reklam
Regionxeberleri.com » Sosial » Bakı Apellyasiya Məhkəməsindən ŞİKAYƏT - 4 aydır qərar vermir...

reklam

Bakı Apellyasiya Məhkəməsindən ŞİKAYƏT - 4 aydır qərar vermir...

























 "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) və İnzibati Prosessual Məcəlləsinin (İPM) tələblərinə görə, məhkəmə sənədləri müəyyən olunmuş prosessual müddətdə rəsmi qaydada verilməlilidir. MPM-in 266.1 maddəsinə əsasən, məhkəmə qərardadları çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlilidir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Məhkəmə qərarlarının və qətnamələrinin verilməsi də rəsmi qaydada MPM-in tələblərinə uyğun olaraq həyata keçirilir və 3-10 gün müddətində “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada işdə iştirak edən şəxslərə sifarişli məktubla poçt qəbzinə imza atdırmaqla verilir. Dİ gəl, nə birinci , nə də apellyasiya və kassasiya instansiyasında bu tələblərə əməl edilir. Məhkəmə sənədlərinin verilməsi günlərlə yox, aylarla, illərlə ölçülür və ümumiyyətlə, verilməsindən imtina olunur. Məhkəmə Hüquq Şurasına, hüquq (müdafiə) qurumlarına şikayətlər də səmərə vermir, elə bil, məhkəmə instansiyalarının özlərinin özəl məcəllələri var!?

Bizi “barıtı çox etməkdə” suçlayanlara Ali Məhkəmənin Ağsu RİH və digərlərinə qarşı 17.03.2020 tarixli gizlin çıxardığı qərarını 2 ilə yaxındır rəsmi qaydada verməkdən imtinasını vurğulayaq. Rəsmi verilməsə də, çoxsaylı şikayətlərdən sonra 15.03.2021-ci il tarixdə elektron qaydada verilən bu qərardan fərqli olaraq, DİN-Ə qarşı 12.02.2020 tarixli kassasiyanın mümkün sayılmaması haqqında qərardadın heç elektron qaydada verilməsindən də 22 aydır imtina edilir. 2 il qabağa gedib, “köhnə palan içi sökməyək” , məhkəmələrin qeyri-prosessual peşəkarlığı sayəsində 2 aydır “qatı açılmayan” qəttəzə “palan içi”nə nə gəlib? Ali Məhkəmənin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Səyyad Kərimov, hakimlər Rahib Nəbizadə və Zakir Quliyev ) DİN-ə qarşı 06.10.2021 tarixli Şəki İnzibati-İqtisadi Məhkəməsinin (h. İlqar Cabbarov ) saxta qərardadını Konstitusiya aktı kimi qəbul edib, məhkəmə təminatı hüququna qadağa qoyan “ali” qərarı hələ də verilməyib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova isə 14.04.2021 tarixli qərardadını 7 ay yarımdır verməkdən imtina edir , amma gizlin ayrılan vəkil şikayəti yazıb və vurğuladığımız kimi, bu şikayət üzrə 06.10.2021 tarixli qərar verilmir. Bakı Apellyasiya Məhkəməsinin sədri Afaq Nuriyeva olan Səadət Bəktaşi və Azər Hüseynovdan ibarət üçlüyü də “daxili məcəllə”yə uyğun olaraq, 06.08.2021 tarixli qərardad(lar)ını 4 aydır verməkdən imtina edir. Yenə da “özəl prosessual məcəllə” tətbiq olunub və ayrılan vəkil qərarla tanışlıq sonucunda şikayəti yazıb. Hazırda şikayətin Ali Məhkəmənin icraatında olduğu bildirilib. Səadət Bəktaşinin sədri olduğu, əvvəllər işin baxılmasında iştirak edən Aida Hüseynin tərkib üzvü olduğu heyət isə Qarabağ qazisi Xaliq Abbaszadənin ƏƏSMN tabeliyindəki DSMF-ə qarşı iddiası üzrə 03.08.2021 tarixli qərarını 4 aydır verməkdən imtina edir. Çoxsaylı şikayətlərə baxmayaraq, dələduzluqla və məhkəmə təminatsızlığı ilə pensiyası yarıqat edilən qazi qeyri-prosessual məcəllə ilə kassasiya şikayəti hüququndan da məhrum edilib. Ali Məhkəmənin hakimi Elşad Şamayevin Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi 3 ildir 3-cü şəxs Qarabağ qazisinə vəkil ayırmaqdan imtinası və 3 ildən sonra ərizəyə baxılaraq vəkil ayrılmasından imtina etməsi isə qeyri-prosessuallığın zirvəsi sayıla bilər. 9 saylı vəkil bürosunun sədri Eldar Əliyarov məhkəməyə vəkillik edərək 3 il qabaq vəkil ayrıldığını, amma telefona cavab verilmədiyindən (?) şikayətin yazılmadığını bildirib. Yəqin, şikayətin telefonla yazılması da Bakı Apellyasiya Məhkəməsinin və Vəkillər Kollegiyasının özəl məcəlləsində doğrulanıb. (?)

