reklam
» » Evləri zəbt olunanlar çarəsiz durumda... - GİLEY

reklam

Evləri zəbt olunanlar çarəsiz durumda... - GİLEY


81-yaşlı Vaqif Əliyev və həyat yoldaşı Sara Əliyeva 17 ildir ki, Sumqayıtda şüşə zavodunun ərazisindəki anbarda yaşayır. Əllərində elə Sumqayıt şəhərində 9 mərtəbəli binanın birinci mərtəbəsində ikiotaqlı mənzilin mülkiyyətçisi olduqlarını təsdiqləyən sənədlər, məhkəmə qərarları var. Amma həmin mənzildən istifadə edə bilmirlər. Çünki 27 ildir ki, orada Qubadlı rayonundan olan məcburi köçkünlər yaşayır.

Əliyevlər mənzili məcburi köçkünlər tərəfindən zəbt olunan yüzlərlə ailədən biridir. Təkcə V.Əliyevlə birlikdə dövlət orqanlarına gedib-gələn, əmlakının boşaldılıb ona qaytarılmasını tələb edənlərin sayı 65 nəfərdir. Onlar birləşərək illərdir ki, Prezident Administrasiyasından tutmuş, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinədək müxtəlif qurumlara qrup şəklində ərizələr yazırlar, qəbula gedirlər: "Bizdən başqa qruplar da var. Tək Sumqayıtda belə mənzil sahiblərinin sayı yüzlərlədir".

V.Əliyev özü də əslən Cəbrayıl rayonundandır, uzun illər şüşə zavodunda işləyib. 1996-cı ildə sexdə bir əlinin dörd barmağı kəsilib, birinci qrup əlil olub.

"İkinci dəfə gedəndə məni döyüb qovdular"
Mübahisəli mənzili ona 1993-cü ildə veriblər. Həyat yoldaşı AzadlıqRadiosuna danışır ki, V.Əliyev mənzilin orderini alıb, elə həmin ərəfədə yaxın qohumu vəfat etdiyi üçün təcili rayona getmək məcburiyyətində qalıb:

"O vaxt kirayə qalırdıq. Gecə saatlarında iş yoldaşı gəldi ki, təcili yeni mənzilə gedin, məcburi köçkünlər evlərə girirlər. Gözlədim, səhər açılanda gedib gördüm ki, artıq zəbt ediblər. Onda söz vermişdilər ki, müvəqqətidir, çıxacaqlar. İkinci dəfə gedəndə məni döyüb qovdular. O vaxtdan gah bazada qaldıq, gah tikinti meydançasında, axırda zavodun direktoru anbarı bizə verdi ki, küçədə qalmayaq. Bura sement və başqa tikinti avadanlıqları yığırdılar. Yağış yağanda üstümüzə "klyonka" çəkib yatırdıq".

S.Əliyeva deyir ki, 67 yaşı var, ən böyük qorxusu bu anbarda ölməkdir. Onun sözlərinə görə, 36-yaşlı yeganə övladı evsizliyə görə ailə qura bilmir.

Əliyevlərin əlində olan məhkəmə qətnaməsində sözügedən mənzilin onlara məxsus olduğu göstərilib və məcburi köçkünlərin oradan çıxarılmasına qərar verilib. Amma uzun illərdir qərar kağız üzərində qalıb. Onlar məhkəmə qərarının icra olunmamasını da mübahisələndirib, hətta Avropa Məhkəməsi müstəvisinə də çıxarıblar. Avropa Məhkəməsi də qərarın icra olunmamasını onların mülkiyyət hüququnun pozuntusu kimi tanıyıb. Hətta bundan sonra da problem həllini tapmayıb. Ona görə bir daha Ədliyyə Nazirliyinin İcra Baş İdarəsini məhkəməyə veriblər. Ölkə daxilində istədikləri nəticəyə nail olmadıqlarına görə bir daha Avropa Məhkəməsinə şikayət ediblər.

"Rəvadırmı ki, biz yaşda adamlar burada belə yaşayaq?"
V.Əliyev bildirir ki, artıq yeriməkdə də çətinlik çəkir, nəfəsi çatmır, ona görə də daha dövlət orqanlarına gedib-gələ bilmir. Məlumatları da onunla eyni vəziyyətdə olan başqa şikayətçilərdən alır.

"Əlimiz hər yerdən üzülüb, utanıram ki, ölərəm, meyitim anbardan çıxar. Gəlirəm, bu kişiyə üzümü tutub (otaqda Heydər Əliyevin şəkli var-red.) onun ruhuna yalvarıram. Rəvadırmı ki, biz yaşda adamlar burada belə yaşayaq? Əvvəl hökumət hamamına gedirdik, virusa görə onu da bağlayıblar. Vedrədə su qızdırıb, bir küncdə yuyunuruq. Siçovullara görə tələ əlindən addım atmaq olmur", – S.Əliyeva ağlayır.

