reklam
» » İcra başçıları üzərində ciddi nəzarət olmalıdır - Əks halda...

reklam

İcra başçıları üzərində ciddi nəzarət olmalıdır - Əks halda...


Son zamanlar Azərbaycanda korrupsiyaya bulaşan iri ranqlı məmurlar vəzifədən azad edilir, həbs olunurlar. Xüsusilə də əməllərinə görə ictimaiyyət arasında “kiçik padşahlar” adlandırılan icra başçılarına qarşı dövlət tərəfindən sərt iradənin şahidi oluruq. Korrupsiyaya bulaşaraq xalqın cibinə, dövlətin büdcəsinə girən icra başçılarının aqibətini hər kəs görür. Hesab edilir ki, atılan bu cür addımlar Azərbaycan dövlətinin inkişafına, yüksəlişinə gətirib çıxaran hallardır. Dövlət-vətəndaş arasında narazılıq yaradan bu şəxslərin həbs olunması sadə vətəndaşlar tərəfindən də müsbət qarşılanır. Eyni zamanda insanlar artıq məmurlarla bağlı narazılıqlarını ictimailəşdirməkdən çəkinmirlər. Hadisələr həm də bu kimi gizlinlərin aşkara çıxmasına şərait yaradır.

Sosial şəbəkələrdə, mətbuat səhifələrində yazılan şikayətlərdən belə aydın olur ki, bəzi icra başçıları bu qədər hadisələrə rəğmən hələ də qanunsuz əməllərindən əl çəkmirlər.

Məsələn, ötən gün Musavat.com-a şikayət edən iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Xızının icra başçısının onun torpaqlarını ələ keçirmək istədiyini açıqladı. Bildirdi ki, icra başçısı ilə çəkişməsi hüquqi müstəvidə davam edir. Eləcə də bu kimi şikayətlər yenə də var və ayrı-ayrı icra başçılarından narazılıqlar mətbuat səhifələrində yer alır.

İcra başçıları nə üçün baş verənlərdən nəticə çıxarmırlar?

“Yeni Müsavat”a danışan ekspert Fərhad Mehdiyev bildirib ki, korrupsioner məmuru düzəltmək demək olar ki, mümkün deyil:

“Yəni bir adam bu yolla gəlir əldə etməyə öyrəşibsə, ondan imtina edə bilmir. Bu, yalnız labüd həbs qorxusu ilə mümkündür. Azərbaycanda rüşvəti yığışdırmaq olar. Onlar dəqiq bilsələr ki, tutulacaqlar, o zaman tutulmayacaqlar. Şəxsən mən hesab edirəm ki, bu həbslərdə müəyyən siyasi hesablar da var. İcra başçıları toplu halda o zaman korrupsiyadan əl çəkəcəklər ki, məhkəmələrdə də rüşvət aradan qalxsın. Məhkəmədə hakim pul aldığına görə icra başçısına da qulaq asmağa məcburdur. Düzdür, hakimlərə nəzarət edən Məhkəmə-Hüquq Şurasıdır. Lakin məhkəmələrdə də korrupsiya mövcuddur. Dövlət satınalmalarında isə vəziyyət daha da acınacaqlıdır. Əgər total mübarizə başlasa, icra başçıları bir qədər də geri çəkilərlər. Bilirlər ki, onlar mütləq həbs edilə bilər. Hamı bilir ki, icra başçılarının əksəriyyəti rüşvətxordur. Azərbaycanın istənilən rayonunda dövlət torpaqlarında tikilən müəssisələri görmək olar. Bunların hamısı korrupsiya ilə tikilir. Onların korrupsiyası torpaq ayırma sənədlərindədir. Baxırsan ki, hərrac keçirmədən hansısa ərazini 1 ayın müəssisəsinə veriblər. Əgər qanunla icra hakimiyyəti yolun kənarındakı hansısa yerdə ticarət obyekti tikmək üçün qərar verirsə, bunun elanını verməli, layihələri istəməlidir. Ondan sonra isə kimə veriləcəyi bəlli olmalıdır. Ancaq sənədlərə baxırsan ki, 1 aylıq şirkətə torpaq verib. Çünki rüşvət alıb. Hər rayonda bu cür hallar var və bu, qanunsuzdur. Bundan əlavə, sosial işçilərin maaşları, təmir-tikinti işlərindən yeyintilər də mövcuddur. Tenderlərə baxırsan ki, bölüb, 50 mindən aşağı salıblar ki, birbaşa satınalmaya getsinlər. Yaxud da tenderi udan şirkətlərə baxırsan ki, bunlar da bir aya qurulanlardır”.

Ekspert bildirib ki, korrupsiya təcrübəsi olmayan yeni kadrlar nələrsə edə bilərlər:

“Lakin bir məsələ də var ki, rayonların prokurorları da dəyişdirilməlidir. Çünki dövlət qurumlarında korrupsiya ilə mübarizəni prokurorluq aparır. Korrupsiya təcrübəsi olmayan yeni kadrların idarəçiliyi necə olacaq, bunu görəcəyik. Ancaq məsələ budur ki, istənilən təmiz adamı vəzifəyə gətirirsənsə, onun hesabatlılığı, fəaliyyətində şəffaflığı olmayandan sonra korrupsiyalaşacaq. Mən indiyə qədər heç zaman korrupsiyaya bulaşmamışam. Lakin məni icra başçısı qoysalar, yenə rüşvət almaram, amma dost-tanışıma tender verə bilərəm. Əgər bilsəm ki, mənim fəaliyyətim üzərində ciddi nəzarət var, o zaman tenderlərdə də korrupsiyaya getməyəcəm. Əgər sənin cibinə pul girmirsə, lakin sənin əməllərinə görə dost-tanışın qazanırsa, bu da korrupsiyadır. Əsas odur ki, ümumi maraqlar qorunsun. Yəni xalqın marağını qorumaq lazımdır. Görünən iş ən ucuz və keyfiyyətli formada həyata keçirilməlidir. Bunun üçün də insan vicdanlı olmalıdır. Lakin bu da yetərli deyil. Fransalı mütəfəkkir Monteskyünün maraqlı fikri var. O deyib ki, mütləq hakimiyyət insanı pozar. İcra başçısı da hakimiyyət sayılır. Mütləq hakimiyyət də odur ki, nəzarətsiz, qeyri-şəffaf iş görürsən. Yəni belə nəticəyə gəlmək olar ki, nəzarətsiz, qeyri-şəffaf iş görənlər korrupsiyaya səbəb olurlar. Məsələ də bundadır”.


Paylaş:


Müəllif : Tarix:
21-05-2020, 09:04
  


loading...
Загрузка...