ölkə yuxarıda dediyim şərtlərdə sülh imzalamağa çətin gedər. Amma onlara bu gün blokadadan çıxmaq, kommunikasiyaların, nəqliyyat yollarının açılması vacibdir və bu yolla çox şey əldə edəcəklərini düşünürlər. O səbəbdən verdikləri müsahibələrdə əsas hədəf olaraq bu sahəni göstərirlər. Hesab edirəm ki, Azərbaycan keçmiş DQMV ərazisində hüquqi və faktiki hakimiyyətini tam bərpa etməyincə, kommunikasiyaları açması yanlış addım olar. Yəni orada ölkəmizin bütün hakimiyyət orqanlarının qolları tam gücü ilə fəaliyyətə başlamalıdır. Bundan sonra Azərbaycan vətəndaşı olaraq orada qalmağa razı olan insanlarla tədricən münasibətlərdə müsbətə doğru irəliləyiş ola bilər. Bunu dövlət tənzimləyə bilər və müəyyən müddətdən sonra insanlar arasında münasibətlərin mənfidən müsbətə doğru dəyişməsini görə bilərik”.

Ekspertin sözlərinə görə, hazırda gedən düşmənçilik təbliğatı, ərazi bütövlüyümüzün tanınmaması, hələ də ərazimizin bir hissəsini qondarma “respublika” kimi dünyaya tanıtma cəhdləri Paşinyanın söylədikləri fikirlərə tamam ziddir: “Digər tərəfdən, hazırda Ermənistan siyasi həyatında parçalanmalar o həddədir ki, Paşinyanın hakimiyyətdə qalacağı sual altındadır. Əvəzində Ermənistanın digər siyasi qüvvələri də məğlubiyyətlə barışmamaq, Azərbaycana nifrət kampaniyası aparır. Gələcəkdə sülh olarsa, ona təminat verənlər içində bütün əsas siyasi qüvvələr də olmalıdır və paralel şəkildə cəmiyyətlərini buna hazırlamalıdırlar. Lakin bu gün başqa vəziyyətin şahidiyik. Amma iki ölkə arasında gələcəkdə isti münasibətlər yaranmasa da, gec-tez sülh müqaviləsinin imzalanması qaçılmaz olacaq. Bunun baş tutmasına Ermənistanı Azərbaycan məcbur etməlidir. Bu hansı yollarla, üsullarla ediləcək, o başqa məsələdir. Əks halda, Ermənistan könüllü şəkildə ərazi bütövlüyümüz çərçivəsində sülh müqaviləsi imzalamağa getməyəcək. Amma ümid edirəm ki, ədalətli maraqlarımızın qorunması şərti ilə biz onları buna məcbur edə biləcəyik”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirdi ki, nazir Ceyhun Bayramovun dediyində həqiqət var. Amma hər iki qoyulan məsələni uzlaşdırmağa ehtiyac var. Ermənistan bizə sağalmaz yaralar vurublar və ona görə də Azərbaycan xalqının onları bağışlaması qısa zamanda və asan başa gələn məsələ deyil. Arada çox ciddi sosial-psixoloji gərgin durum hökm sürür: “Şübhəsiz ki, hər iki dövlət qarşılıqlı əlaqələr yaratmağa da məhkumdur. Biz gec-tez münasibətləri yaratmalıyıq. Amma əlaqələri yaradanda nəzərə almalıyıq ki, bizim bu qonşumuz tamamilə ayrı etnik qrupdur. Xarakter etibarilə tamamilə başqadır. Bunlar psixoloji xəstədirlər, xarakterləri tarix boyu elə formalaşıb ki, bunlarda əxlaqsız qadınlara xas xüsusiyyətlər də var. Kimə işi düşür ona sevgi elan edirlər, onların başına dolanırlar. Elə ki, işi düşdüyü adama ehtiyacı qalmır, dərhal ona qarşı çıxır və onun var-dövlətini ələ keçirmək istəyirlər. Ermənilər tarix boyu bu cür olublar və dəyişmirlər. Bununla belə, biz onlarla qonşuluğa məhkumuq və qarşılıqlı əlaqələr beynəlxalq münasibətlər sisteminə uyğun olaraq qurulmalıdır. Bunun üçün də ilk növbədə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından, düşmənçilikdən əl çəkməlidir. Bu olmadan Azərbaycan xalqının onlara münasibətində ciddi müsbət dəyişikliyə nail olmaq mümkün deyil. Azərbaycan Ermənistanla münasibətlər qursa belə, biz xalq və dövlət olaraq ehtiyatı heç zaman əldən verməməliyik. Biz nəzərə almalıyıq ki, erməni toplumu xəstədir və diqqətli olmalıyıq”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
27-11-2020, 10:56
  


loading...
Загрузка...