reklam
» » "Şəxsən mənə 30 min manata yaxın zərər dəyib..." - GİLEY

reklam

"Şəxsən mənə 30 min manata yaxın zərər dəyib..." - GİLEY

“Avqustdan oktyabradək 9 qapıdan ümumilikdə 40 başdan çox iribuynuzlu heyvan aparılıb. 6 aydan çox vaxt keçir, polis hələ də oğrunu tapmayıb”. Goranboyun Meşəli kəndində məskunlaşan kəlbəcərli Mürşüd Zeynalov danışır ki, oğrular onun həyətinin arxac deyilən hissəsindən ayrı-ayrı vaxtlarda xeyli heyvan aparıblar. Ancaq oğurlanan təkcə onun mal-qarası deyil, həmin ərazidə yaşayan bir neçə ailənin heyvanı yoxa çıxıb.

“Birinin heyvanını otlaqdan oğurlayırlar, birinin heyvanını həyətindən... Şəxsən mənim 6 baş inəyim avqustun 22-də, 8 baş heyvanım oktyabrın 2-də həyətimdəki arxacdan aparılıb. Necə peşəkardılarsa, inəkləri elə aparırlar, heç kəs xəbər tutmur. Adamlar iş-güclərini atıb, səhərdən axşama, axşamdan səhərədək heyvanını güdür. Söhbət 4-5 heyvandan yox, dediyim kimi, azı 40-45 heyvandan gedir. Necə cəsarətli oğru olasan ki, eyni kənddən qısa müddətdə bu qədər heyvan oğurlayasan. Gedəsən, oğurluq etdiyin yerə yenə qayıdıb, dəfələrlə oğurluq edəsən. Bu oğrular cəsarəti kimdən, hardan alır? Kimə arxayındılar, kim tərəfindən himayə olunurlar ki, heç kimdən qorxmurlar? Bu sualların cavabı bizə də qaranlıq qalıb”, - Mürşüd Zeynalov deyir.

Mürşüd Zeynalov deyir, heyvanların oğurlandığı ərazilər kameralaşdırılmış ərazidir: “Yaşadığımız ərazi döyüş bölgəsi hesab olunur. Buralar düz Murovdağa, Tapqaraqoyunluya qədər kameralaşdırılıb. Oğru hansı tərəfdən getsə, o kameraya düşməliydi. Ancaq polis deyir, oğru kameraya düşməyib. Şəxsən məni çağırıb, görüntüləri göstəriblər, o görüntülərdə şübhəli heç nə görməmişəm. Hərçənd ki, texnologiyadan başım çıxmır, bilmirəm ki, mənə hansı tarixin, hansı saatın görüntüləri göstərilib. Bu oğru iynə oğurlamayıb, hər dəfəsində azı 7-8 inək aparıb, necə ola bilər ki, o boyda həngamə kameraya düşməsin, bu da bizə şübhəli qalıb”.

Mürşüd Zeynalov deyir, şəxsən özü bazarları dolaşıb ki, bəlkə mal-qarası ilə rastlaşar: “Günlərlə bazarları dolaşmışam, mal-qaramı axtarmışam, onu da deyim ki, oğru hər dəfə seçib, ən sağlam, ətlik inəkləri aparıb. İllərdir ki, mal-qarayla dolanırıq, südünü, ətini satıb ailələrimizi saxlayırıq. Bir tərəfdən də dadanıblar kəndə, gecəylə yığıb-yığışdırıb aparırlar. Şəxsən mənə 30 min manata yaxın zərər dəyib. Oğurlanan inəklərimin hamısı sağmal, ətlik idi, bazara çəksəydim, azı 2500-3000 manata sata bilərdim".


Paylaş:


Müəllif : Tarix:
28-02-2020, 09:07
  


loading...
Загрузка...