reklam
» » Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?

reklam

Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?


Yeni tədris iliylə bağlı təkliflər hazırlanıb.

Təhsil İnstitutu COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrini ictimaiyyətə təqdim edib. İnstitut növbəti tədris ili ilə bağlı iki ssenari təklif edib.Təkliflərdə beynəlxalq təşkilatların tövsiyələri, digər ölkələrin təcrübələri və təhsil sisteminin müxtəlif göstəricilərinin təhlili nəzərdə tutulub.

1-ci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir.

2-ci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir. Yoluxma risklərinin minimuma endirilməsi üçün məktəb günlərinin sayının, dərs saatlarının miqdarının və sinif sıxlığının azaldılması kimi tədbirlərin nəzərdən keçirilməsi qeyd edilir. O cümlədən, tənəffüs fasilələrinin müddəti uzadılaraq şagirdlərin açıq havada daha çox vaxt keçirməsi məqsədəuyğun hesab edilir. Yoluxma halları müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə nəzarətə götürülməklə təhsilalanlar kiçik qruplarda tədrisə cəlb edilməsi də tövsiyələr arasındadır. Bu ssenariyə əsasən məktəblərin fəaliyyətinin qismən bərpa olunması və ənənəvi tədris prosesinə dönüşün mərhələli şəkildə planlaşdırılması tövsiyə edilir.

Məktəblərin qismən də olsa açılmasının yoluxma hallarının sayının artımına və məhdudiyyətlərin yenidən tətbiqinə gətirib çıxara bilməsi bu ssenarinin əsas riskləri kimi qeyd olunur. Təhsil Nazirliyi tərəfindən Teledərslər və Virtual Məktəb layihələrinin davam etdirilməsi məqsədəuyğun fəaliyyət olaraq vurğulanır. Belə ki, 11 mart 2020-ci il tarixindən etibarən ölkənin iki telekanalında əksər fənlər üzrə dərslərin yayımına başlanılan teledərslər qısa müddət ərzində təhsilalanlar üçün faydalı vasitəyə çevrilib.

Təhsil naziri Emin Əmrullayevdə COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun təkliflərinə münasibət bildirib. Nazir təkliflərin dəyərləndirilməsi üçün ictimaiyyətə müraciət edib:

"COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Təhsil İnstitutuna təşəkkürümü bildirirəm. Qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır.

Mövzu ilə bağlı rəy və təkliflərinizi eşitmək çox maraqlı olardı. Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı "səhv" və ya "düz" fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm".

Yeni tədris ili üçün təklif olunan bu ssenarilərin tətbiqi nə qədər mümkündür və daha effektli olacaq?

Keçmiş təhsil naziri Firudin Cəlilov Cebhe.info-ya açıqlamasında deyib ki, bu gün müəllimlərlə tələbələri və ya şagirdləri bir araya yığmaq koronavirusun ömrünü uzada bilər. Keçmiş nazir sözügedən məsələ ilə bağlı yeni təkliflə çıxış edib:

“İstər universitet, istərsə də orta məktəblərdə müəllimlər üçün müasir texnalogiya ilə studiya hazırlanmalıdır. Müəllim tək otaqda oturub dərsini keçməlidir. Həmin qrupun tələbə və ya şagirdləri isə həmin studiyaya onlayn şəkildə qoşulmalıdır. Hələlik bu variantla təhsili davam etdirmək olar ki, arada çox boşluq yaranmasın. Əlbəttə ki, birincilər üçün bu forma bir qədər çətin olacaq. Amma durum müvəqqətidir və illərlə davam edən deyil. Eybi yoxdur, birincilər tədrisə 6 ay gec başlasın, amma ilk növbədə biz insanların sağlamlığını qorumalıyıq. Onu da bilirik ki, onlayn tədris ənənəvi tədrisin keyfiyyətini verməyəcək.

Təhsildə ara verib, uşaqlarımızın sağlamlığını qorumağımız vacibdir, yoxsa sağlamlığa təhlükə yaradıb təhsilə davam etmək?”

Xüsusilə ucqar kəndlərdə internet və texnika probleminə gəlincə, Firudin Cəlilov əlavə edib ki, onlayn prosesə telekanalları cəlb etmək lazımdır:

“Televiziyadakı abırsız verilişləri yığışdırıb, təhsilin davam etdirilməsi ilə bağlı proqramlar verilməlidir. Nə bilim Aynişandır, ya Gülnişandır, ərinə bunu dedi, əri ona bunu dedi... Donunu dəyişdi, ay nə bilim, filan küçədən keçdilər. Bu cür xəbərləri yaymaqdansa, televiziyalar, media və sosial şəbəkələr ümumi işə qoşulmalıdırlar. Televiziyalarda bütün siniflər üçün vaxtında dərslər keçirilməlidir və uşaqları buna cəlb etmək lazımdır. Ən əsası da ucqar kəndlərdə... Bəs məktəb direktorlarının işi nədir? Bir-bir evləri gəzib ailələrdəki uşaqları başa salmalıdırlar ki, filan saatda dərs keçirləcək. Bir sözlə, bu işə bütün təhsil sistemini cəlb etmək lazımdır ki, iş getsin”.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, orta məktəblərdə yeni tədris ilinin başlanması ilə bağlı müxtəlif təkliflərin olması yekunda işin müsbət həllinə gətirib çıxaracaq:

“Təhsil İnstitutu tərəfindən təqdim edilmiş layihə olduqca maraqlı fikirləri özündə əks etdirir. Amma orada bir neçə məqam var ki, onlarla razılaşmaq mümkün deyil. Qeyd olunur ki, ali təhsil müəssisələrində yeni tədris ili ənənəvi qaydada deyil, onlayn qaydada başlasın. Bu mümkün deyil. Ona görə ki, orta ümumtəhsil məktəblərindən fərqli olaraq ali təhsil müəssisələrində olduqca çox sayda ixtisaslar var. Bu gün ölkənin 50-dən çox ali təhsil müəssisəsində 200-dən çox ixtisas üzrə kadr hazərlığı həyata keçirilir. Bütün kadrlar üzrə dərslərin onlayn qaydada keçirilməsi effektiv olmaya bilər. Məsələn, tibb sahəsi üzrə olan ixtisaslarda dərslərin onlayn qaydada keçirilməsi effekt verməyəcək. Çünki burada zəruri biliklərin verilməsi üçün alternativ təhsilalma forması effektiv deyil. Onunla bağlı təklif edərdim ki, ali təhsil müəssisələri üçün yeni layihə həyata keçirmək olar. Söhbət “home school”lardan gedir. Tibb ixtisası üzrə təhsil alan tələbələr yaxınlıqda yerləşən xəstəxanalara, polinklinikalara cəlb edilməklə, onlar üçün alternativ təhsilalma formatı tətbiq etmək zolar. Həm nəzəri, həm də praktik biliklər daha effekli olar. Bundan əlavə ali təhsil müəssisələrinin heç də bütün müəllimlərinin texniki imkanları yoxdur ki, dərsləri onlayn qaydada keçə bilsinlər. Digər tərəfdən, peşə təhsili ilə bağlı da vəziyyət belədir. Bu təhsil ocaqlarında tələbələr xüsusi peşələri öyrənirlər, şagirdlərin lazımi avadanlıqları yoxdur”.

Ekspert bütün hallarda tədrisin istər orta, istərsə də ali təhsil ocaqlarında onlayn qaydada keçirilməsini doğru addım hesab etmir:

“Təhsil İnstitutu təklif edir ki, dərslər ümumtəhsil orta məktəblərində onlayn qaydada keçirilsin. Əlbəttə ki, ilk növbədə şagird sağlamlığını düşünsələr belə, onlayn tədris effektli deyil. Hesab edirəm ki, şagird sıxlığını aradan qaldırmaqla bu problem həll oluna bilər. Yəni məktəblərin və günlərin növbələrə bölünməsi ilə problem yoluna qoyula bilər. Bağçalarla bağlı mühüm bir məqam var. Məqam ondan ibarətdir ki, uşağ bağçaları fəaliyyətə başlamalıdır, amma bu məsələ fonunda ibtidai siniflərin tədrisə başlamaması anlaşılan deyil. Çünki bütün formatlarda, təhsilin digər pillərləri ilə müqayisədə ibtidai siniflərin xüsusilə Qdərsə başlaması labüddür. Çünki ibtidailər üçün zəruri olan biliklər auditoriyalarda öyrədilməlidir. Nəzərə alsaq ki, ilk dəfə ölkənin ibtidai siniflərinə 170 min şagird gedəcək. Onlar zəruri bilikləri onlayn qaydada mənimsəyə bilməzlər. Bu baxımdan, ibtidai siniflərdə şagird sıxlığını aradan qaldırmaqla dərslərin növbəli günlərə bölünməsi prinsipi ilə tədris həyata keçirilə bilər. Bütün hallarda Təhsil İnstitutunun təqdim etdiyi təklifləri müsbət qarşılayıram. Amma tətbiqində effektli olacağını düşünmürəm. Təkmilləşmələrinə ehtiyac var”.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, təhsil prosesi sosial həyatın bir istiqaməti kimi karantin çərçivəsində həyata keçirilməlidir:

“Bu, onlayn da, qarşışıq da, birbaşa fizikal da ola bilər. Məsələ ondan ibarətdir ki, əgər payız ayında ümumi epidemioloji vəziyyət qənaətbəxş olarsa, yəni yoluxma sayı sıfırlanarsa və ikinci dalğa başlamazsa, sərt karantin davranışları ilə təhsil fizikal keçirlərsə, daha məqsədəuyğun olar. Epidemioloji vəziyyətdən asılı olaraq dərslər onlayn keçirilə bilər. Amma təhsil qətiyyən dayandırıla bilməz. Onun hansısa variantının seçilməsi epidemioloji duruma uyğun olaraq həyata keçirilməlidir. Bu da payız aylarında bilinəcək”.


Paylaş:


Müəllif : Tarix:
14-08-2020, 18:00
  


loading...
Загрузка...