Vəkil Əsabəli Mustafayev deyir ki, Avropa Məhkəməsi onlarla başqa oxşar işlər üzrə qərar çıxarıb. Vəkilin sözlərinə görə, Avropa Məhkəməsinin mövqeyi belədir ki, məhkəmə qərarı icra olunmursa, əhəmiyyətsizdir.

"Əvvəllər yerli məhkəmələrin zəbt olunmuş mənzillərlə bağlı qərarlarında əlavə olurdu ki, "məcburi köçkünlər yurdlarına qayıdana qədər qərarın icrası təxirə salınsın". Avropa Məhkəməsi "Akimova Azərbaycana qarşı" qərarında yazdı ki, bu cür yanaşma insan hüquqlarına ziddir. Qərar icra olunmayacaqsa, onun nə əhəmiyyəti var? Məhkəmələr 1998-ci ildə verilmiş, zəbt olunan evlərdən məcburi köçkünlərin çıxarılmasını qadağan edən prezident fərmanına istinad edirdilər. Amma Akimova işindən sonra artıq bu istinadı dayandırdılar", – Ə.Mustafayev bildirib.

"Adətən, evləri başqalarının adına alırlar"
Vəkilin sözlərinə görə, zəbt olunmuş mənzillərdə yaşayan məcburi köçkünlərin bir qisminin başqa yerlərdə mülkləri, mənzilləri var. Bir müddət əvvəl Sumqayıtda məhkəmə qaydasında bu, sübuta yetirilib: "Adətən, evləri başqalarının adına alırlar. Orada yaşayan kirayənişinin dindirilməsi ilə, kommunal xidmətlərə görə ödəniş qəbzləri ilə bunu sübut etmək mümkün oldu".

Ə.Mustafayev Mənzil Məcəlləsindəki "sosial kirayə müqaviləsi" anlayışını yada salır. Deyir ki, dəfələrlə dövlət orqanlarına müraciətlərində bu yolla problemin müvəqqəti həllini təklif ediblər: "Hökumət məcburi köçkün üçün kirayə ödənişini büdcə hesabına həyata keçirə bilər. Yaxud, heç olmasa, Vaqif Əliyev kimi ev sahibləri üçün bunu etsin ki, adam anbarda qalmasın. Bunu da eləmirlər. Məcburi köçkünlər üçün xeyli yaşayış yerləri, binalar tikilib. Ora köçürülənlər, əsasən, yataqxanalarda, dövlət binalarında məskunlaşanlardır. Onları köçürürlər ki, həmin binalardan dövlət istifadə edə bilsin".

Akimovanın şikayəti üzrə Avropa Məhkəməsi ilə kommunikasiya zamanı Azərbaycan hökuməti yazıb ki, Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli qərarıyla təsdiqlənmiş "Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları" məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasını təxirə salmağı mümkün edir.

Hökumət vurğulayıb ki, Ermənistanın işğalı altında olan ərazilərdən 700 mindən çox insan didərgin düşüb: "Məcburi köçkünlərin əksəriyyəti keçmiş inzibati binalarda, mehmanxana və xəstəxanalarda, qaçqın düşərgələrində yerləşiblər. Müəyyən sayda məcburi köçkünlər ayrı-ayrı şəxslərə məxsus mənzillərdə məskunlaşıblar. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən çıxarılması nəticə etibarilə onları evsiz qoya, sosial gərginliyə və partlayışa gətirib çıxara, ictimai asayişə təhlükə yarada bilər. Buna görə də, ərizəçinin mülkiyyətindən istifadə hüququnun məhdudlaşdırılması ictimai maraqlar baxımından qanuni məqsəd daşıyıb".

Amma Avropa Məhkəməsi hökumətin arqumentini əsaslı saymayıb.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzadlıqRadiosuna bildirilib ki, evləri zəbt olunan vətəndaşların şikayətləri komitədə də var və diqqətdə saxlanılır.

"Bu məsələlərlə bağlı məhkəmə qətnamələrinin surəti Komitəyə də təqdim olunur. Belə mənzillərdə məskunlaşmış məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulub. Bunun üçün lazım olan addımlar atılır", – Komitənin mətbuat xidmətindən belə deyilib.

Bu cür mübahisəli mənzillərin sayı isə açıqlanmayıb.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.


Paylaş:


Müəllif : Tarix:
1-10-2020, 09:30
  


loading...
Загрузка...