reklam
» » Kremlin müəmmalı Qafqaz oyunu, Bakının tükənən səbri - GƏLİŞMƏ

reklam

Kremlin müəmmalı Qafqaz oyunu, Bakının tükənən səbri - GƏLİŞMƏ


Tovuz döyüşləri Qarabağ konfliktinin tezliklə və ədalətli həllinin nə dərəcədə vacib, böyük müharibənin isə nə dərəcədə real olduğunu qabarıq şəkildə göstərdi. Söhbət, nəhayət ki, bölgədə ədalətli sülh və daimi sabitliyin bərqərar olmasından gedir. Bu isə beynəlxalq hüququn təməl prinsiplərinə hamılıqla, öncəliklə işğalçı Ermənistan və konfliktə cəlb olunan dövlətlər tərəfindən qeyd-şərtsiz riayət edilməsindən keçir.

Əfsus ki, son sərhəd toqquşması bu hədəfin heç də asan, əlçatan olmadığını nümayiş etdirdi. O səbəbə ki, bir sıra maraqlı dövlətlər hələ də Qarabağ münaqişəsinə ən əvvəl regionda möhkəmlənmək vasitəsi kimi, siyasi və iqtisadi qazanc mənbəyi kimi baxır.

***

Məsələn, bəlli oldu ki, Azərbaycanla çox isti, strateji tərəfdaşlıq münasibətlərində olan Serbiya Ermənistana silah-sursat satıbmış. Həmin silahlar Tovuzdakı sərhəd döyüşləri zamanı hərbçilərmizə və dinc əhalimizə qarşı istifadə olunub (toqquşma zamanı 11 hərbçimiz, bir mülki sakinimiz həlak olub). Habelə müttəfiq saydığımız Gürcüstandan Ermənistana quru yolu vasitəsilə bəzi silahların daşınması haqda ölkə mediasında faktlar dərc olundu.

Ancaq rəsmi Bakı Serbiya və Gürcüstanla bu qalmaqallı durumu yoluna qoya bildi. Tiflisə və Belqrada təzyiqlər, aprılan diplomatik iş öz nəticəsini verdi. Serbiya prezidenti Aleksandr Vuçiç azərbaycanlı həmkarı İlham Əliyevə zəng etdi, üzrxahlığını bildirdi, xoş məram kimi İlham Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Bundan əlavə, Serbiyadan Azərbaycana xüsusi nümayəndə heyəti gəldi. Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç 2020-ci il 10 avqust tarixində Azərbaycan Respublikasına səfər etdi.

Səfər zamanı, 11 avqust tarixində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdü,Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olundu. Yəni Serbiya ilə məsələ həll olundu.

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Gürcüstan rəhbərliyi isə öncə faktı ört-basdır etməyə çalışsa da, az sonra rəsmən bəyan etdi ki, onun ərazisindən Ermənistana hərbi xarakterli yüklər daşınmayacaq. Şübhə yox ki, belə də olacaq. Hər halda Azərbaycanın istər Gürcüstana, istərsə də Balkan ölkəsi Serbiyaya yalnız böyük yaxşılıqları keçib.

Amma əfsus ki, Rusiya işğalçı Ermənistanı sanki heç nə olmayıbmış kimi, əvvəlki qaydada, kimsəyə məhəl qoymadan silahlandırmağa davam edir. Bunu önləyə bilmirik. Halbuki, Rusiyanın ən ali rəsmiləri Azərbaycanın Moskva üçün strateji tərəfdaş ölkə olduğunu mütəmadi şəkildə bəyan edirlər. İki ölkənin liderləri arasında da illərdir çox isti, erməni rəhbərlərin belə qibtə etdiyi mehriban münasibətlər mövcuddur. Lakin aşağıda gətirdiyimiz, Ermənistana verilən silahlarla bağlı faktlar bu mehribançılığın birtərəfli xarakter daşıdığına dəlalət edir.

***

Sensasion faktların əks olunduğu yazı “Yeni Müsavat” Media Qrupuna daxil olan rusdilli Minval.az saytında 2020-ci il avqustun 7-də, tanınmış analitik Nuraninin imzası ilə gedib. Materialda Ermənistana gedən növbəti partiya Rusiya silahlarının tam təsnifatı verilir və konkret çatdırılma marşrutları göstərilir.

Sən demə, Tovuzda qızğın döyüşlər getdiyi vaxt Rusiya hərbi nəqliyyat təyyarələri Ermənistana müasir silahlar çatdırıb. Ümumilikdə, əldə olan məlumatlara görə, 7 reys (!!) olub: 2 reys - 17 iyulda, yəni döyüşlərin qızğın vaxtında, 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində isə gündə 1 reys olmaqla cəmi 5 reys reallaşıb. Silahları Ermənistana Rusiyanın İl-76 təyyarələri daşıyıb. Onlar Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan marşrutu üzrə uçub.

Bu marşrutun uzunluğu 2000 km-dən çox, uçuş müddəti isə 3 saat 30 dəqiqədir. Şübhəsiz ki, birbaşa Gürcüstan ərazisindən uçmaq daha asan, daha rahat və daha tez olardı - bu vəziyyətdə marşrutun uzunluğu cəmi 500 kilometr, uçuş müddəti 1 saata düşərdi. Lakin rəsmi Tiflis prinsipial və ləyaqətli hərəkət edib: Gürcüstan siyasi iradə və məsuliyyət nümayiş etdirərək, Rusiya hərbi nəqliyyat təyyarələrinin öz hava məkanından keçməsinə, sadəcə, icazə verməyib.

Odur ki, İL-76 əməlli-başlı dövrə vuraraq Qazaxıstan, Türkmənistan və İran hava məkanları ilə uçmalı olub. Ümumilikdə Ermənistana 280 ton hərbi texnika çatdırılıb. Bunların arasında ən yeni hərbi-elektron texnologiyalara əsaslanan müasir radioelektron mübarizə vasitələri də var. O sırada həmçinin “Krasuxa”, “Avtobaza”, “Sky-M”, repitorlar və s. çatdırılıb.

Qeyd edək ki, real müharibə şəraitində radioelektron mübarizə vasitələrinin çoxsaylı vəzifələri var: rəqib rabitə sisteminin sıradan çıxarılması, danışıqların ələ keçirilməsi və s. Onlar habelə dronlarla mübarizə üçün nəzərdə tutulub. Bu isə bəlli olduğu kimi, hələ 2016-cı ilin aprelindən Ermənistanın yaralı yeridir...

***

İndi dost-tərəfdaş Rusiyanın bu hərəkətini necə başa düşək? Hər şey qırağa, görəsən bu davranış ATƏT-in Minsk Qrupunun həmsədri kimi Moskvanın götürdüyü öhdəliklərə və qərəzsiz vasitəçilik missiyasına nə dərəcədə uyğun gəlir?

Əlbəttə ki, bu məsələlərdə özümüzü də qınamalı, diplomatik fəaliyyətimizin zəifliyini etiraf etməliyik. Xüsusən də Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, ümumən Azərbaycan XİN-i (Elmar Məmmədyarov dönəmi nəzərdə tutulur) ölkəmiz üçün, Qarabağ üçün bunca taleyüklü məsələlərə laqeyd yanaşmağa görə ən sərt tənqidə layiqdir. Onlar görəsən hara baxıblar? Elə yenilənən XİN-ə də iradımız böyükdür. Niyə hələ də Rusiya səfiri XİN -ə çağırılmır,Rusiyaya nota verilmir? Yeni nazir Ceyhun Bayramov çevik davranmalı və dəyişimin haqqını verməli, fərqi göstərməli idi...

Həmçinin, Rusiyanın ölkəmizdəki səfirliyinin ünvanına bir abzas tənqid yazmağın yeri var. Ona görə ki, işğalçı Ermənistanın Rusiya tərəfdən silahlandırmağa davam eləməsi haqda mediada bunca tənqidi yazılar çıxıb, faktlar dərc olunub, Minval.az-da elə iki sensasion məqalə gedib. Bundan başqa, saytın əməkdaşları səfirliyə məsələ ilə bağlı dəfələrlə sorğular göndərib, telefon zəngi ediblər. Amma diplomatik nümayəndəliyin mətbuat xidmətindən dünən yalnız iki cümləlik belə bir cavab gəlib: “Hörmətli Nurani, Sizin Rusiya haqqında məqalələrinizlə tanışıq. Sizin sorğunuza gəlincə, səfirlik beynəlxalq aviareysləri izləmir”. Vəssalam.

***

Buradaca önəmli bir məqamı vurğulayaq ki, Ermənistandan fərqli olaraq, Azərbaycan istənilən ölkədən silah-sursat alıb özünün müdafiə və döyüş qabiliyyətini artıra bilər. Çünki ərazisinin bir hissəsi işğal edilib – hansı ki, BMT başda olmaqla, bütün nüfuzlu beynəlxalq və regional qurumlar tərəfindən tanınıb, konkret sənədlər, o cümlədən qətnamələr şəklində təsbitlənib. Həmin sənədlərdə işğalçının adı da konkret göstərilir – Ermənistan. Və həmin sənədlərin bir çoxuna, o sırada BMT TŞ-nin Dağlıq Qarabağa dair 4 məlum qətnaməsinə TŞ-nin 5 daimi üzvündən biri kimi Rusiya da səs verib, imza atıb. Rusiya habelə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə, işğal altındakı oyuncaq qurumu tanımamaqda davam edir.