Birinci instansiya məhkəmələrinin özbaşınalığından heç danışmağa dəyməz. Təsəvvür edin, Yasamal məhkəməsi 3-cü şəxs Təhsil Nazirliyi olmaqla BDU-ya qarşı “təhsil hüququna qadağa qoyulması nəticəsində pozulmuş hüquqların bərpası” tələbi ilə Qarabağ qazisinin 21.04.2021 tarixli iddiasına 7 aydan çoxdur baxmır. Şikayətlərin sonucunda 6 ay dan sonra anonim məhkəmə işçisi 08.05.2021 tarixli qərardadla iddia ərizəsinin icraata qəbulundan imtina edildiyini elektron qaydada bildirib. Hələ də bu qərardad da verilmir və anonim qərardaddan verilən şikayətə də baxılmasından soraq yoxdur.

Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətlinin “Azəriqaz”a qarşı 15.05.2020 tarixli müvəqqəti xarakterli müdafiə tədbiri kimi iddianın təmin edilməsindən imtina barədə qərardadı da həmin gün verilməli olduğu halda, 1, 5 ildir verilmir. 17.06.2020 tarixli qazdan istifadə etməyə qadağa qoyan qərar da eləcə Sabunçu məhkəməsindən ezam olunmaqla ləğv edilmiş qərardadı üzrə işə hakim “sırınan” (başqa ifadə mümkün deyil -M. B ) Rüstəm Kərimli də Nərimanov bələdiyyəsindən götürdüyü qeyri-prosessual öhdəliyi elə can – başla yerinə yetirir ki, gizlətdiyi işi hələ də “tapıb” sifarişli poçtla göndərməkdə acizdir.

Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun -Konstitusiyanın 125-ci maddəsində məhkəmə hakimiyyətini Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, apellyasiya və birinci instansiya məhkəmələrinin həyata keçirmələri doğrulanıb. Birinci instansiya qərarını vermirsə, apellyasiya hüququ, apellyasiya instansiyası vermirsə, kassasiya hüququ, kassasiya instansiyası vermirsə, Konstitusiya ( Konstitusiya Məhkəməsinə müraciət etmək ) hüququ, bütövlükdə məhkəmə təminatı hüququ pozulur. Bu pozuntunun aradan qaldırılması isə dövlətin üzərinə düşür. Ana Qanunun 12-ci maddəsinə görə, DÖVLƏTİN ALİ MƏQSƏDİ İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQ VƏ AZADLIQLARINI QORUMAQ, AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ LAYİQLİ HƏYAT SƏVİYYƏSİNİ TƏMİN ETMƏKDİR".





Paylaş:


Müəllif : Tarix:
25-11-2021, 09:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər