reklam
» » Sülhəddin Əkbərdən agentlərlə bağlı daha bir SENSASİON AÇIQLAMA - "...heç bir ad səsləndirilməyib"

reklam

Sülhəddin Əkbərdən agentlərlə bağlı daha bir SENSASİON AÇIQLAMA - "...heç bir ad səsləndirilməyib"


"Mənim iyunun 3-də “Azadlıq” radiosunda yayılan müsahibəm, gözlənildiyi kimi, cəmiyyətin müəyyən kəsimlərində, dairələrində ciddi rezonansa, eyni zamanda müəyyən anlaşılmazlıqlara səbəb olub. Bu barədə mənə birbaşa və dolayısı ilə olan çoxsaylı müraciətləri nəzərə alaraq, vacib hesab edilən bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm".

Pravda.az-ın xəbərinə görə, bunu Azad Demokratlar Partiyasının sədri, Əbülfəz Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbər deyib.

Sülhəddin Əkbər öncə onu anlayan və dəstəkləyən şəxslərin hər birinə təşəkkürünü bildirib:

"Eyni zamanda mənimlə razılaşmamalarına rəğmən, öz tənqidi münasibətlərini siyasi etika çərçivəsində bildirənlərə də təşəkkür edirəm. Zamanı uyğun fürsət bilib Əbülfəz Elçibəy şəxsiyyətinin kölgəsində gizlənərək, onun tərəfdarlarının rəğbətini qazanmaq məqsədilə yersiz yerə üstümə gələnlərə, xüsusilə mütəşəkkil formada etibarsızlaşdırma kampaniyası başladanlara da Allahdan, ən azı peşman olacaqları günədək uzun ömür arzulayıram.

İndi isə vacib hesab edilən bəzi məsələlərə birbaşa aydınlıq gətirməyə başlamaq istəyirəm. İşin mahiyyətini bilmədən, öyrənmədən tələm-tələsik sui-qəsd nəzəriyyələri düzəldənlərə deyim ki, bu müsahibə mayın 22-də götürülüb. Müddət təqribən 2 saat olub. Yəni iki dəfə montaj olunduqdan, böyük hissəsi kəsildikdən sonra yayılan müsahibə danışdıqlarımın yalnız bir hissəsidir. Üstəlik, ciddi montaj qüsurları da var. Bu səbəblə də, təbii, bir çox anlaşılmazlıqlar və ziddiyyətlər ortaya çıxıb. Onu da bildirim ki, müsahibə mövzusunun nə olacağını öncədən bilməmişəm. Bunu nə mən soruşmuşam, nə də mənə deyilib".

MTN-nin arxivi və onun açılması məsələsinə gəlincə, Sülhəddin Əkbər qeyd edib ki, ümumiyyətlə, “MTN-nin arxivi” geniş anlayışdır: "Onun böyük bir hissəsi açıq olub. Burada söhbət konkret olaraq MTN-nin məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı yerdən, yəni təşkilatın arxivinin bir hissəsindən, belə demək mümkündürsə, “agentura arxivi”ndən gedir. MTN-nin arxivinin açılması məsələsinin də bir neçə tərəfi var.

Birincisi, təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı yer istisna olmaqla, arxivin digər bölümlərinin açılması məsələsi mübahisə predmeti olmayıb. Çünki bu bölümlər, qeyd edildiyi kimi, açıq olub. Mübahisə predmeti olan məhz təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı yer – “agentura arxivi” idi. İkincisi, arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün, yəni “agentura arxivi”nin açılmasının da iki yönü var:

a) arxivin bu bölümünün ictimaiyyətə açılması;

b) təşkilatın özünün xidməti istifadəsi üçün açılması.

Bunlar tamamilə fərqli məsələlərdir. Məncə, bilərəkdən, məqsədyönlü şəkildə qarışdırılır.

Arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün, yəni “agentura arxivi”nin ictimaiyyətə açılması 1992-ci ilin oktyabr ayında Milli Məclisdə müzakirə və mübahisə predmeti olub. Yəni bir daha təkrar edirəm, mübahisə mövzusu MTN arxivinin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün – “agentura arxivi”nin ictimaiyyətə açılması məsələsi olub. Bəli, mən həmin çıxışı etmişəm. Bu gün də həmin çıxışın o dövr üçün düzgün olduğu qənaətindəyəm. Doğrusu, həmin çıxış bir qədər də geniş olub, yəni tam verilməyib. Üstəlik, həssas mövzu olduğundan orada məsələnin bütün yönlərinə toxunmaq imkanı olmayıb".

Onun sözlərinə görə, həmin çıxışı doğuran əsas səbəblər bunlardır: "Dövlət müstəqilliyinin yenicə bərpa olunması, müstəqil dövlət quruculuğunun, onun institutlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin yenidən qurulmasının yenicə başlaması; Ölkədə inqilab baş verdiyindən Milli Təhlükəsizlik Nazirliyində şokun, qeyri-müəyyənliyin yaşanması, sistemin, demək olar ki, çalışmaması (həm əməkdaşlar, həm də məxfi əməkdaşlar qorxu və qeyri-müəyyənlik içində idilər), yəni iflic vəziyyətində olması; Həmin dövrdə Milli Təhlükəsizlik Nazirliyinin öncəlikləri sırasında əməkdaşların məsələsinin məxfi əməkdaşlar məsələsindən öndə olması; Milli kadr siyasətinin, kütləvi kadr dəyişikliyinin aparılmağa başlanması; Dövlət müstəqilliyinin yenicə bərpa olunması ilə birlikdə, ölkəmizin müharibə vəziyyətində, xarici təsirlərə açıq və həssas durumda olması; Milli maraqlarımızın təmin olunması üçün kəşfiyyat və təhlükəsizlik təminatının həyati önəm kəsb etməsi; Tam dəyərli, yetərli agentura-əməliyyat işi aparılmadan bu təminatın mümkün olmaması; “Agentura arxivi”nin açılması haqqında söhbətin getməsinin belə, onsuz da şokda olan agentura şəbəkəsini, demək olar ki, tam iflic vəziyyətinə gətirməsi; MTN-nin arxivlərinin, o cümlədən “agentura arxivi”nin ictimaiyyətə açılması üçün qanunvericilik bazasının olmaması (MTN, dövlət sirləri haqqında qanunlar və MTN arxivlərinin açılmasını tənzimləyən qanunlar hazırlanmalı idi), bu işin də yenicə başlanması; Mövcud siyasi iqtidarın, o cümlədən şəxsən mənim bu sahədə hər hansı bir iş təcrübəmin olmaması; Eyni zamanda həmin çıxışı edərkən əlimdə SSRİ dövründə KQB ilə məxfi əməkdaşlıq etmiş yüksək vəzifə tutan şəxslər haqqında yetərli sənəd, fakt, dəlil və sübutların olmaması idi".

S.Əkbər qeyd edib ki, o, digərlərindən fərqli olaraq MTN, onun fəaliyyəti, əməkdaşları, eyni zamanda məxfi əməkdaşları, yəni agentləri üçün bu nazirliyin 2-ci vəzifəli şəxsi olaraq, birbaşa məsuliyyət daşıyan yeganə Milli Məclis üzvü olub:

"Arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün xidməti istifadə, yəni MTN-in mən də daxil olmaqla, öz işçiləri üçün açılması. Arxivin bu hissəsi şəxsən mən də daxil olmaqla, MTN-nin rəhbərliyi, təbii, eyni zamanda bütün əməkdaşları üçün mənim orada işlədiyim bütün müddət ərzində bağlı olub. Bu, danılmaz, inkarolunmaz faktdır.

