reklam
» » Vətən müharibəsinin həkim qazisi belində 7 mm yırtıqla gəzir: - “Bu qədər işin içində mənim arxamca düşəsi deyillər ki…”

reklam

Vətən müharibəsinin həkim qazisi belində 7 mm yırtıqla gəzir: - “Bu qədər işin içində mənim arxamca düşəsi deyillər ki…”

44 günlük şanlı tariximizi öz qanı-canı bahasına yazan igidlərimiz hər kəsin qəhrəmanına çevrilib.

Onlardan biri də Füzuli döyüşlərində belindən mərmi yarası almış Şamaxı sakini, həkim Nazim Muradovdur. Nazim Muradov 1988-ci il avqustun 1-də Şamaxıda anadan olub. Orta məktəbi rayonda bitirəndən sonra Azərbaycan Tibb Universitetinin stomatalogiya fakültəsinə qəbul olunub. Universiteti bitirəndən könüllü olaraq hərbi xidmətə gedib. Hərbi xidməti başa vurandan sonra isə doğulduğu rayonda stomatoloq-həkim kimi fəaliyyət göstərməyə başlayib. Evlidir və iki övlad atasıdır.
“Polad Həşimovu eşidəndə havalandım...”

Cebhe.info qazimizin evində onunla həmsöhbət olub.

Nazim Muradovun sözlərinə görə, iyul hadisələrindən sonra orduya könüllü yazılıb:

"Hər an döyüşmək və mənfur düşmənə qalib gəlmək üçün tələsib. General Polad Həşimovun qara xəbərini alanda isə evdə dura bilməyib. General Polad Həşimovun qara xəbərini eşidəndə havalandım. Xeyli vaxt özümə gələ bilmədim. Bir ordunun generalını öldürmək ordunu öldürmək demək idi. Cəbhəyə yollanmaq üçün səbirsizlənirdim, amma hələ ordu sıralarına çağırılmırdım. Sentyabrın 27-də Vətən savaşı başladı. Vətəndə müharibə gedəndə, mən kənarda deyib-gülə bilməzdim. Nəhayət, sentyabrın 28-i ordu sıralarına qatıldım. O qədər könüllü döyüşə gələn var idi ki, əsgər əlindən tərpənmək olmurdu. Məktəblərdə belə boş yer yox idi. Məktəbin akt zalında stuları birləşdirib üstündə, döşəmədə yatan kim, açıq havada küçədə gecələyən kim... Çox sayda əsgər gəlirdi. Hamı ürəklə Vətən müharibəsində iştirak etmək üçün səfərbər olmuşdu”.
“Elə bildm qulağım partladı, ani göyə qalxıb yerə çırpıldım...”

Qazimiz bir neçə rayonun işğaldan azad edilməsində iştirak edib. Qubadlı, Hadrut, Füzuli uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Elə Füzulinin azad olunması uğrunda gedən savaşda da yaralanıb:

“İki gün Hadrutda qaldım. Bu iki dağın arasında yerləşən qəsəbədir. Düşmənin oranı vurması üçün əli çatmırdı. Füzuli rayonu relyef baxımından həm dağlıq, həm də düzənlikdən ibarətdir. Orada gedən döyüşlər daha çətin və amansız idi. Düşmən bu əraziyə daha çox mina atırdı. Dağa çıxmaq tələb olunurdu. Amma dağa əsgər çıxır, texnika çıxa bilmirdi. Biz artilleriya olaraq öndəki əsgərlərə dəstək verirdik. Düşünürəm ki, Füzuli uğrunda gərgin döyüşlərdə daha çox itki verdik. Mümkün deyildi ki, bir gün belə gözünü yumasan. Çünki dağın o başında ermənilərdi, bu başında isə biz. Onlar bizi artilleriya ilə vurur, biz də cavab verirdik. Düşmən üçün gecə-gündüz yox idi. Yaralandığım gecə yanımıza təxminən 100 metr aralıda mərmi düşdü.

Sanki kimsə siqnal verirdi, mərmi düşməsini o şəkildə qəbul edirdik. Yəni adi qarşılayırdıq. 10 dəqiqə keçmişdi ki, bir neçə mərmi atıldı. Biri üstümüzə düşdü. Elə bildim ki, qulağım partladı. Ani göyə qalxıb sonra yerə çırpıldığımı hiss etdim. Mərminin təyiqindən imiş... Yer torpaq olsaydı, dərd yarı idi. Çırpıldığım yer qayalıq idi. Qayanın üstü isə təhlükəlidir. Belimdə 7 mm yırtıq yarandı. Baxdım ki, sağımdakı əsgərlərdən birinin dizləri əsir. Onu yanıma çəkib “sakit ol” dedim. Özüm isə belimin ağrısından ölürdüm. Yerdə qoyduğumuz bronjiletləri birtəhər geyindik. Əsgəri oradan çıxaranda yerdə uzanmış şəhidləri gördük. İkisi yanımızda, ikisi isə bir qədər aralıda hərəkətsiz uzanmışdı. Qaranlıq idi, göz-gözü görmürdü, yeriyirdik və beləcə sürünüb oradan çıxdıq. Mən həkim olduğum üçün əsgərlərə ilkin tibbi yardım göstərirdim. Şəhid olanları götürmək üçün qayıtdıq. Amma birini tapa bilmirdik. Bu an yağış başladı. İşıq yandırmaq olmazdı. Çox çətinliklə alışqanın arxa işığı ilə yaralananları və şəhid olanları götürə bildik. İnanın ki, öz yarama əhəmiyyət vermirdim. Yaralıları görəndə elə bildim ki, belimin ağrısı kəsib”.
“Deyirlər, planlı əməliyyat mümkün deyil, dözməlisən...”

