reklam
» » Putinin Qarabağ siyasətini pərdəarxası: - Kremlin sahibi nə mesaj verdi?

reklam

Putinin Qarabağ siyasətini pərdəarxası: - Kremlin sahibi nə mesaj verdi?


Rusiya Prezidenti Vladimir Putin “Valdai” klubunda çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsindən danışıb.

“Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz”,-deyə Prezident Putin bildirib.

Bəzi siyasi müşahidəçilər dövlət başçısının qeyd edilən açıqlamasını Azərbaycanın keçirdiyi hərbi əməliyyatlara dəstək kimi şərh edib. Lakin V.Putinin çıxışı təzadlı olub.

O, Azərbaycanın ərazi bütövlüyünün işğalını pisləsə də, ermənilərin xeyrinə açıqlamalar da verib.

Rusiya Prezidenti bildirib ki, Sumqayıtda və Dağlıq Qarabağda ermənilərə qarşı ağır cinayətlər törədilib və bu faktdır. Vladimir Putin Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ətrafında artan geosiyasi təsirinə də münasibət bildirib. “Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır”,-deyən Prezident Putin az sonra ziddiyyətli mövqe sərgiləyərək Dağlıq Qarabağ məsələsində Türkiyə ilə Rusiyanın mövqelərinin üst-üstə düşmədiyini vurğulayıb.

Politoloq Natiq Miri Cebhe.info-ya bildirib ki, Prezident Putin Dağlıq Qarabağ problemi ilə bağlı açıqlama verərkən ikili mövqe nümayiş etdirib. Bir tərəfdən Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin vacibliyi ilə barışmaq məcburiyyətində qalan Rusiyanın dövlət başçısı eyni zamanda, status-kvonun saxlanılması üçün sətiraltı təhdid mesajları verir:

“Vladimir Putin bu məsələyə əsasən balanslı yanaşma nümayiş etdirməyə çalışıb. Heç bir tərəfi incitməmək və guya “doğruları söyləyir” görüntüsü yaratmaq istəyib. Ancaq tarixi baxımdan hadisələrə çox böyük qüsurlu yanaşmalar mövcuddur. Putinin "Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"deməsi həqiqət olmaqla yanaşı, həm də bir reallıqdır. Çünki Azərbaycan ordusunun çox güclü olduğu bu günkü vəziyyətdə ərazilərimizi işğal altında saxlamaq mümkün deyil. Bu, elə bir reallıqdır ki, onu Rusiya Prezidenti də dilə gətirir.

Digər tərəfdən, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri ərazilərin azad olunmasını tələb edir. Putin bu fikri bildirməklə Putin dolayısı ilə həqiqəti söyləmiş olsa da, digər tərəfdən, tarixi hadisələri saxtalaşdırır. Söhbət Sumqayıt hadisələrindən gedirsə, həmin təxribatı SSRİ Dövlət Təhlükəsizlik Komitəsi təşkil etmişdi. DTK Sumqayıt şəhərində erməni sakinlərin qətlini milliyyətcə erməni olan, narkotik istifadəçisi Qriqoryansın əli ilə həyata keçirmişdi. Bu istintaq sənədlərində də təsbit olunub. Putin DTK-nın yüksək rütbəli zabiti kimi bunu çox yaxşı bilir”.

Həmsöhbətimiz bildirib ki, Vladimir Putin Sumqatyıt hadisələrindən söz açmaqla yalnız ermənilərin könlünü almır, həm də Azərbaycana təzyiq etmək imkanının olduğunu nümayiş etdirir:

“Vladimir Putin ardınca Dağlıq Qarabağda ermənilərə qarşı hansısa kütləvi qırğından danışır. Əslində, bu gün belə bir fakt yoxdur. Çünki Azərbaycan əsgərinin əxlaqı buna yol vermir. Putinin dediklərini biz Suriyada gördük. Hələb şəhəri Rusiyanın hərbi təyyarələri tərəfindən yer üzündən silindi. Rusiya iki tonluq bombalarla binaları dinc insanların başına yıxırdı. On minlərlə mülki əhalinin arasında 50-100 nəfər müxalifət nümayəndəsi olduğuna görə, dinc əhalini kütləvi qətl edirdilər. Əsl milli soyqırım budur. Prezident Putin Sumqayıtdan, Dağlıq Qarabağdan söz açarkən nədənsə, tarixə düşmüş və bəzi ölkələr tərəfindən tanınmış Xocalı soyqırımını yada salmadı. Xocalıda silahsız insanlar, qocalar, uşaqlar, qadınlar məhz türk olduqları üçün qətlə yetirildilər.

