reklam
» » “Ya torpaqlardan çıxacaqsan, ya da... çıxacaqsan!” və... nida işarəsi!

reklam

“Ya torpaqlardan çıxacaqsan, ya da... çıxacaqsan!” və... nida işarəsi!


İşğaldan azad edilən Azərbaycan torpaqlarının coğrafiyası böyüdükcə düşmən tərəfdə panika da güclənir. Eyni zamanda, Ermənistanın hoqqabaz və avantürist baş naziri Nikol Paşinyan və onun müdafiə naziri D.Tonoyana qarşı etirazlar artmaqdadır. Narazılıq isə ən çox müharibəyə çağırılan erməni əsgərlərinin analarından və yaxın qohumlarındandır. Onlar övladlarını nə ölən və yaralananların siyahısında, nə də cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tapa bilmədikləri üçün neçə gündür üsyan püskürürlər.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan da təsdiqləyib. Nazirliyin məlumata görə, düşmən tərəf son döyüşlərdə 361 hərbçi itirib, lakin sosial şəbəkələrin erməni seqmentində tamamilə fərqli mənzərə hökm sürür. Erməni sosial şəbəkə istifadəçiləri Azərbaycana qarşı müharibəyə zorla göndərilən və itkin düşən qohumlarının fotolarını yayır. Məlum olur ki, itkilər yüzlərlə yox, minlərlə ölçülür.

Ermənistan Müdafiə Nazirliyinin məsələyə reaksiyası isə belə olub: “Münaqişə bölgəsində şiddətli döyüşlər davam edir. Bu da öz növbəsində həlak olanların cəsədlərinin tapılmasını çətinləşdirir. Bu savaş tamamilə fərqlidir. İlk müharibədən və 2016-cı ildəki aprel döyüşlərindən fərqli olaraq, bu bir kabusdur. Üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik”, - deyə Ovannisyan bildirib.

Başqa bir fakt. Bildirilir ki, İrəvanda Xankəndidən qaçan bir erməni sakin tutulub. O, cəbhədəki real vəziyyətdən danışır, hər şeydə Ermənistan rəhbərliyini günahlandırır, Paşinyanın öz millətini qırığına verdiyini bildirirmiş. Bu barədə Paşinyan Facebook-da məlumat verib. Onun sözlərinə görə, bir qrup adam cəbhə bölgəsinə gedərək, oradakı hərbi qulluqçuları Ermənistan hakimiyyətinin onları “ət maşını”na göndərdiyinə inandırıb, əsgərləri döyüş postlarını tərk etməyə razı salıb. “Mənim göstərişimlə MTX istintaq başlatdı, əlaqəli şəxslərdən biri İrəvanda tutuldu”, - deyə o qeyd edib.

*****

Ancaq bu həbslər nəyi dəyişəcək ki? Erməni gəncləri, sadəcə, ucuz ölümə tuş gəlmək istəmir, yaşamaq istəyirlər. Əgər Paşinyanın özü, həmçinin Ermənistan prezidenti Armen Sərkisyan əl-ayağa düşərək, hər gün dünya liderlərindən müharibəni dayandırmaq barədə yalvar-yaxar edirsə, zorla orduya aparılan erməni gənci sonu bəlli olan bir savaşda niyə “top əti”nə çevrilsin?

Azərbaycan əsgəri həlak olub » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Ümid edirəm ki, Rusiyanın səyləri nəticəsində yaxın günlərdə Qarabağda qan axmasını dayandırmaq mümkün olacaq”.

Bunu Ermənistan prezidenti Armen Sərkisyan deyib. Çünki artıq Sərkisyan da, Paşinyan da fərqindədirlər ki, bu müharibə o müharibədən deyil və qalib Ermənistan olmayacaq...

*****

Düşmən tərəf böyük canlı və texniki itkilərə haqq qazandırmaq üçün son günlər həm də Türkiyə amilini qabardır. Guya Azərbaycan qardaş ölkənin öz silahlı birləşmələri ilə “məzlum arsaxlılara qarşı genosid həyata keçirilir ”.

“Ermənistan döyüş meydanında aldığı sarsıdıcı zərbələrə görə münaqişədə Türkiyənin adını hallandırır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Qardaş ölkə lideri deyib ki, Ankaraya qarşı hücumlar İrəvanın bu gün düşdüyü ümidsizlikdən və çıxılmaz vəziyyətindən qaynaqlanır. “Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır, orada kütləvi cinayətlər törədib. Beynəlxalq ictimaiyyət on illərdir Azərbaycana qarşı yeni təxribatlara zəmin yaradan bu həqiqəti görməzdən gəldi. Buna cavab olaraq Bakı tarixi torpaqları azad etmək üçün əməliyyata başlamağa qərar verdi. Bu gün Azərbaycan ermənilərin quldurluq yolu ilə ələ keçirdiyi torpaqları addım-addım azad edir”, - deyə Ərdoğan bildirib və əlavə edib ki, Ermənistan münaqişə çərçivəsini genişləndirməyə və genişmiqyaslı qarşıdurma üçün əsas yaratmağa çalışır: “Beynəlxalq birlik, nəhayət, reallıqları dərk etməli və ”ikili standartlar" siyasətindən imtina etməlidir".

*****

Bu arada rus mənbələri yazıb ki, Azərbaycan pilotsuz uçan aparatlardan fəal şəkildə istifadə edərək “müasir” erməni silahlarının “soyqırımı”nı davam etdirir. Avia.pro portalı bir gün əvvəl Azərbaycan pilotsuz təyyarəsinin separatçı qoşunların silahlanmasına keçirilmiş Ermənistan Silahlı Qüvvələrinin S-300 kompleksini uğurla məhv etdiyini bildirir.

“S-300 hava hücumundan müdafiə sisteminin imkanları 300 kilometrə qədər radiusda olan hər hansı bir hava hədəfini aşkar etmək üçün yetərlidir. Buna baxmayaraq, Bayraktar TB-2 pilotsuz uçuş aparatı demək olar ki, S-300-ün lap yaxınlığına kimi uçub və uğurlu bir mobil atəşi ilə onu vurub”.

Böyük canlı və texniki itkilərlə üzləşən Ermənistan isə özünü günahlandırmaq əvəzinə, Rusiyaya qarşı ittihamlar yağdırır. Sən demə, Moskva Azərbaycan ərazisində də separatçı erməniləri qorumalı imiş. Belə bir öhdəlik isə heç vaxt olmayıb, ola da bilməz. Çünki Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq miqyasda tanınmış suveren ərazisidir. Rəsmi Bakı Dağlıq Qarabağa heç bir ölkənin hərbi qüvvəsini dəvət etməyib. Rusiya lideri Vladimir Putin də iki gün qabaq Moskvanın Qarabağ münaqişəsinə müdaxilə etməməsinin səbəbini məhz Dağlıq Qarabağın Ermənistan ərazisi olmaması ilə izah etmişdi...

*****

“Qarabağda genişmiqyaslı hərbi əməliyyatların bərpasına görə günah tamamən Ermənistan rəhbərliyinin və şəxsən Paşinyanın üzərinə düşür. Ümumiyyətlə, o, peşəkar bir dağıdıcıdır, xaos yaratmaq ustasıdır. Hələ gəncliyində məktəb tətilləri, sonra etiraz nümayişləri təşkil edib, Qarabağ ”hərəkatı"nın fəal iştirakçısı olub. Sonda Ermənistanda rəngli inqilaba rəhbərlik etdi, etirazçı-liberal və qərbyönlü şüarlar dalğasında hakimiyyəti ələ aldı".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Moskva-Bakı” virtual körpüsünə Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov deyib.

Onun sözlərinə görə, Qərbin ona bəslədiyi ümidləri doğrultmağa davam etmək üçün N.Paşinyan dağıdıcı fəaliyyətinə yeni bir sahə tapmalı idi. “Dağlıq Qarabağ bu məqsəd üçün ideal idi. Nəticədə, onun təxribatçı siyasəti Ermənistanı və Azərbaycanı yerli silahlı qarşıdurmaya gətirdi. Paşinyan üçün bu qarşıdurma həm də erməni cəmiyyətinin diqqətini ölkədəki siyasi qanunsuzluqlardan və dərinləşən iqtisadi böhrandan yayındırmaq üçün bir vasitədir”, - deyə o vurğulayıb.

Sözünə davam edən rusiyalı siyasətçi bildirib: “Çaşqın vəziyyətdə olan Paşinyan Vladimir Putinə dörd dəfə telefon edib. O ümidlə ki, Moskva KTMT üzrə müttəfiq kimi Ermənistan hakimiyyətinin tərəfində münaqişəyə müdaxilə edəcək. Ancaq Moskvada oturanlar axmaq deyil, hamımız hər şeyi görür və başa düşürük. Qəbul edilmiş bütün beynəlxalq standartlara və qanunlara görə, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Əgər nə edəcəyinizi bilmirsinizsə, onda qanuna uyğun hərəkət edin. Erməni tərəfi bu sadə həqiqəti anlamaq və qəbul etmək istəmir. Və bu günün əsas düyünü də budur. Ancaq başqa variant yoxdur. Konkret halda beynəlxalq hüquqa riayət etmək mövcud böhrandan ən yaxşı çıxış yoludur. Bu, qan tökülməsini dayandırmaq və hər iki tərəfdən yeni itkilərin qarşısını almaq üçün yeganə yoldur”.

*****

Sonda prezident İlham Əliyevin öz Twitter səhifəsində atəşkəslə bağlı düşmən tərəfə ünvanlandığı şərti diqqətə çatdırırıq: “Ermənistan öz qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına dair vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənmiş cədvəli Azərbaycana təqdim etməlidir”.

Yəni ya torpaqlarımızdan çıxacaqsınız, ya da... çıxacaqsınız və nida işarəsi!..
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
10-10-2020, 11:43
  


loading...
Загрузка...