reklam
» » Həmsədr ölkələrin BMT TŞ-dəki rüsvayçılığı - GƏLİŞMƏ

reklam

Həmsədr ölkələrin BMT TŞ-dəki rüsvayçılığı - GƏLİŞMƏ


ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında bir daha öz simalarını göstərib. Belə ki, 19 oktyabr 2020-ci il tarixdə BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb. Lakin məluma olub ki, bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almayıb...

TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbuledilməz (?!) olduğunu bildiriblər. Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Yalnız bundan sonra həmsədr ölkələr bəyanat layihəsini geri çəkib...
Təsəvvür edirsinizmi, belə bir rüsvayçı cəhdi 30 ilə yaxındır guya Azərbaycan-Ermənistan münaqişəsini “həll etməyi” üzərinə götürən ölkələr edib! Azərbaycan tərəf açıqlayıb ki, son 25 ildə ilk dəfəydi Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. İlk dəfə! 1993-cü ildə BMT TŞ-nin qəbul etdiyi 4 qətnamə kağız üzərində qalıb, məntiqlə bu dövlətlər onlara qarşı saymazlıq edən Ermənistanı yerində oturtmaq üçün illər öncə hərəkətə keçməliydilər. Ancaq onlar Ermənistana qarşı nəinki sanksiyalar tətbiq etmədilər, əksinə, işğalı və terroru stimullaşdırmaq üçün hər şeyə getdilər.

2008-ci ilin martını xatırlayaq: o zaman Ermənistanda qan su yerinə axmışdı, prezident seçkilərindən sonra küçəyə çıxan insanlara qarşı silah tətbiq olunmuşdu, ölənlər, həbslər, təqiblər...Amma cəmi iki həftə sonra BMT Baş Assambleyası 39 səs lehinə, 7 səs əleyhinə və 100-ü bitərəf olmaqla, Azərbaycanın təklif etdiyi “İşğal olunmuş ərazilərdə vəziyyət” adlı qətnaməni qəbul etdi. Ancaq həmin qətnamənin qəbulu zamanı Minsk Qrupunun həmsədr ölkələri bitərəf (!) qaldılar. Özlərinin səs verdikləri 4 qətnamənin icra olunmamasına göz yumub dolayısı ilə işğalın davamını dəstəklədilər.

Elə bu dəstətin nəticəsiydi ki, Xocalı canisi Serj Sərkisyan BMT, Avropa Şurası kürsüsündən Şuşanın işğalında iştirakına görə fəxr etdiyini həyasızcasına bəyan edirdi. Əslində 613 Xocalı sakininin qətlində iştirakına görə, onu təyyarənin trapından qolubağlı aparmalıydılar, ədalət olsaydı! “Sərksiyan “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır”, deyən adam idi. Ancaq BMT TŞ üzvləri, aparıcı paytaxtlar, beynəlxalq təşkilatlar bizi inandırmağa çalışırdılar ki, “sülhün alternativi yoxdur”. Bu gün də eyni nağılı danışırlar. Uşaq qatilləri ilə danışıq aparmağımızı tövsiyə və tələb edirlər!

Azərbaycan dövləti daim beynəlxalq aləmə xitabən deyirdi ki, işğalçı Ermənistanın “ip”ini çəkin, cilovunu dartın, bizim səbrimiz sonsuz deyil.

Həmsədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmirlər. TŞ qətnamələrinə bu münasibətlə onlar bir daha özlərini ifşa etdilər. Nümayiş etdirdilər ki, qətiyyən ədalətli, bitərəf deyillər, əksinə, açıq-aşkar işğalçının tərəfini tuturlar. BMT TŞ-nin qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilmiş, hər üç həmsədr ölkə qətnamələrin lehinə səs vermişdi. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı tələblər yer almışdı.
TŞ-nin 884 saylı qətnaməsində “822, 853, 874 saylı qətnamələrin icra edilməsi üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilirdi. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, işğalçılar konkret qrafik əsasında torpaqlarımızdan çıxsın. Haqsızdırmı tələbində? Bu tələbin icrası ilə məşğul olmalı olan qurum nədən özünün qəbul etdiyi qətnamələrin unutdurulmasını istəyir, məqsəd nədir? Belə münasibət əslində özünün səsinə, imzasına hörmət etməmək, öz-özünü təhqir etməkdir.

27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin etdi. BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, bu quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da öz hüququndan istifadə edib, təkbaşına BMT TŞ qətnamələrinin icrasına başlayıb. Bu prosesdə İlham Əliyevə “sağ ol” demirlərsə, heç olmasa ayıblarına kor olsunlar, yolunu kəsməsinlər!

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında - Qarabağda müharibənin başılamasından cəmi 3 gün əvvəl (!) beynəlxalq aləmi xəbərdar etmişdi, Ermənistan müharibəyə hazırlaşır deyərək! “Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”.

Çəkindirdilərmi? Yox, qətiyyən. Əksinə, bu günlərdə baş nazir yox, baş terrorçu statusunda çıxış edən Nikol Paşinyana cavab imkanı yaratdılar, təbii ki, Prezident Əliyev onu növbəti dəfə susdurdu. Amma nəyə görə bu məsələdə Azərbaycan rəhbərliyinin xəbərdarlığına məhəl qoyulmadı ki, bu qədər faciələr, fəlakətlər baş verdi? Ermənistan susdurulsaydı, təcavüzkar siyasəti durdurulsaydı, bu qədər qan tökülməzdi. Amma işğalçı daha da quduzlaşdı və Gəncəyə, Tərtərə, hətta Qəbələyə, Mingəçevirə raketlər yağdırmağa başladı. Təkcə son 25 günlük müharibədə Azərbaycanın 60-dan çox dinc sakininin qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması, minlərlə evin dağıdılmasının məsuliyyətini həm də TŞ üzvləri daşıyır, bu, birmənalıdır!

