reklam
» » "Bu qədər pulu hardan, kimdən alım?.." - GİLEY

reklam

"Bu qədər pulu hardan, kimdən alım?.." - GİLEY



“Fərdi yaşayış evimə qaz xəttinin çəkilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdim. Qurumun Namiq adlı əməkdaşı bunun üçün “ASAN Kommunal”a 262 manat rüsum ödəməli olduğumu dedi. Üstəlik, bildirdi ki, qaz borularının alınması və çəkilməsi xərci də (200 AZN) vətəndaşın hesabınadır”.

Bunu AYNA-ya müraciətində vətəndaş Rəmziyyə Kərimova söyləyib. Dediyinə görə, yollanıb “ASAN Kommunal”a və oradakı “Azəriqaz” əməkdaşlarına yaxınlaşaraq rüsumla bağlı məlumat öyrənməyə çalışıb: “Əməkdaş bildirdi ki, həmin məbləğ vətəndaş üçün ayrılan sayğacın abunə kodu üçün ödənilir. Mənim isə 55 yaşım var. Pensiya yaşım deyil, heç bir yerdə işləmirəm. Bu qədər pulu hardan, kimdən alım? Bu gün də qaynımın evinin qaz xəttindən istifadə edirəm. Qaynımın evi də daxil olmaqla, bütün ərazi sakinlərinin fərdi yaşayış evlərinə qaz xətti heç bir məbləğ ödənilmədən çəkilib. Bəs, məndən niyə bu qədər pul tələb edilər?”.

Məsələ ilə bağlı ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev AYNA-ya deyib ki, bu rüsumu tələb edən “ASAN Kommunal” deyil, “Azəriqaz” İstehsalat Birliyidir: “ASAN Xidmətin nə qaz mütəxəssisi var, nə də onu müəyyənləşdirəcək əməkdaşı. Yox, əgər vətəndaş düşünürsə ki, burada rüşvət halı var, o zaman birbaşa 108 “Çağrı Mərkəzi”nə zəng etsin və bildirsin ki, məndən bu qədər vəsait tələb edirlər. O zaman daha dəqiq bilinəcək ki, bu, rüşvət halıdır, yoxsa belə bir rüsum həqiqətən var. Çox güman ki, bu, hansısa rüsumdur, çünki indi hansı dövrdür ki, kimsə rüşvət tələb etsin? İstənilən halda prosesi həyata keçirən “Azəriqaz” İstehsalat Birliyi olduğu üçün ən dəqiq cavabı onlar deyə bilər”.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov AYNA-ya açıqlamasında bildirib ki, sözügedən məbləğ “Azəriqaz” tərəfindən tələb edilmir: “Həmin ödəniş podratçı ilə vətəndaş arasında olan ödənişdir. Sözügedən məbləğ dövlət rüsumu deyil. Bununla bağlı məsul şəxsimiz KİV-də dəfələrlə məlumat verib ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən heç bir dövlət rüsumu tələb olunmur. Ola bilsin ki, əməkdaşımız düzgün izah edə bilməyib. Vətəndaşlar “ASAN Kommunal” mərkəzlərinə müraciət edirlər, podratçı təşkilatı seçirlər. Orda isə necə seçilməli olduğunu vətəndaşa izah edirlər. Podratçılar da bizə aidiyyəti olmayan, tamam başqa təşkilatlardan olan qurumlardır. Həmin təşkilatlar qanuni liseynziyalar götürürlər və fəaliyyət göstərirlər. Ödənişlər isə yalnız podratçı ilə olan münasibətlər əsasındadır”.

Qurumun sözçüsü əlavə edib ki, əgər həmin ərazidə küçə xətti yoxdursa, küçə xəttinin çəkilməsi üçün texniki şərt tələb olunur: “O texniki şərtin verilməsi isə pulsuz olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilir. Əgər küçə xətti mövcuddursa, hər hansı küçə xəttinə bağlayırlar və əlavə heç bir iş lazım deyil. Bu zaman vətəndaş yalnız “ASAN Kommunal”a müraciət edir, podratçı seçimini edir, daha sonra bizim əmkdaşlarımız da yerinə baxış keçirdikdən sonra podratçı onun layihəsini işləyir, sənədlərini hazırlayır və sair”.

“Vətəndaş öz hesabına hansı ödənişləri həyata keçirdiyindən, aldığı materiallardan asılı olaraq qazlaşdırmanı fərdi şəkildə icra etdikdən sonra, yalnız sayğacı bu halda pulsuz olaraq veririk. Biz sayğacı podratçıya pulsuz veririk. Ən sonda çəkilişin düzgün icra olunduğuna nəzər yetirməklə - əgər bütün layihə şərtləri pozulmadan, texniki təhlükəsizilik məsələləri gözlənilən şəkildə iş icra olunubsa, biz vətəndaş üçün qazın alqı-satqısı müqaviləsini bağlayıb, qaz açılışını təmin edirik”, - deyə Səfərov vurğulayıb.

Podraçtının kimliyinə və qazandığı vəsaitin hansı büdcəyə daxil olması məsələsinə gəldikdə, “Azəriqaz” rəsmisi qeyd edib ki, bu, “Azəriqaz” İstehsalat Birliyinin baş podraçtı idarəsidir: ““Azəriqaz” İstehsalat Birliyi yalnız sayğacı pulsuz verir. Ödəniləcək məbləğ işlərin görülməsi, layihə smeta xətlərinin hazırlanması üçün ayrılan dövlət rüsmudur”.

Buradan belə çıxır ki, sözügedən rüsum birbaşa “Azəriqaz” tərəfindən deyil, onun baş podratçı idarəsi tərəfindən tələb olunur – aradakı fərq diqqətçəkicidir. Və əsas məsələ: vətəndaşın 262 manatı yoxdursa, o, ya soyuqdan donmalı, ya da qohum-qonşuya möhtac qalmalıdır.


Paylaş:


Müəllif : Tarix:
7-04-2021, 16:21
  


loading...
Загрузка...