Nazim Muradov deyib ki, əvvəlcə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 3 gün fizioterapiya və ağrıkəsicilər alsa da, müalicələrinin xeyri olmayıb. Sonra Gəncədəki modul tipli xəstəxanaya təxliyyə olunub. İki həftə orada müalicə alandan sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Orada da müalicə effektli olmayıb. Daha sonra Şəmkir Rayon Hərbi Komissarlığına aparılıb. Müayinələrdən keçəndən sonra müvəqqəti yararsız olduğu üçün 15 günlük məzuniyyət alıb:

“Artıq məzuniyyətim bitir və dekabrın 5-i Şəmkir Hərbi Komissarlığına qayıtmalıyam. Orduda və ya xəstəxanada qalmağım barədə orada qərar veriləcək. Həkim olduğum üçün bilirım ki, beldə yırtıq 7 mm olduğu üçün yararsız sayılır. Yeriməyimdə problem var. Həmçinin yırtıq oturaq siniri sıxır və sol ayağımı bəzən qurudur. Ağrıkəsicilərlə yaşayıram. Əsa ilə yeriyəndə ağrılar bir qədər yüngül olur. Daha çox uzanılıqlı vəziyyətdə rahat oluram. Oturaqlı halda əziyyət çəkirəm. Reablitasya və fizioterapiya lazımdır. Planlı əməliyyatlar isə dayandırılıb. 25 gündən artıqdır ki, əməliyyat olunmadan xəstəxanalarda yatmışam. Əsaslı müalicə lazımdır. Ya əməliyyat olunmalı, ya da reablitasiya və fizioterapiyadan keçməliyəm. Amma planlı əməliyyatları etmirlər. Şərt də budur ki, yırtıq ən azı 10 mm olmalıdır. Amma 100 faiz elə bir şərt yoxdur. Bildirdilər ki, tək ağrıya görə əməliyyat edə bilmərik. Həkim olduğum üçün izah etdim ki, ağrıkəsicilər mədə və qaraciyəri sıradan çıxarır. 25 gündən artıqdır mən ağrıkəsici istifadə edirəm. Dedilər yox, planlı əməliyyat mümkün deyil, dözməlisən. Çox çətinliklə hərbi komissarlığın icazəsilə məzuniyyət ala bildim. 15 günlük məzuniyyət verilib. Məzuniyyətim sabah bitir və Şəmkir rayon Hərbi Komissarlığına qayıtmalıyam”.
Qazi ölkə başçısı və xanımına məktub göndərib...

Qazi Gəncə Rayon Mərkəzi Xəstəxanasında müalicə olunarkən ölkə başçısı İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, Ombudsman Səbinə Əliyevaya və Müdafiə naziri Zakir Həsənova məktub yazıb. Qazi məktubda tam müalicə olunmasını istəyib:

“Ev şəraitində müalicə olunmaq başqadır. Gəncədəki xəstəxanada mənə ağrıkəsicilər və B12 vurulurdu. İsmayıllıda da həmçinin... Sadəcə, vaxt keçirdi. Artıq ölkə başçısına, xanımına, Ombudsmana və Müdafiə nazirinə məktub ünvanlamışam. Sabah Şəmkir rayon hospitalına qayıtmalı və yenidən müayinədən keçməliyəm. Təbii ki, yararsız anlayışı yoxdur, irəli getmək lazımdır. Məsələn, bronjiletin çəkisi 18 kiloqramdır. İki gün yaralı-yaralı onunla gəzmişəm. Müharibə gedirdi, geri gəlməyə utanırdım. Amma ağrılar imkan vermədi... İndi 7 mm yırtıqla onu taxsam, belim qırılacaq. O şəkildə isə məni irəli buraxmayacaqlar. İrəli də buraxılmayandan sonra yenidən xəstəxanalarda qalacağam. Əməliyyata da icazə verilmir. Məcburam mənə əlillik versinlər, ordudan çıxım və müalicəmi, əməliyyatımı özüm edim. Yaxud göndərişlə Bakıda reablitasiya mərkəzlərindən birinə yerləşdirilim. Bu da mümkün deyilsə, Türkiyəyə, İsrailə və s... göndərilə bilərəm. Amma hazırda mən belə başa düşürəm ki, dövlətin başı qarışıqdır. Bu qədər işin içində tək mənim arxamca düşəsi deyillər”.
Gedəndə ölümü gözə almışdım...

Qazi 20 gündən çox döyüşdüyü cəbhədəki savaş ruhundan da danışıb. Deyib ki, budəfəki savaş əvvəlkilərdən daha şanlı və şöhrətli olub: “Çünki biz müharibədən qalib çıxdıq. Müharibədə yalnız və yalnız irəli gedirdik. 30 ilə yaxın işğal olunmuş torpaqları daha itirmək istəmirdik. İndi artıq zəfər çalmaq istəyirdik. Bu müharibə bizim üçün stimul idi. Son olmalı idi. Ya ölməli, ya qalmalı idik. Şəhid olanlarla fəxr edirik. Gedəndə ölümü gözə almışdım. Bilirdim ki, qayıtmamaq şansım ola bilər. Amma bununla belə fikrimiz mübarizə aparıb torpaqlarımızı azad etmək idi. Arxa cəbhədə insanlarımızın milli birlik nümayiş etdirməsi, həm maddi, həm də mənəvi dəstəyi bizi daha da qürrələndirir, gücləndirirdi. Orduda elə bir döyüş ruhu var idi ki, anlatmaq çətindir... Allah şəhidlərimizə rəhmət etsin. Onların sayəsində zəfər bizə nəsib oldu”.


Paylaş:


Müəllif : Tarix:
4-12-2020, 17:12
  


loading...
Загрузка...