Mənim MTN-in birbaşa tabe olduğu prezidentdən əsas istəyim bu, yəni arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün xidməti istifadə üçün açılması olub. Çünki arxivin bu bölümü açılmadan tamdəyərli əməliyyat işinin qurulması və aparılması qeyri-mümkündür. Bunu sadə dillə izah etməyə çalışacağam. Deyək ki, 3-cü bir ölkə (məsələn, Gürcüstan) üzərindən düşmən Ermənistana qarşı hər hansı bir əməliyyat həyata keçirmək istəyirik. Bunun üçün təbii ki, öncə tamdəyərli kəşfiyyat-informasiya işi aparılmalıdır. Bu kəşfiyyat-informasiya işinin ayrılmaz tərkib hissələrindən biri də agentura-əməliyyat işidir. Deməli, bu iş üçün kəşfiyyatçılarla birlikdə, uyğun gələn məxfi əməkdaşlar – agentlər, etibarlı şəxslər və s. də seçilməlidir. Seçilən bu məxfi əməkdaşların, təbii, erməni dilini bilib-bilməməsi, ermənilərlə qohumluğunun olub-olmaması, nə zamansa ermənilərlə bir yerdə işləyib-işləməməsi, ermənilərin tabeçiliyində olub-olmaması və s. kimi çoxsaylı suallara aydınlıq gətirilməlidir. Digər tərəfdən, seçiləcək məxfi əməkdaşların bu iş üçün uyğun olub-olmaması da müəyyən edilməlidir. Bunun üçün də həmin şəxslərin şəxsi və iş dosyeləri əlçatan olmalıdır. “Agentura arxivi”nin MTN işçilərinə qapalı olduğu bir şəraitdə bu, necə edilə bilərdi? Bu, çox sadə bir misaldır", deyə S.Əkbər bildirib.

Onun sözlərinə görə, arxivin bu hissəsinin xidməti istifadə üçün qapalı olması çox sayda ciddi, bəzən də həyati və həyati vacib məsələ və problemlərin həllinə imkan verməyib:

"Bu səbəblə, SSRİ dövründə KQB ilə məxfi əməkdaşlıq edən, hərəkat daxilində yerləşdirilən, sonra da hakimiyyətdə yüksək vəzifələr tutan bu şəxslərin öncə müəyyən edilməsi, sonra da onlar haqqında məhkəmədə sübut sayıla biləcək fakt, sənəd, dəlil və sübutların toplanması, təbii ki, ardınca onların ifşa olunması və neytrallaşdırılması da mümkün olmayıb. Ortaya siyasi iradə qoyulmayıb. Bu barədə dilə gətirilən tənqidi fikirlərin nəyinə etiraz edirsiniz? Və bu etiraz edənlər kimlərdir? 4 iyun qiyamınadək arxivin bu bölümü MTN işçilərinin üzünə, o cümlədən nazirin I müavini kimi şəxsən mənim üzümə bağlı olmayıbmı? Axı “agentura arxivi”nin xidməti istifadə üçün (!) qapalı olmasının, 1 ildən çox qapalı saxlanılmasının bir məntiqi izahı olmalıdır, ya yox?

Mövcud şəraitdə vətəndaşlarda təbii olaraq bir sual yaranıb: Arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün xidməti istifadə üçün qapalı olduğu halda, siz o məlumatları necə əldə etmisiniz? Nazirlik əməkdaşlarının mənə verdiyi məlumata görə, 20 Yanvar ərəfəsində və ondan sonra arxivlə bağlı böyük miqyaslı “təmizlik” və “yenidənqurma” işləri aparılıb. Həmin dövrdə arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümündəki tam məxfi məlumatların bir hissəsinin əlavə elektron və çap variantı hazırlanıb. Mənə çap variantı təqdim edilib. Mən gördüm ki, orada təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərində saxlanılan tam məxfi məlumatların bir bölümü, istənilən məxfi əməkdaşın kimliyi haqqında yetərli əməliyyat məlumatı mövcuddur. Mən bu məlumatları araşdırmışam, əlavə əməliyyat məlumatları toplayaraq onları “möhkəmləndirmişəm” və hakimiyyətdə yüksək vəzifə tutanların bir qrupu haqqında, tutduğum vəzifənin tələbinə uyğun olaraq, prezidentə məlumat vermişəm".

