reklam
Regionxeberleri.com » Sosial » Müəllim və şagirdlərə GÜZƏŞT OLUNACAQ? - "Təklif yaxşı səslənir, amma..."

reklam

Müəllim və şagirdlərə GÜZƏŞT OLUNACAQ? - "Təklif yaxşı səslənir, amma..."















“Bu gün sevindirici haldır ki, orta və ali təhsil müəssisələrimizdə tədris üçün gərəkli olan bütün müasir texnologiyalar əlçatandır. Amma unutmamalıyıq ki, elm və texnologiya sürətlə dəyişir və inkişaf edir. Bu dəyişikliklərə uyğunlaşmaq və yeni avadanlıqların davamlı təczihatı üçün Təhsil Nazirliyinə xüsusi vəsait ayrılmalıdır”. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin dünən keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, artıq ictimai nəqliyyat vasitələrinin əksəriyyətində ödəniş nağdsız-kart sisteminə keçirilir: “Təklif edirəm ki, bu fürsətdən istifadə edərək ictimai nəqliyyatdan istifadə zamanı tələbə və şagirdlərə, müəllimlərə müəyyən güzəştlər edilsin. Hətta şəhid ailələri və qazilər üçün də ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər tətbiq edilməsi sevindirici hal olar. Bu təcrübə bir çox ölkələrdə uğurla həyata keçirilir”.

Deputatın təklifini dəyərləndirən təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında deyib ki, bütün dünya ölkələrində xarici və yerli tələbələri cəlb etmək üçün kampaniyalar, güzəştlər tətbiq edilir. Ekspert qeyd edib ki, təəssüf ki, Azərbaycanda təhsil alan tələbələrə hansısa güzəştlər tətbiq edilmir:

“Halbuki, dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir. Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir. Bir neçə il əvvəl tələbə kartı adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Bu, şəbəkə biznesi adlanan sistemdir. Məsələn, Türkiyədə bu sistem var və bütün tələbələrə "Yaşıl kart” verilir. Hətta qardaş Türkiyədə tələbələrə verilən yaşıl kart vasitəsilə onlar böyük əhəmiyyət kəsb edəcək dərəcədə güzəştlərə sahibdir. Onlar tələbə olduqları müddətdə adi vətəndaşlarla müqayisədə 80-90 faiz endirimlər əldə edirlər. Bu güzəştlərə ictimai nəqliyyatda və s. yerlərdə endirimlər daxildir”.

Təhsil eksperti Azərbaycanda bunun tətbiqinin yaxşı səsləndiyini deyib, lakin onun reallaşacağına inanmır:

“Çünki bu addım dövlət tərəfindən atılmalıdır. Bütün baza dövlət tərəfindən planlaşdırılıb, tənzimlənir. Həmin kartların bu sistemə daxil edilməsi uzun proses olacaq. Təəssüf ki, həyata keçirilən belə tədbirlər regionlarda yerləşən ali məktəb, peşə-ixtisas təhsili məktəblərinə şamil edilmir. Tələbə güzəşti dedikdə orta məktəbi bitirmiş, ondan sonrakı pillədə təhsil alan bütün şəxslərə şamil olunmalıdır. Amma Bakıda universitet tələbələrinə şamil edilməsi belə layihələrin çatışmazlığıdır. Sözsüz ki, belə tədbirlər olsa, çox müsbət addım olar. Tələbələr maddi baxımdan elə də təminatlı deyillər. Bu gün Azərbaycanda 54 ali təhsil müəssisəsində 165 min tələbə təhsil alır. Onların 130 mini isə ödənişli oxuyur. Bu 70 faizdən çox tələbənin illik xərcləri kifayət qədər çoxdur. Ona görə hesab edirəm ki, tələbələri bütünlüklə, Naxçıvan, Qazaxa, Lənkəran və paytaxta qədər bütün ali təhsil müəssisələrini əhatə edəcək layihə işlənməlidir. Bu tələbə kartları yalnız Bakını əhatə edəcəksə, məhdud marşrut xətlərinə, mağazalara aid olacaqsa, heç başlamasınlar. Görüntü xətrinə layihə həyata keçirmək lazım deyil, artıq yetər”.




Paylaş:


Müəllif : Tarix:
25-11-2021, 09:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər