reklam
» » Erməni lobbisi ABŞ Konqresində Azərbaycana məğlub oldu - işğalçıya qarşı ilk sanksiya qərarı

reklam

Erməni lobbisi ABŞ Konqresində Azərbaycana məğlub oldu - işğalçıya qarşı ilk sanksiya qərarı


ABŞ Konqresində Azərbaycan əleyhinə “daşnak”lar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısı qətiyyətlə alınıb və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlər qəbul edilib. “Yeni Müsavat” bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il olduğu kimi, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act - NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər. Sözügedən proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüb.

Qeyd edilən düzəlişlərin nəzərdən keçirilməsi məqsədilə 17 iyul tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar haqqında Komitəsinin (Committee on Rules) iclası keçirilib. Konqres üzvü Stiv Cohen tərəfindən “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

Göründüyü kimi, 99 saylı düzəlişdə əsas məqsəd Rusiyanın hərbi bazası olan Ermənistana Konqresdə əlavə təzyiqlərin yaradılmasıdır. 296 saylı düzəlişə gəldikdə isə, Konqresin Nümayəndələr Palatası Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazilərinin qeyri-qanuni işğal faktını vurğulamaqla yanaşı, işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə Departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim olunmasını nəzərdə tutur.

Erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Bred Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş “Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və Kaliforniyanı təmsil edən erməni əsilli Ceki Spiir tərəfindən “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlar üzrə paritet tətbiq edilməsi” barədə 330 saylı (məlum olduğu kimi, son iki ildə Azərbaycana bu proqram çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmamağı onların ciddi narazılığına səbəb olmuş və bu düzəliş irəli sürülmüşdü) düzəlişlər qəbul edilməyib. Beləliklə, bu uğursuzluq erməni lobbisinin və xüsusilə də Daşnaksütyun Partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olub. Konqresin Nümayəndələr Palatasında qəbul olunmuş çox önəmli bir düzəliş var". APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, bu düzəlişin müəllifləri Konqresin üzvləri Stiv Şabot və Stiv Kohendir. “Söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə Katibliyi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir. Burada vacib məqamlar hansılardır? Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. Söhbət işğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. Burada söhbət Konqresin Nümayəndələr Palatasının qəbul etdiyi düzəlişdən gedir. Proses hələ davam edir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur”, - deyə, XİN rəsmisi vurğulayıb.

Ermənipərəst Konqres üzvlərinin Azərbaycan əleyhinə irəli sürdüyü düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələrinin, hətta son dəqiqədə milyonlarla izləyicisi olan erməni əsilli “tanınmış simaların” səfərbər olunmasına baxmayaraq, sözügedən düzəlişlərin qəbul edilməməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub.

Deputat, Milli Məclisin sədr müavini Adil Əliyev sənədə operativ reaksiyasında bildirib ki, bu gündən etibarən ABŞ rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıdı. “Belə ki, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi. Düzəlişin mətnində deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Azərbaycanın (o cümlədən Ukrayna, Gürcüstan və Moldova) xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir” -vitse-spiker əlavə edib.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a dedi ki, Konqresdə ermənilərin zərərinə işləyən bir çox məqamlar var: “Birincisi, Konqres Dövlət Departamenti, ABŞ-ın müxtəlif qurumları tərəfindən tam məlumatlandırılıb ki, postsovet məkanında, ərazisində Rusiyanın hərbi bazaları olan və sərhədləri Rusiya tərəfindən müdafiə edilən, eyni zamanda hərbi sahədə çox təhlükəli, uzun müddətə nəzərdə tutulmuş ikili sazişlərə malik olan yeganə ölkə Ermənistandır. Hətta erməni lobbisinə xidmət edən konqresmenlər də bu faktın üstündən sükutla keçə bilmirlər ki, Rusiyanın forpostu rolunu oynayan ölkə ABŞ-dan hər hansı maliyyə yardımına göz dikə bilməz. Üstəlik, konkret bu fakta da diqqət yetirilir ki, postsovet məkanında baş verən münaqişələr zamanı çoxlu ölüm hadisələri olmuş və Azərbaycanın dinc sakinlərinə ən çox ziyan vuran, onların mal-mülkünü talayan, eyni zamanda mülki əhaliyə heç bir ehtiyac olmadan sui-qəsd edən erməni qüvvələri Konqres üzvləri tərəfindən məlumatlandırılıb. Müzakirələrdə postsovet məkanında ən çox itkiyə məruz qalan ölkə kimi Azərbaycanın adı çəkilib”.