Sabiq nazir müavini qeyd edib ki, bu məlumat kağız parçasında əllə yazılmış adlar və soyadlarından ibarət olub:

"Heç bir yerdə rəsmi qeydiyyata düşməsin və heç bir izi qalmasın deyə, bu yolu seçmişəm. Prezidentlə görüşdə siyahıda adları olanların adlarını (ortam dinləməsinin mümkünlüyünü nəzərə alaraq) səsləndirməmişəm. Sadəcə, siyahıda adı olan həmin vəzifəli şəxslər haqqında MTN-nin “agentura arxivi”ndə onların KQB ilə məxfi əməkdaşlıq etmələri ilə bağlı müvafiq məlumatların olması və bu səbəblə, onların tutduğu vəzifələrdə qalmasının milli təhlükəsizlik baxımından düzgün olmaması haqqında fikirlərimi bildirmişəm. Yəqin ki, buna etiraz etməzsiniz. Çünki bu, birbaşa mənim vəzifəm idi.

Mərhum Prezident Əbülfəz Elçibəylə birgə yeməkli söhbət haqqında isə Sülhəddin Əkbər belə deyib: "Bu, ikilikdə, üzbəüz olan yeməkli söhbət olub. Orada 3-cü bir şəxs olmayıb. Əgər ortam dinləməsi olmayıbsa, bu barədə digərlərinə yalnız özü məlumat verə bilərdi. Deyilənlərə inansaq, elə belə də olub. Yəni ilk olaraq başqa şəxslərə bu söhbət barədə məhz mərhum Prezidentin özü məlumat verib. Bu da mənim mənəvi-psixoloji yükümü, nisbətən də olsa, azaldır. Yenə deyilənlərə inansaq, aydın olur ki, Prezident məsələnin kəskinliyi və həssaslığını nəzərə alaraq, söhbətdəki kritik mövzudan bəhs etməyib. Hər halda, mən belə anlayıram. Orada müzakirə predmeti olan kritik məsələ yenə də arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün xidməti istifadə üçün açılması olub.

Qeyd edim ki, məhz bu mövzunu Prezident özü açıb və məndən müəyyən şərtlə (şərtə müsahibədə toxunmuşam) “agentura arxivi”nin xidməti istifadə üçün açılmasına razılıq verməyim istənilib. Şərtdən bəhs edərkən yenə də heç bir ad çəkməyib. Həmin görüşdə nə mənim, nə də Əbülfəz bəyin tərəfindən heç bir ad səsləndirilməyib. Mən Prezidentin bu təklifi konkret olaraq hansı səbəbdən irəli sürdüyünü bilmirəm. Çünki mən, dediyim kimi, “agentura arxivi”nin xidməti istifadə üçün şərtli açılmasına razı olmadığımı və istefa verməyə hazır olduğumu həmən bildirmişəm. Bu səbəblə, heç bir sual da verməmişəm. Mən bu məsələ ilə bağlı yalnız öz şəxsi mülahizəmi söyləyə bilərəm. İlk növbədə qeyd edim ki, mən həmin dövrdə Moskvanın həm daxildən, həm də xaricdən Prezidentə təzyiq edə biləcəyini istisna etmirəm. Çünki Kreml postsovet məkanının bütün yeni dövlətlərinin siyasi rəhbərliyinə müxtəlif məsələlərlə bağlı təzyiqlər edirdi. Bu, sirr də deyil. Bu təzyiq, əslində, hər zaman olub, bu gün də davam edir. O da nəzərə alınmalıdır ki, adları “agentura arxivi”ndə gizli saxlanılan keçmiş KQB-nin Azərbaycan Respublikasındakı məxfi əməkdaşlar şəbəkəsi Moskvanın buradakı ən güclü və dərin “yumşaq gücü” idi. Və mən əminəm ki, həmin güc zamanında neytrallaşdırılsaydı, Azərbaycanın tarixi tam başqa istiqamətdə inkişaf edə bilərdi. Ola bilsin, Prezidentdə məndə olmayan əlavə məlumatlar da olub. Bu, təbiidir. Və o kimlərisə, nələrisə, nədənsə qorumaq istəyib. Yaxud burada mənim bilmədiyim tamamilə başqa amillərin təsiri olub. Bilmirəm".


Paylaş:


Müəllif : Tarix:
16-06-2020, 09:15
  


loading...
Загрузка...