reklam
» » "Mübariz Postu" necə alındı? – "Yüksəklik alınmışdı ki, qəfil düşmən…"

reklam

"Mübariz Postu" necə alındı? – "Yüksəklik alınmışdı ki, qəfil düşmən…"


"Mübariz Postu"nun alınması ilə bağlı hərbi bloger Tofiq Şahmuradov döyüşdə iştirak edən qazilərin danışığı əsasında ətraflı yazı yazıb.
Regionxeberleri.com Yeniavaz.com-a istinadən həmin yazını təqdim edir:
“Son vaxtlar müharibə mövzusundan, bu söz-söhbətlərdən uzaq durmağa çalışıram. Bir əsgərin həqiqətə uyğun olmayan sözlərindən sonra o döyüşdə olan dostların xahişi ilə istəyirəm o döyüşə aydınlıq gətirim.
Mübariz İbrahimovun şəhid olduğu yer “457 yüksəkliyi” adlanır. Tərtər rayonu ərazisində yerləşir.
Həmin yüksəkliklə üzbəüz olan bizim post Milli Qəhrəman Mübariz İbrahimovun, “457 yüksəkliyi” də ermənilərin “milli qəhrəman”ın adına idi.
Yüksəkliyin əhəmiyyəti hər iki tərəf üçün çox önəmli idi, çünki illərdir həm ermənilər, həm də biz orada 1 bölük qüvvə saxlamışıq. Ermənilər o yüksəklikdə 1 bölükdən əlavə 1 kəşfiyyat tağımı da saxlayırdı.
O yüksəklik alınandan sonra, mən ilk dəfə orada gördüm ki, düşmən kazarmadan beton “nastil”lərin altı ilə atəş mövqelərinə birbaşa çıxa bilirdi, həmin yerdə elektron idarə edilən PKT pulemyotları var idi, postun özünün 120-lik mina atanları var idi.
Ermənilər üçün o yüksəklik hərbi strateji baxımdan çox mənəvi baxımdan əhəmiyyətli idi. O yüksəklikdə yaratdıqları müdafiə istehkamına başqa heç yerdə rast gəlmədim.
Yüksəkliyin alınması üçün Bərdə korpusunun Əlahiddə kəşfiyyat taboru tapşırıq aldı.
Səhv etmirəmsə oktyabrın 2-si səhər saat 07:00-də ağır artilleriya bombardmanından sonra kəşfiyyatçılarımız döyüşə girdi, təqribən döyüş 30 dəqiqə idi ki, davam edirdi, ermənilərin çox güclü müqaviməti var idi, həm də düşmənə arxadan əlavə kömək də gəlirdi. Vəziyyət artıq düşmənin xeyrinə dəyişirdi. Yaralı və şəhidimiz var idi.
Kəşfiyyat rəisi Nəsimi Şıxəliyev də 482 yüksəkliyində döyüşü idarə edirdi. Çox çətin vəziyyətdə, çünki düşmən 951 yüksəkliyindən ora dayanmadan top və Faqotdan atırdı.
Nəsimi Şıxəliyev korpus komandirinə məruzə etdi ki vəziyyət pisdi, ermənilər yeni qüvvə gətirirlər oranı TOS-1 ilə vurmaq lazımdı. Korpus komandiri də əmr etdi ki, vurulsun. Artilleriya rəisi dedi ki, o atəş aça bilməz: “Qüvvəni çıxardın arxaya, təhlükəsizlik məsafəsi 800 metr olmalıdır minumum. Mən bu yaşımda gedib türmədə yatası deyiləm. Çəkilsinlər arxaya vurum”.
Bir az mübahisədən sonra Nəsimi Şıxəliyev dedi ki, vur, mən çəkirəm qüvvələri arxaya. Həmin yer 20 dəqiqə sonra TOS-1 ilə Mayor Bağıyev Mirdamətin heyəti tərəfindən vuruldu. Vurulan kimi uşaqlar 15 saniyə keçmədi girdilər ermənilər səngərlərinə, 24 nəfər idilər ümumilikdə.
Hər şey əla idi. İlk görünüşdə, demək olar yüksəklik alınıb. Qəfil ermənilərin təqribən 60 nəfərlik qüvvəsi arxadan uşaqların qabağına çıxdılar. Uşaqlar demək olar mühasirəyə düşdülər. Həmən kritik məqamda Ağdam N saylı briqadanın kəşfiyyat bölüyü də özünü çatdırdı, girdilər döyüşə, saat 17:30 idi hələ orada yaxın məsafədə döyüş gedirdi. Ermənilər ciddi itki verdikdən sonra başladılar üzü aşağı qaçmağa. Yüksəkliyin arxasında KaMAZ-a doluşdular, bir az aralanmışdılar ki, KaMAZ içi dolu şəxsi heyətlə qalxdı göyə. 482 yüksəkliyindən “Spike” heyəti KaMAZ-ı vurdu. KaMAZ-ı vuran oğlanın adı Nurlan idi familiyası yadımda deyil.
Ermənilər orda ümumilikdə 100 yaxın itki verdilər və ondan sonra həmin yüksəklik alındı.
Oranı da Tərtər Əlahiddə kəşfiyyat taboru alıb birmənalı şəkildə. Ağdam kəşfiyyatının uşaqları da iştirak edib onlarında zəhməti var.
Mən bu döyüşə şəxsən şahidlik etmişəm, gözümün qabağında olub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Həmin yüksəkliyə də bayrağı döyüşdən sonra Mayor Musayev Rauf sancıb, Musayev Rauf o döyüşdə iştirak etməsə də 2016-cı ilin aprel döyüşlərində 457-ni alan kəşfiyyat taborunun bölük komandiri kimi həmin yüksəklikdə ağır yaralanmışdı.
Qazilərimizə can sağlığı, şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.


Paylaş:


Müəllif : Tarix:
13-01-2021, 13:49
  


loading...
Загрузка...