Q.Hüseynli xatırlatdı ki, Konqres Azərbaycana maliyyə yardımının ayrılması ilə bağlı hələ ötən ildən qərar qəbul edib: “Ermənilər bu qərarın qarşısını almaq üçün bütün güclərini səfərbər ediblər. Amerikada təsir dairəsi geniş olan Erməni Milli Konqresini, məşhur adamları, milyonçuları cəlb etməklə ermənilər ilk dəfə olaraq Azərbaycana çox böyük məbləğdə, təxminən 120 milyon dollardan çox yardım göstərilməsinin qarşısını almaq üçün hərəkətə keçmişdilər, təəssüflər olsun ki, bir sıra konqresmenləri də ələ ala bilmişlər. Amma ABŞ siyasi rəhbərliyinin bu məsələlərə müdaxilə etməsi və Konqresi bu bölgədə baş verən hadisələrlə ciddi məlumatlandırması, üstəlik də Ermənistanın bölgədə oynadığı pozucu və təhlükəli rolu barədə geniş məlumatlandırılması, zənnimcə, Konqresdəki səsverməyə və bütövlükdə Azərbaycana maliyyə yardımının göstərilməsi haqqında qəbul edilən qətnaməyə düzəliş edilməsinə maneçilik törədib. ABŞ Konqresi, sadəcə olaraq, hələlik məlum olan faktların cüzi bir hissəsini araşdırmaqla Ermənistanın bu bölgədə nə qədər pozucu və destruktiv rol oynadığını başa düşüb, bu səbəbdən də Ermənistana maliyyə yardımının göstərilməsi dayandırılıb. Azərbaycana isə maliyyə yardımının göstərilməsinin davam etdirilməsi, həm də ilk dəfə olaraq ölkəmizə rekord miqdarda maliyyə yardımının göstərilməsi barədə qərarın qəbul edilməsi həm Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından, həm də Amerika-Azərbaycan münasibətləri baxımından prinsipial əhəmiyyətə malikdir”.

Politoloq bundan sonra proseslə bağlı geridönüşün olacağını zənn etmir: “Azərbaycan diplomatiyası fəal işləməlidir. Amerikanın siyasi rəhbərliyi Konqresə Ermənistanın Rusiyanın forpostu olması, onunla 49 illiyə hərbi saziş imzalaması, ərazisində aviasiya hərbi bazası, eləcə də Gümrüdə quru qoşunlarını - birbaşa NATO-nun əleyhinə yönəldilmiş briqadanı yerləşdirməsi, Ermənistanda yeni bir rus bazasının yerləşdirilməsi barədə danışıqların getməsi haqda məlumatlar ABŞ kəşfiyyatına da, siyasi rəhbərliyinə də məlumdur. Rusiyanın bu forpostu bölgədə həm ABŞ, həm də NATO maraqlarına qarşı mübarizənin platsdarmına, cəbhəxanasına çevrilib. Bütün bunlar elə faktlardır ki, Amerikanın milli təhlükəsizliyi, milli maraqları üçün çox ciddi və təkzibedilməz təhdidlərdir. Ağlı başında olan amerikalı bu təhdidləri gözaltı edərək erməni lobbisinin nələr vəd etməsinə baxmayaraq, özünü od-alovun içərisinə ata bilməz, bu düzəlişin ləğv edilməsinə səs verə bilməz. Bu, həmin düzəlişə səs verən adamın özü üçün siyasi qətl kimi bir şey ola bilər”.

Q.Hüseynli əmindir ki, söhbət işğalçı Ermənistana qarşı çox ciddi sanksiyadan gedir: “Söhbət təkcə ayrılan yardımın məbləğində, yaxud Ermənistana pul ayrılıb-ayrılmamasından getmir. Həm də bölgədəki hadisələrin və bu cırtdan ölkənin bölgədə NATO əleyhinə Rusiyanın ”maşa"sı, əlaltısı rolunu oynaması faktının ABŞ Konqresində, yəqin ki, növbəti addımda Senatında və siyasi rəhbərliyində bütün detalları ilə aydınlaşmasıdır. Yəni bundan sonra nələr edirlər-etsinlər, sadəcə olaraq, Ermənistanın Rusiya ilə çoxşaxəli əlaqələri, zənnimcə, ABŞ Konqresində və Senatında, ABŞ siyasi rəhbərliyində Ermənistanla bağlı ehtiyatlı davranışların formalaşmasına yardım edəcək".

“ABŞ tarixində ilk dəfə Konqresdə ermənilərə qarşı ən sərt qanun layihəsi müzakirə olunur”.

Jurnalist Elçin Alıoğlu erməni siyasi şərhçi, İrəvandakı Amerika Tədqiqatları Mərkəzinin direktoru Suren Sərkisyanın facebookdakı paylaşımına istinadən belə yazıb. O bildirib ki, mövcud durum erməni siyasi şərhçini çox narahat edib: “O, Ermənistanı, habelə bütün dünya ermənilərini, xüsusilə də ABŞ-dakı erməni diaspor təşkilatlarını qətnaməyə qarşı vahid düşərgədə çıxış etməyə çağırıb”.

Beləliklə, Ermənistanın ikili oyun oynamaq siyasəti ABŞ Konqresində iflasa uğradı. Ermənilər 1992-ci ildəki kimi, Azərbaycana qarşı sanksiya qərarını qəbul etdirmək qəsdində olduqları halda, özləri torbaya düşdülər. Rəsmi İrəvan bir tərəfdən Rusiyanın arxasında gizlənib Azərbaycana zərbələr endirmək, hətta Avropaya açılan neft-qaz kəmərlərini belə hədəfə almaq istəyirdi, həm də bölgədə böyük maraqları olan ABŞ-dan maliyyə qopartmaq niyyətindəydi. Lakin arzusu daşa dəydi. Bu, işğalçı Ermənistana qarşı ilk ciddi sanksiya kimi də qəbul oluna bilər. Amma heç şübhəsiz, erməni lobbisi yatmayacaq və növbəti cəhdlərini edəcəklər. Çünki qarşıda Senatdakı müzakirələr var... Odur ki, Azərbaycan diasporu, xarici siyasət idarəsi daha əzmlə çalışmalı olacaq...
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
22-07-2020, 09:34
  


loading...
Загрузка...