Təəssüf ki, bütün bunlar şimal qonşumuzun təcavüzkar ölkəyə silah yardımını davam etdirməsinə mane olmur. Nədən? Görəsən, niyə rəsmi Moskva 30 ildir tüstülənən və hələ də can alan bu konfliktin bitməsini, ədalətin bərpasını istəmir? Azərbaycan xalqının bu suallara cavab almaq haqqı var. Axı işğalçıya hərbi dəstək sövq-təbii işğal rejiminə dəstək, status-kvonun qalmasına dəstək deməkdir.

Azərbaycan yuxarıda vurğuladımız kimi, Rusiyaya qarşı daima mehriban qonşuluq münasibətlərindən çıxış edib, heç vaxt nə bölgədə, nə də qlobal miqyasda və ya beynəlxalq platformalarda Moskvanın köklü maraqlarına zərər vuracaq heç bir addım atmayıb. O zaman nə üçün Rusiya Ermənistanı bizə qarşı silahlandırmağa davam edir, onun hərbi qabiliyyətinin zəifləməsinə, ümumən Azərbaycan qarşısında əldən və taqətdən düşməsinə, beləliklə də sülhə gəlməsinə imkan vermir?

Rusiyanın vassal Ermənistana misli görünməmiş, ciddi təzyiq rıçaqlarının olduğunu hamı bilir. Moskva istəsə, cəmi bir neçə həftəyə konflikti yoluna qoyar. O zaman niyə görə Bakı və İrəvana “Siz anlaşın, biz qarant duraq” kimi qeyri-ciddi təklif verməklə irrasional bir mövqe sərgiləyir, məsuliyyətdən yayınmağa çalışır? Daha dəqiqi, məsələni başından edir? Axı bunu da hamı bilir ki, İrəvan hətta nəfəsini belə, Moskvanın izni olmadan almır.

***

Belə təəssürat yaranır ki, Kreml münaqişənin həllində maraqlı deyil və üstəlik, münaqişə ocağına öz silahlarını tərəflərə satmaqla həm də kommersiya maraqları güdür. Yox, əgər Moskva sülh variantına təkan vermək istəmirsə, o zaman nədən Azərbaycana güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etməyə də mane olur? 2016-ci ilin aprelindəki kimi, işğalçını bizim əlimizdən alır?
Bu sualların hamısına cavab vermək zamanı çatıb. Tovuz istiqamətindəki döyüşlər buna şəkk-şübhə saxlamadı. Əks halda, cavabları Azərbaycan Ordusu verəcək. Çünki Azərbaycan xalqının işğalçı qüvvələrə dözüm limiti bitib. Amma düşünmürük ki, müharibə variantı Rusiyanın köklü maraqlarına cavab versin. Ən azı, Moskva Türkiyə faktorunu göz önünə almalı olacaq. Demək, tələsmək zamanıdır.

Rusiya nəhayət, mövqeyini qətiləşdirməlidir: o, işğalçı Ermənistanın yanındadır, yoxsa beynəlxalq hüququn? Ədalətin bərpasını istəyir, yoxsa işğalın davam etməsini? Rusiyanın susmaq və laqeyd qalmaq limiti də bitib. Susmaq daha işə yaramır və indi heç vaxt olmadığı qədər təhlükəlidir. Həm də Rusiyanın özü üçün. Susmaq razılıq anlamına da gələ bilər – müharibəyə razılıq. Rusiyaya müharibə lazımdırmı?

Nəhayət, Rusiya üçün Azərbaycan və Türkiyə ilə strateji əlaqələr forpost Ermənistandan az önəm kəsb etmirsə, bu iki mühüm ölkəni o, həmişəlik itirmək istəmirsə - əminik, gerçəkdə də belədir, istəmir - o zaman Moskva imitasiya siyasətinə, Qarabağ məsələsində “balanslı” vasitəçiliyə, Güney Qafqazda müəmmalı oyuna son qoyub konfliktin həllinə real töhfə verməlidir. Sabah çox gec ola bilər. O cümlədən Rusiya üçün...
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
12-08-2020, 09:19
  


loading...
Загрузка...