İndi onlar yenə də Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoymağa çalışırlar. Amma Prezident Əliyev əvvəlcədən xəbərdar etmişdi, sözünü demişdi: “Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”.

Eşitmədilər, etmədilər, terroru dayandırmadılar, indi Azərbaycan ordusunun zəfər yürüşündən narahat olublar. Azərbaycan tərəfindən irəli sürülmüş və BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdu. İlham Əliyev bu təklifi irəli sürərkən bütün bəşəriyyəti gözəgörünməz düşməndən xilas etməyi düşünürdü, o cümlədən Ermənistanı. Amma bu gün COVİD-19-un tüğyan etdiyi ölkə məhz Azərbaycanın təşəbbüsü olduğu üçün buna qaşrı çıxdı. Nə BMT baş katibi, nə TŞ üzvləri buna görə Ermənistanı günahlandırmadılar. Əvəzində ona sürpriz- mükafat hazırlayıbmışlar, 4 qətnaməni it-bata salmaqla. Bu, nə əxlaq, nə ədalət?!
Axı, dəfələrlə xəbərdarlıq edilmişdi ki, Ermənistan Azərbaycanın neft kəmərlərini, Mingəçevir su anbarını, yaşayış məskənlərini, o cümlədən Bakını vurmaqla hədələyib. Reaksiya verilməmişdi. Kimsə bu terrorçu-kriminal rejimin yaxasından yapışıb ondan hesab sormamışdı. Cəbhəboyu yaşayış bölgələrində uşaqlar, qadınlar qətlə yetiriləndə də kminsə tüpü tərpənməmişdi. Əksinə, Ermənistana maliyyə yardımları edirdilər “humanitar” adı altında, Qarabağdakı terrorçu rejim rəhbərliyinin səsi Avropa Parlamentindən, ABŞ Konqresindən gəlirdi.

Baxamayaraq ki, Bako Saakyanın, Serj Sərkisyanın günahı aşağı-yuxarı elə Bin Ladenin günahı qədər idi, amma birincilərə “yaşıl işıq” var idi hər yerdə. İndi isə Azərbaycanın xəritəsində yaşıl rəngin günbəgün artması o gücləri narahat edir, 19 oktyabr planı da bunun nəticəsiydi.

Hər kəs əmindir ki, Qarabağ münaqişənin indiyə qədər həll olunmamasının günahkarı Ermənistan və Minsk Qrupunun həmsədr ölkələridir. Azərbaycan cəmiyyəti “turist” həmsədrlərə qəzəblidir, ATƏT-in səhra köməkçisini görməyə gözü yoxdur. Üstəlik, TŞ tamamilə mənasız bir quruma çevrilib. Dünyada TŞ qədər anti-demokratik bir qurum yoxdur. TŞ daimi üzvlərinin girovuna çevrilib. TŞ-nin daimi üzvləri ancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar. Sual olunur, nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr TŞ-nin daimi üzvü olmamalıdır? Nəyə görə TŞ-nin daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan bir dənə ölkə yoxdur? Dünyanın taleyini nə vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir?

Necə olur ki, Türkiyə nə Avropa İttifaqına yaxın buraxılır, nə BMT Təhlükəsizlik Şurasına, nə də Minsk Qrupu həmsədrliyinə? Bu, nə inhisardır belə?!

Yeri gəlmişkən, Azərbaycanın hazırda sədrlik etdiiyi Qoşulmamaq Hərəkatına daxil olan ölkələr ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu həm də QH-nin bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi. Bəzən bir sıra müxalifət nümayəndələri “QH-na qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Amma onlar başa düşmürlər ki, Prezident İlham Əliyevin xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış bir xarici siyasətdir. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə QH-nın sədri seçildi. Prezident İlham ƏIiyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 ilə bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi. Ədalətsiz bəyanatın qəbul edilməməsi, QH-na üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Azərbaycan dövləti gənc müstəqil dövlət olsa da, bəşəriyyətin xilası üçün əlindən gələni edir. Terrora qarşı mübarizədə daim öndə olub, torpaqları işğalda olsa da, antiterror koalisiyasına qoşularaq sülhməramlıları ilə töhfə verib prosesə. Elə koronavirusla mübarizədə onlarla ölkəyə, bir neçə təşkilata maddi yardım göstərib, amma əvəzində... haqlı davasında birilərini yanında görə bilmədi, çox təəssüf ki.

Türkiyə Prezidenti dəyərli Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü haqlı tənqid edərək tarixi bir söz demişdi: “Dünya 5-dən böyükdür”. Bəli, BMT-dəki son müzakirə də göstərdi ki, dünya 3 həmsədr dövlətdən böyükdür, Azərbaycanın haqq işini, haqq davasını müdafiə edən ölkələr də kifayət qədərdir.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istiqamətində atdığı qətiyyətli addımlar, qazandığı uğurlar, dost və qardaş ölkələrdən aldığı mənəvi dəstək də sübut etdi ki, dünyanın və dünya ölkələrinin taleyini heç də bu 3-5 dövlət həll etmir, edə də bilməzlər! Bu gün Azərbaycan Prezidentinə minnətçi düşüblər, atəşi dayandırmağı xahiş edirlər, amma faydası yoxdur, Ermənistana və onun havadarlarına verilən limit başa çatıb.

Gec-tez haqq öz yerini tapacaq, Qarabağın bütün bölgələrində bayrağımız ucalacaq, ordumuzun qüdrəti, Allahın köməkliyi ilə!
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
24-10-2020, 16:37
  


loading...
Загрузка...