reklam
» » Ağstafa başçısının Mehdiyev yolu - İTTİHAM

reklam

Ağstafa başçısının Mehdiyev yolu - İTTİHAM



Prezident gənc nəsilə idarəetmədə iştirak fürsəti verəndə və etimad göstərəndə ictimaiyyət tərəfindən alqışlanan bu gəncləşdirmə siyasətindən ciddi gözləntilər varıydı.
Köhnə nomenklaturanın idarəçilikdən kənarlaşdırılması ilə ənənəvi yanaşmanın dəyişəcəyi, özbaşınalıqların və qanunsuzluqların, bürokratiyanın aradan qaldırılacağı proqnozlaşdırılırdı.

Eyni zamanda vətəndaşlarla ünsiyyət qurulmasında, onların problemlərini dinləməkdə gənc kadrların daha həssas olacağı, korrupsiyaya bulaşmayacağı deyilirdi.
GundemXeber.Az bildirir ki, son dövrlər təkcə Ağstafa rayonu ilə bağlı apardığımız araşdırmalar, gələn məlumatlar və şikayətlər gənc bir rəhbərin necə “idarə etdiyini”, onu potensialını çılpaqlıqla ortaya qoyur.
Məlum olur ki, prezidentin etimad göstərdiyi gənc kadr - Ağstafanın icra başçısı Seymur Orucovun rəhbərliyi altında yaxşılığa doğru heç bir tendensiya müşahidə olunmur. Rayonda köhnədən qalan nə kimi problemlər, qanunsuzluqlar varsa, artıb ki, azalmayıb.
S.Orucov elə bir siyasi kurs götürməliydi ki, rayonda qanunu pozan, saxtakarlıqlara yol verən, əli əyri məmurları işdən çıxarmalı, onlarla işləməkdən imtina etməliydi. Bununla həm Ağstafa camaatına, həm ölkə rəhbərliyinə öz idarəçilik yanaşmasını nümayiş etdirməli, göstərməliydi ki, rayonda hansı qayda-qanun yaratmağa hazırlaşır.
Amma gənc icra başçısı elə bir yol seçdi ki, rayonun bütün əli rüşvətə, çirkin işlərə bulaşmış icra nümayəndələrini vəzifədə saxladı, onlarla işləməyə üstünlük verdi.
Gələn xəbərlərə görə, onlardan biri Ağstafanın Qıraq Kəsəmənli icra nümayəndəsi Nurəddin Yaqubəliyevdir. Onun adı ən müxtəlif qeyri-qanuni işlərdə, torpaqları zəbt etməkdə hallanır. Və belə bir kadrla icra başçısı işləməyə davam edir. S.Orucovun N.Yaqubəliyevi icra nümayəndəsi vəzifəsində saxlamağa üstünlük verməsinin səbəbi nədir və maraq nədən ibarətdir?
Əldə etdiyimiz bilgilərə görə, icra nümayəndəsi öz işi ilə məşğul olmaq yerinə torpaqları zəbt etməklə, dövlətdən 14 min manat subsidiya alaraq taxıl əkməklə məşğuldur. Onun 70 hektar ərazini zəbt etdiyi bildirilir.
İcra nümayəndəsi müqavilələri atasının adına rəsmiləşdirib. Bu özbaşınalıqlara yol verən Yaqubəliyevə icra başçısı tərəfindən “gözün üstə qaşın var” deyilmir. Hətta onunla bağlı məhkəmə işləri olub, yenə də icra nümayəndəsi özünü ağa kimi apararaq “təmiz” çıxmağa çalışıb.
Bildirilir ki, Yaqubəliyev keçmiş icra başçısının həbs edilən müavini Ramiz Tatarov işi üzrə ifadə verib. Gələn informasiyalarda deyilir ki, özü məsuliyyətə cəlb edilməli olan məmur başqa korrupsiya işində dindirilir.
Onunla çəkişməsi olan sakinlərdən biri də Aşağı Kəsəmənli kənd sakini Vedilov Saqifdir. Kənd sakini bildirir ki, icra nümayəndəsinin torpaqları zəbt etməsi ilə bağlı şikayətlər olub.
Hətta vətəndaşlar icra başçısının qəbuluna gediblər, S.Orucov isə öz növbəsində onları yola verib, “gələn il baxarıq” söyləyib. Müəmmalıdır ki, gənc İH rəhbərini Yaqubəliyevlə işləməyə nə vadar edir? Nə üçün onun torpaqları ələ keçirməsinə göz yumur?
Üstəlik, mediada gəzən xəbərlərdə deyilir ki, icra nümayəndəsinin ali təhsili yoxdur, diplomu isə saxtadır. Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev vəzifədə olduğu dönəmdə həmin icra nümayəndəsinin diplomunun saxta olması məsələsini qaldırmışdı.