Ona görə də Putin böyük bir dövlətin başçısı kimi balansı saxlamaq istəyirdisə, bu faktı da xatırlatmalı idi. Əgər bu dilə gətirilmirsə, deməli, Rusiya rəhbərliyinin siyasi niyyəti var. Yəni ki, biz Dağlıq Qarabağda gedən əməliyyatları görməzdən gəlirik, Azərbaycan da “həddini aşmamalıdır”. Putin Dağlıq Qarabağda mülki erməni əhalisinə “cinayət” törədilməsindən danışmaqla demək istəyir ki, Rusiyanın Azərbaycana təzyiq imkanları hələ qalır. Ancaq təəssüf ki, Putin Tərtər şəhərini darmadağın edən, Gəncədə dinc əhaliyə kütləvi qırğın silahı olan “Skad” raketləri atan Ermənistanın adını çəkmir. Əslində, bu, hərbi cinayətdir. Buna əmr verənlər beynəlxalq tribunalda cəzaya məhkum edilməlidir. Putin digər bir suala cavab verməlidir: Son vaxtlar kütləvi qırğın silahları tələsik şəkildə Ermənistana necə gətirildi?

Düşünürəm ki, Gəncənin vurulması Moskvada Lavrovun Mnasakanyanla təkbətək görüşündə planlaşdırılmış və verilmiş qərardır. Məqsəd Azərbaycanı dayandırmaq idi. Hesab edirdilər ki, kütləvi qırğın silahları ilə zərbələr endirdikdən sonra Azərbaycan hərbi əməliyyatları davam etdirməkdən çəkindirəcək. Ancaq bu əks-effekt verdi. Məlum oldu ki, başda Putin olmaqla nə Kreml, nə də Ermənistan Azərbaycanı yaxşı tanıyıb. Ona görə də hesab edirəm ki, bu hərbi cinayətlərin altında yalnız Ermənistan rəhbərliyi deyil, həm də Rusiya çıxa bilər”.

Ekspert bildirdi ki, Vladimir Putinin fikirləri Dağlıq Qarabağ məsələsində Rusiya ilə Türkiyənin mövqeyi əslində üst-üstə düşmür. Türkiyə Qarabağ münaqişəsinin birdəfəlik və ədalətli həllini istəyir. Əks təqdirdə, gələcəkdə Azərbaycan ərazisində Rusiyanın dəstəyi ilə erməni separatçılığı yenidən baş qaldıracaq:

“Türkiyə ilə anlaşıla bilməyən ikinci məqam ondan ibatədir ki, Rusiya Azərbaycanın beş rayonun azad edilməsindən sonra əməliyyatların davam etdirilməsini istəmir. Bu sualın cavabı aydındır. Bununla da Rusiya həm Azərbaycana, həm Ermənistana təzyiq vasitələrini əlində saxlamaq istəyir. Rusiya bu təzyiq imkanlarını əldən buraxmamaq üçün beş rayonun azad olunmasından sonra hərbi əməliyyatların dayandırılmasını tələb edir. Türkiyə isə Rusiyanın bu mövqeyi ilə razılaşmır. Çünki beş rayonun qaytarılmasından sonra döyüşlər dayansa, danışıqlar masasına Dağlıq Qarabağa özünüidarəetmə statusunun verilməsi məsələsi çıxarılsa bu da gələcəkdə separat rejimin yenidən baş qaldırmasına səbəb olacaq. Bunun altında gizlənən hiylə budur.

Əgər yeni status- kvonu sona qədər Azərbaycan ordusu müəyyən edəcəksə, artıq nə Minsk Qrupunun formatına, nə də münaqişə predmetinin müzakirəsinə ehtiyac qalacaq. Bütün ərazilərdə ölkəmizin suverenliyi bərpa olunduqdan sonra yalnız əli Azərbaycana qarşı hərbi cinayətlərdə qana bulaşmamış erməni vətəndaşı Qarabağın dağlıq hissəsində yaşamaq hüququ qazana bilər. Buna da təhlükəsizlik təminatını konstitusion qaydada Azərbaycan dövləti verə bilər. Hər hansı ölkənin bu məsələni müzakirə predmetinə çevirməsinə ehtiyac olmadığı kimi, hüququ bazası da yoxdur. Dağlıq Qarabağdakı ermənilərə hər hansı özünüidarəetmə statusunun verilməsindən söhbət gedə bilməz. Biz həmin torpaqları şəhidlərimizin qanı bahasına azad etmişik. Ona görə də statusun verilməsini Azərbaycan xalqı qəbul edə bilməz. Ona görə də Azərbaycan ordusu bu prosesi sona qədər aparmalı, işğal olunmuş bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
24-10-2020, 09:37
  


loading...
Загрузка...