reklam
» » Hüseynqulu Bağırovla Zakir Sultanov əlbir olanda... - GİLEY

reklam

Hüseynqulu Bağırovla Zakir Sultanov əlbir olanda... - GİLEY

Bakının arxitekturalı, tarixi abidə kimi qorunan daha bir binası dağılmaq üzrədir. Söhbət Səbail rayonu, İstiqlaliyyət küçəsində (metronun “İçərişəhər” stansiyasının bir addımlığında) yerləşən yaşayış binasından gedir. 1892-ci ildə inşa edilmiş bina uzun illərdir təmir olunmayıb, nəticədə qəzalı vəziyyətə düşüb.

Regionxeberleri.com KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə bina sakinləri məlumat veriblər. Onların sözlərinə görə, tarixi abidə kimi qorunmalı olan bina bilərəkdən məhv edilir. Məsələ burasındadır ki, bir zamanlar ölkənin elm adamları üçün nəzərdə tutulan, 60-a yaxın ailənin yaşadığı üçmərtəbəli binada indi cəmi 14 ailə qalıb. Digər mənzillər keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tərəfindən alınıb, hazıda sabiq nazirə məxsus “Qərbi Karpi” Universiteti, bu universitetə məxsus orta məktəb, uşaq bağçası bu binada yerləşir.

Hüseynqulu Bağırov və Zakir Sultanov: iki korrupsioner əlbir olanda…

Sakinlər deyiblər ki, Bağırov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, binanın girişini dəyişib, əlavə mərtəbə artırıb, mənzillərin ikisində kafe-restoran açıb. Üstəlik yaşıllıqların qorunmasına cavabdeh olan şəxs həyətdəki iri tut ağacını da dibində qopararaq məhv edib.

Şikayətçilər iddia ediblər ki, bu işdə keçmiş nazirə Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi, hazırda korrupsiya ittihamları ilə həbsdə olan Zakir Sultanov köməklik edib. Arxitekturalı binanın görkəmini dəyişməyə icazə verib.

“Hüseynqulu Bağırov nazir olmadan əvvəl – 1989-90-cı illərdə həyətdə yerləşən komsomol məktəbində işləyirdi. Sonradan hamı dağılıb getsə də, Bağırov burda komendant kimi qaldı. Komsomol məktəbini Gənclər İnstitutu, daha sonra isə Qərb Universiteti elədi. Sonradan yavaş-yavaş həyətdəki ikinci, üçüncü mərtəbələri icarəyə götürdü. Daha sonra isə 15 mənzili aldı. Həmin mənzillər Qərb Universitetinin binasına qatılıb”, -sakinlərdən biri məlumat verib.

“Bu adamın bu qədər pulu haradandır?…”

Şikayətçilər deyiblər ki, şəhərin mərkəzində belə bir həyətdə, qəzalı vəziyyətə düşmüş binada universitetin, məktəbin fəaliiyət göstərməsi yolverilməzdir: “Qonşuluqda bir həkim vardı, ona 285 min dollar verdi, onun da mənzilini aldı. Bəzilərinə 100, bəzilərinə isə 70 min verib, razılaşdırıb mənzillərini əllərindən aldı. Bu adamın bu qədər milyardları hardandır? Maaşı 1700-1800 manat olan birisi bunları hansı yolla ələ keçirib? Hüseynqulu Bağırov bununla da kifayətlənməyib nazir olandan sonra mədəniyyət nazirliyinin yüksək rütbəli şəxsləri ilə birləşib qanunsuz olaraq binanın üstündən dördüncü mərtəbə də qaldırdı. Dördüncü mərtəbədə də məktəb açıb”- bina sakini Rauf Quliyev belə deyib.

R.Quliyev bildirib ki, baş verənlərə etiraz edib, nəticədə onu həbs etməklə hədələyiblər. Deyiblər ki, nazirə qarşı etirazın sonu yaxşı nəticələnməyəcək.

Gəldilər, yoxladılar, getdilər…

Sakinlərin sözlərinə görə, dəfələrlə əlaqədar qurumlara şikayət etsələr də, onların şikayətlərinə baxan olmayıb: “Dəfələrlə Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmişik, həyətimizdə aparılan qanunsuz tikililərin ucbatından binamızın, mənzillərimizin qəzalı vəziyyətə düşdüyünü demişik. Gəldilər, yoxladılar, getdilər. Bizim bina qədimi arxitektur binadır, Dövlət Reyestrində yer alır, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeydiyyatdadır. Bu binanın sökülməsi nəzərdə tutulmayıb, rekonstruksiya olunmalı, necə varsa o cür də qalmalıdır. Tələbimiz isə ondan ibarətdir ki, binamızı restavrasiya eləyib özümüzə qaytarsınlar”.

Sakinlərin dediklərindən belə məlum olub ki, dərs günlərində nəinki həyətdə, hətta evlərində otura bilmirlər. Binadan alınan mənzillər H.Bağırovun qohumlarının adına rəsmiləşdirilib.