Artıq Yaqubəliyevin vəzifədən azad olunacağına hazırlıq gedirdi, sadəcə, zaman möhlət vermədi, N.Quliyev işindən həbs olundu.
Ondan sonra şübhəsiz ki, bu faktı nəzarətə götürməli olan yeni icra başçısı S.Orucov onu yola salmalıydı. Amma göründüyü kimi, torpaqları ələ keçirən məmur işinin başındadır.
GundemXeber.Az məlumat verir ki, bircə bu fakt Ağstafa İH rəhbərinin idarəetmə metodunun nədən ibarət olduğunu sübut edir. N.Yaqubəliyev 2010-cu ildən bu vəzifədə işləyir.
Ötən dövrdə çıxartmadığı “oyun”, yol vermədiyi saxtakarlıq qalmayıb. Demək olar o, rəhbərlik etdiyi idarəni şəxsi obyektinə çevirib. Burada qohumlarından, yaxın tanışlarından ibarət “ölü canlar” saxlayır.
Onun adı kənddə sosial müavinət düzəltməkdə belə keçir. Xəbər verilir ki, S.Orucovun komandası bu cür kadrlardan təşəkkül tapıb və belə gedişlə Ağstafada heç bir inkişaf getməyəcək.
Ümumiyyətlə, Ağstafanın icra başçısı rayondakı problemlərə laqeyd, səhlənkar yanaşır. Məsələn, Ağstafa Rayonu İcra Hakmiyyətinin nəzdində olan Ağstafa Mərkəzi stadionu bərbad vəziyyətdədir.
Sabiq icra başçı Məhərrəm Quliyevin dövründə yəni, 2019-cu ildə stadionun 2 meydançası təmir adı ilə sökülüb. Hazırda da stadionun meydançaları təmir olunmur, ətraf məkan çirkab içərisindədir.
Şəhər sakinləri bildirib ki, məsələ ilə bağlı yeni icra başçısı Seymur Orucova müraciət etsələr də, şikayətə baxan olmayıb. Orucov deyib ki, bu məsələ qabaqkı icra başçısının vaxtında olub, mənə dəxli yoxdur.
Çox maraqlıdır ki, özünü bir neçə əcnəbi dildə danışan adam kimi göstərib ancaq ingilis dilini bilməyən, “xaricdə təcrübə keçən'”, dissertasiya müdafiə edən Orucov bilmir ki, dövlət idarəetməsində “məndən qabaq, məndən sonra“ yoxdur?! Bütün baş verənlərə görə, dövlət və dövlətin təmsilçisi məsuliyyət daşıyır.
İcra başçısı Prezidentin rayondakı nümayəndəsi olaraq bütün problemlərlə bağlı dərhal məlumat verməli və məsələnin həlli üçün çıxış yollarını göstərməlidir.
Bəs bu yanaşmanı ona Həmkarlar İttifaqının sədri olan dayısı Səttar Mehbalıyev, yoxsa qaynatası Şəmsəddin Hacıyev öyrədib?
Axı gəncləri icra başçısı təyin edəndə Prezident izah eləmişdi ki, xalqın xidmətçisi kimi vətəndaşlara qulluq edin. S.Orucov isə başçılıq etdiyi rayonda 1 həftə dayana bilmir, iki gündən bir Bakıya qaçır.
Ümumən Ağstafanın icra başçısı kadr seçimində səhvə yol verir. Bu da təsdiqləyir ki, S.Orucov səriştəsiz, idarəçilikdə elementar biliklərə yiyələnməmiş kadrdır.
Gələn xəbərlərə görə, bu işdə İH-nin kadrlar şöbəsi müdiri İlqar Hacıyev fəaldır. İddialar səslənir ki, sui-istifadəçiliklə məşğuldur, bütün “işlər” onun əli ilə icra olunur.
Deyilənlərə görə, Ağstafa İH-nin həbsdə olan keçmiş müavini Ramiz Tatarovun kadrı hesab edilən İlqar Hacıyev onun sayəsində yaxşı “təcrübəyə” yiyələnib.
Eyni zamanda, onu icra başçısı Seymur Orucov üçün əhəmiyyətli edən faktor qohumluq əlaqələridir. Qohumluq gənc başçı üçün daha vacib imiş.
Bundan əlavə, Ağstafa İH-də Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vüqar Tağıyevin də adı qeyri-rəsmi məsələlərdə çəkilir. Bu iddialarla bağlı adı keçən tərəflərin mövqeyini dinləməyə hazırıq.

GundemXeber.Az


Paylaş:


Müəllif : Tarix:
12-04-2021, 18:33
  


loading...
Загрузка...