reklam
» » Xaçmazda tarixi araşdırmanı "dondurublar": - jurnalist səfirdən cavab gözləyir

reklam

Xaçmazda tarixi araşdırmanı "dondurublar": - jurnalist səfirdən cavab gözləyir



Bir neçə il öncə Xaçmazın Pirquluoba kəndində türk əsgərlərinə aid məzarlığın olduğu haqqında məlumat vermişdik. Burada tapılan məzarların 1918-ci ildə baş verən qanlı tarixi hadisələrdə şəhid olan türk əsgərlərinin məzarları olduğu ehtimal olunurdu. Məsələ ilə Türkiyənin Bursa Uludağ Universitetinin tarix fakültəsinin rəhbəri Seyfeddin Buntürk və Universitetin digər tarixşünas alimləri də maraqlanmışdılar.

Onlar bu araşdırmanın davam etdirilməsində maraqlı olduqlarını və araşdırmanın dövlət səviyyəsində aparılması üçün lazımi instansiyalara məlumat verəcəklərini bildirmişdilər. Təəssüf ki, hələ də bu məsələ tam həllini tapmayıb.

Məzarlıq barədə ilk dəfə 2017-ci ilin iyun ayında bioloq-alim Dilşad Bayramova məlumat verib.

Dilşad Bayramova Sputnik Azərbaycan-a müsahibəsində Xaçmazın Qoçaqlı kəndində meyvə sortlarının genofondunu öyrənmək üçün araşdırma apararkən ona bu haqda kənd sakinlərinin məlumat verdiklərini deyib.

“Biz meyvə sortlarının genofondunu öyrənmək üçün araşdırma aparan zaman kənd sakinləri belə qəbirlərin olması haqda məlumat verdilər. Kənd sakinlərinin müraciəti və Xaçmaz İcra Hakimiyyətinin rəsmi məktubu əsasında 2018-ci ilin iyul ayında Pirquluoba məzarlığında arxeoloji araşdırma başladıldı və İnstitutun şöbə müdiri Qəhrəman Ağayev məzarlıqdakı sümük nümunələrini tibbi ekspertizaya göndərdi.

Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində müayinə edilən sümüklərin təxminən bir əsr əvvələ aid olduğu aşkarlandı. Həmin sümüklərin 17-25 yaş arası insanlara məxsus olması təsdiqləndi”, - D.Bayramova söyləyib.

Bu tapıntını ilk dəfə mediada işıqlandıran tanınmış jurnalist Aytəkin Alxaslı da Qəhrəman Ağayevlə birlikdə bu araşdırmanın sona qədər getməsi üçün əlindən gələni edirlər. Hətta A.Alxaslı Türkiyə səfiri Cahit Bağçının Qubaya səfəri zamanı ona yaxınlaşaraq bu türk məzarlığı haqqında məlumat vermiş və tez bir zamanda məzarlıqla tanış olub, araşdırmanın sona qədər aparılması üçün müraciət etmişdi.

“Bu məsələni ilk işıqlandıran mən oldum. Çünki bu o qədər maraqlı, ciddi və həssas mövzudur ki, mütləq lazımi şəkildə araşdırılmalıdır.

Əfsuslar olsun ki, hazırda məzarlıqda arxeoloji qazıntılar davam etdirilmir, işlər dondurulub. Kənd sakinləri də bu tarixi məkanda tədqiqatların tezliklə başlanılmasını səbirsizliklə gözləyirlər. Çünki bura Azərbaycan tarixinə öz xüsusi töhfəsini verə biləcək əbədi məzarlıqdır.

Məsələ ilə bağlı əlimdən gələni edirəm. 10 may 2021-ci ildə Qubada Türkiyə qardaşlığına həsr olunmuş dostluq parkının açılışı oldu. Buraya Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı da təşrif buyurmuşdu. Bu mövzu mənə doğma olduğundan heç nəyi düşünmədən səfirin qarşısına keçib məzarlıq haqqında məlumatlandırdım. Mən bununla bağlı nə köməklik lazımsa, əlimdən gələni əsirgəməyəcəyimi bildirdim. Və hələ də cənab səfirdən bir xəbər gözləyirəm.
Bundan başqa, məsələ ilə əlaqədar Xaçmaz İH başçısı Elnur Rzayevlə görüşdük. Elnur müəllim səlahiyyətləri daxilində burada genişmiqyaslı arxeoloji araşdırmaların aparılması üçün köməklik edəcəyinə söz verdi. Və ümid edirəm ki, mənim müraciətimə həm icra başçısı, həm də səfir tərəfindən adekvat cavab veriləcək”, - Aytəkin Alxaslı deyib.

Azərbaycan-Türkiyənin qardaşlığına əyani tarixi nümunə olan Pirquluoba kəndindəki qanlı tarixin geniş tədqiq edilməsinə ciddi ehtiyac var və tezliklə bununla bağlı maraqlı xəbərlər paylaşacağımıza ümid edirik.


Paylaş:


Müəllif : Tarix:
15-09-2021, 13:49
  


loading...
Загрузка...