reklam
» » Ermənilərin son Şuşa vay-şivəni: - düşmənin gerçək məqsədi

reklam

Ermənilərin son Şuşa vay-şivəni: - düşmənin gerçək məqsədi


Son günlər Ermənistanın terrorçu komandirləri sosial şəbəkə hesablarında “Şuşa əldən gedir” məzmunlu statuslar yazıb, hay-haray salırlar. Belə ki, qondarma “dqr”-in oyuncaq prezidenti Araik Harutyunyan rəsmi hesabından paylaşdığı videoda Azərbaycan Ordusunun Şuşa şəhərindən cəmi 5 km uzaqlıqda olduğunu bildirib.

Harutyunyan Şuşanı “erməni şəhər-qalası”, “Artsaxın simvolu” adlandıraraq, xalqı yenidən silahlanmağa, şəhəri qorumağa çağırıb. Bununla belə, o qüvvələrin qeyri-bərabər olduğunu da bildirib və axırda guya qələbə qazanacaqlarını yazıb.

Onun ardınca növbəti terrorçu - general Arkadi Karapetyan da eyni məzmunlu çağırış edib. O da sosial şəbəkə üzərindən yaydığı video müraciətdə bildirib ki, Ermənistanda insanlar burada baş verənlərdən xəbərsizdir: “Müharibə Şuşanın ətrafında gedir. Buradan sizə nə dediklərini bilmirəm, amma müharibə az qala Şuşa divarlarının altına çatıb. Türklər bizimlə qarşılaşmırlar, sadəcə toplarla, raketlərlə işləyirlər, gəlib ölmüş oğlanlarımızın mövqelərində otururlar. Mən bunu çaxnaşma yaratmaq üçün demirəm, ona görə deyirəm ki, indi bizim qoz-fındığa və şirniyyatlara deyil, köməyinizə ehtiyacımız var. Yoxsa Ermənistana biz qoşunlarla gələcəyik”.

Erməni sosial şəbəkə istifadəçiləri isə dərhal Karapetyanın müraciətinin altından onu qınayan şərhlər yazmağa başlayıblar.

Müdafiə Nazirliyimizin yaydığı xəbər və videolardan isə görünür ki, ordumuz düşmənə ciddi zərbələr vurur və irəliləyir. Lakin hazırda ermənilərin dedikləri istiqamətdə döyüşlərin gedib-getməməsi ilə bağlı rəsmi məlumat yayılmayıb. Bu xüsusda ehtimal edənlər var ki, xain düşmən bu cür xəbərlər yaymaqla hansısa məkrli plan qurur.

Bəs əslində cəbhədə vəziyyət necədir? Durumu “Yeni Müsavat”a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, artıq müharibənin son fazasıdır: “Azərbaycan Silahlı Qüvvələri üzərinə düşəni edib. Yaxın saatlarda hesab edirəm ki, Azərbaycan Ordusu qarşısına qoyulan tapşırığı tam şəkildə yerinə yetirəcək. Belə olan halda ermənilər hansı məqsədi güdə bilərlər? Aydındır ki, onlar bizi tələyə salmaq, aldatmaq istəyəcəklər. Lakin artıq müharibədə Ermənistanın bu cür gediş edə biləcək gücü də qalmayıb. Ermənistan ordusunda tamamilə ümidsizlik hökm sürür və onlar vəziyyəti bundan sonra heç cürə düzəldə bilməycəklər. Azərbaycan Ordusu qarşıya qoyulan tapşırığı icra edir. Müharibənin 33-cü günündən ermənilərin bu cür çağırışla nəyəsə nail olacağı mümkün deyil. Onlar çarəsizlikdən bu cür çağırışlar edirlər. Düşünürlər ki, belə çağırışlarından sonra ermənilərin içərisində kimlərsə ”qeyrət"ə gələcək. Pərən-pərən olan ordunun hansısa nəticə əldə edəcəyini düşünmək sadəlövhlük olardı".

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, müharibədə tələ qurmaq hərbi taktikanın formalarındandır: “Ermənilərdə də bu cür şeylər ola bilər. Ancaq bu gün Azərbaycan ordusu onların qurduqları bir neçə tələdən çox ustalıqla çıxıb və düşməni darmadağın edib. Şuşa məsələsində də, məncə, onlar ah-vay edirlər. Onlar həqiqətən də rəzil duruma düşüblər. Onu da bilirik ki, Şuşa bizim üçün strateji yerdir və ordumuzun ən önəmli məqsədlərindən biri Şuşanı geri almaqdır. Şuşanın fəthi müharibənin sona çatmasına işarə ola bilər. Şuşadan sonra Xankəndi təslim olacaq. Lakin Şuşa elə bir yerdir ki, oraya dağ qoşunları da göndərilə bilər. Sıldırım dağlıq hissədir. Ermənilər öyünürdülər ki, 1990-cı illərdə dağla qalxıb, Azərbaycan ordusuna arxadan zərbə endiriblər. Lakin bu gün Şuşanın alınması üçün yollar bağlanmalıdır. Şuşanın da yolları demək olar ki, Azərbaycan ordusunun nəzarəti altındadır. Ordumuz dronlardan istifadə edərsə, orada olduğu deyilən PKK-çılar, terrorçular da qaçmağa deşik axtaracaqlar. Ermənilər nə qədər təbliğat aparsalar da hesab edirəm ki, Şuşanın taleyi həll edilib. Şuşa Azərbaycanın milli qüruru, heysiyyətidir. Rəşadətli Azərbaycan əsgəri nəyin bahasına olsa da, yaxın günlərdə Şuşanı fəth edəcək”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
31-10-2020, 09:08
  


loading...
Загрузка...