İyirmi ildir sakinlərin başına oyun açırlar

Sakinlər deyir: “İyirmi ildir başımıza min bir oyun açırlar. Baxın, kafenin mətbəxinə giriş həyətdəndir. Hara şikayətə gedirdik bizi qovurdular. Bizim tələbimiz odur ki, həyətimizdəki qeyri-qanuni tikinti sökülsün, binamız restavrasiya olunsun, normal vəziyyətdə yaşaya bilək. Hava ala bilmirik, paltarlarımızı sərməyə yerimiz yoxdur. Həyətə su nasosları qoyublar, qazanxana quraşdırıblar. İkinci mərtəbəyə heç nasosla da su qalxmır. Dərs başlayan kimi qazın təzyiqi də aşağı düşür. Şəhərin mərkəzində öz evimizdə, doğulub böyüdüyümüz həyətdə sussuz, havasız, qazsız, bir sözlə acınacaqlı, çarəsiz vəziyyətdə qalmışıq”.

Daha bir problem- həyətin girişi də zəbt olunub, tunelə çevrilib. Sakinlər bildirir ki, təcili yardım maşını gələndə həyətə daxil ola bilmir:” Qonşu öldü, biz onu döşəkdə çölə qədər apardıq. Allah göstərməsin, birdən yanğın oldu, yaxud nəsə bir hadisə baş verdi, bu həyətə yanğınsöndürən, təcili yardım maşını necə girəcək?”

“Deyirlər evimi onlara satım, köçüm. Niyə?…”

Bina sakini Ofeliya Əsgərova isə deyib ki, bu illər ərzində döymədiyi qapı qalmayıb. Amma nə şikayətlərini dinləyən olub, nə də həyətdəki qanunsuz tikiliyə müdaxilə edilib: “Mənzilim yaşayış üçün yararsız haldadır, kafellər düşüb, dərin çatlar yaranıb. Bir az möhkəm hərəkət edən kimi bina sirkələnir. Dəhlizdəki ümimi hamam, tualeti bağlayıblar, dəmir jalüzlər qoyublar. Yaşadığım mənzilin divarının o biri tərəfi universitetdir. Astma xəstəsiyəm, tənha, yaşlı qadınam. Dəfələrlə mənə də təklif ediblər ki, evimi onlara satım. Niyə satmalıyam axı? Mən bu həyətdə doğulmuşam, burada böyümüşəm, 67 yaşım var, niyə kimlərə görəsə çemodanımı yığıb harasa getməliyəm?”

Şikayətçi deyir ki, onları öz ev-eşiklərində çıxılmaz vəziyyətə salanlar özləri də yaxşı bilirlər ki, arxitektor binalara toxunmaq olmaz, amma qanunlara məhəl qoymurlar: “Burada dördüncü mərtəbəni tikiblər. Bunu bütün qurumlar bilir. Qəzalı vəziyyətdə olan mənzillərimizi təmir eləsinlər, normal vəziyyətdə yaşayışımızı bərpa eləsinlər. Universiteti də həyətdən köçürsünlər”.

Qərb Universitetini köçürsünlər, binanın tarixi görkəmini qaytarsınlar

Digər sakin Ruslan Mehrəliyev isə deyir ki, əslində məqsəd odur, sakinlərin gününü qara eləsinlər, onlar da məcbur olub başqa yerə köçüb getsinlər: “Bu binada tavanın hündürlüyü 5 metrdir, Bakıda belə binalar qalmayıb. Binanın çöl tərəfindın baxanda içəridə nə baş verdiyi görünmür. Divarlar taxta arakəsmələrdən ibarətdir. O yanda nə danışılırsa hamısı bizim mənzillərdə eşidilir. Divarın bir tərəfində uşaqların səsi, o biri tərəfdə mühasibatlıq işçilərinin səs-küyü. İnanın ki, səs-küydən evimizdə otura da bilmirik. Binanın blokunu, pilləkənları da bərbad günə qoyublar. Oranı təmir etdirmək isə belə ağıllarından da keçməyib. Bu qapalı həyətdə on kondisioner birdən işləyir, restoranların bişirdiyi yeməklərin yağları oradan çıxır”.

Bina sakini Milli Elmlər Akademiyasının işçisi, fəlsəfə elmlər doktoru 77 yaşlı Rəfael Səlimov deyib ki, onun mənzilinin həyətə iki çıxış qapısı olub. Sonradan qapının birini bağlayıblar və dəmir jalüz vurublar: “Mənim uşaqlığım bu həyətdə keçib, ömrümdə belə şeylər görməmişəm. İndi həyətdə uşaqların oynamağına yer də yoxdur. Harada oynasınlar?”

Sakinlər bildiriblər ki, onlar Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya güvənirlər, problemlərinin tezliklə həll olunacağına inanırlar.









Paylaş:


Müəllif : Tarix:
25-05-2020, 11:43
  


loading...
Загрузка...