reklam
» » Yeni məktəbli forması KİMİN İNHİSARINDADIR? - İDDİA

reklam

Yeni məktəbli forması KİMİN İNHİSARINDADIR? - İDDİA


2020-2021-ci tədris ilindən şagirdlər üçün yeni məktəbli formalarının tətbiqinə başlanılması nəzərdə tutulur. Artıq Təhsil Nazirliyində yeni tədris ili üçün şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.

Layihəyə görə qızlar üçün yay geyim formasının qısaqol köynək və ətəkdən, qış geyim formasının isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulur. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək.

Şagirdlərin geyim formalarında ediləcək bu yenilik valideynlər tərəfindən müsbət qiymətləndirilsə də, ən böyük narahatçılıq bu formaların tikilişinin yenidən yalnız bir tikiş müəssisəsinə həvalə olunması ilə bağlıdır. Sputnik Azərbaycan yeni tətbiq olunacaq məktəbli formalarının tikilişində valideynləri narahat edən əsas məqamın, inhisarçılığın aradan qaldırılmasının yollarını araşdırıb.

Qeyd edək ki, hazırda dövlət ümumtəhsil müəssisələrində tətbiq olunan məktəbli formalarının tikilişi illərdir Bakı Tikiş Evi (BTE) tərəfindən aparılır. 100 mindən çox şagirdin məktəbli formasının yalnız bir tikiş müəssisəsinə həvalə olunması qiymət diktəsi ilə yanaşı, keyfiyyətsiz formaların ərsəyə gəlməsinə səbəb olur. Valideynlər eyni problemin təkrar olunmaması üçün məktəbli formalarının tikilişinin bir tikiş müəssisəsinə həvalə edilməsinin yolverilməz olduğunu söyləyirlər.

Üç övladı məktəbli olan Günel Salmanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, məktəbli forması keyfiyyətsiz olduğundan, hər il uşaqlarına yeni geyim almalı olur: “Əvvəllər bir formanı uşaq ən azı iki il geyinirdi. BTE-nin tikdiyi məktəbli formalarının bir tədris ili keçməmiş rəngi solur, paltar süzülür. Bazarda da yalnız bir tikiş müəssisəsinin geyimləri olduğundan, biz hər il uşağa yeni məktəbli forması alırıq. Şalvar və ətəklərin isə heç bir il keçməmiş keyfiyyəti itir. Bizim tələbimiz odur ki, nazirlik məktəbli formasının dizaynını müəyyən etsin, bu formaların tikilişi sərbəst olsun. Hər bir valideyn istədiyi tikiş müəssisəsində bu geyimi öz övladının ölçüsünə uyğun tikdirə bilsin. Çünki bir tikiş evində standart tikilən formalar çox vaxt uşaqların ölçüsünə uyğun gəlmir. Qiyməti isə bahadır”.
Təhsil Nazirliyindən isə bildirdilər ki, məktəbli formasının hazırlanması ilə bağlı nazirlik yalnız ictimai rəyi öyrənir. Formaların tikilişinin hansı müəssisə tərəfindən həyata keçiriləcəyinin nazirliyə aidiyyəti yoxdur.

Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbli formalarının istehsalının bir tikiş evinə həvalə olunması qiymət diktəsi ilə yanaşı keyfiyyətsiz geyimlərin ərsəyə gəlməsinə səbəb olur. S.Babayeva deyir ki, məktəbli formalarının hazırlanmasında birnövçülüyə üstünlük verilməsi düzgün deyil. Tekstil sahəsi üzrə mütəxəssis həmçinin bildirir ki, indiyədək onun rəhbərli etdiyi tikiş müəssisəsində 76 çeşiddə məktəbli forması hazırlanıb: “Hər zaman bir tikiş müəssisəsinin məktəbli geyimləri istehsal etməsi ən əsas məsələ olan azad bazar prinsiplərinə ziddir. Belə olduqda təbii ki, şagirdlər üçün keyfiyyətli və münasib qiymətə məktəbli formasının hazırlanmasından söhbət gedə bilməz. Çox təəssüf ki, son illər məktəbli geyimi əsasən bir müəssisə tərəfindən istehsal edilir”.

S.Babayeva məktəbli formaları modellərinin ancaq bir tikiş müəssisəsindən qəbul edilməsinin düzgün olmadığını söyləyir: “Mən çox istərdim ki, bütün tikiş müəssisələrinə məktəbli formaları modellərinin hazırlanmasında iştirak üçün bərabər imkanlar yaradılsın. Yalnız bir tikiş evinin modelyerinin işçi qrupuna salınması doğru deyil. Bizim müəssisə indiyədək çoxnövlü məktəbli geyimlərinin hazırlanması ilə bağlı böyük təcrübəyə malikdir. Amma həmin işçi qrupunda təmsil olunan müəssisə bizim məktəbli forması modellərini oğurlayaraq təqdim etməklə bu məktəbli geyiminin tikilməsində yenidən inhisarçı rol oynamağa çalışır”.

S.Babayeva deyir ki, rəhbərin olduğu tikiş müəssisəsinin hazırladığı məktəbli geyimləri standartlara uyğunluq sertifikatı alıb. Amma buna baxmayaraq, məktəbli geyimlərinin modellərinin hazırlanması ilə bağlı yaradılan işçi qrupundan kənar qalıblar: “Bu məndə belə təsəvvür yaradır ki, məktəbli formasının hazırlanması yenidən həmin müəssisəyə həvalə olunacaq”.

Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov isə bildirir ki, yeni məktəbli formalarının hansı müəssisələrdə hazırlanacağı ilə bağlı qərar yoxdur: “Hazırda bir neçə nümunədə məktəbli formalarının üzərində işləyirik. Bildiyiniz kimi, bazarda ən böyük müəssisə bizik və 10 ildir bu işlə məşğuluq. Hər il BTE-nin tikdiyi məktəbli formaları daha çox alınır. Həmçinin “BTE” nişanı olan formalara cavabdehik və onların keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlanılaraq təsdiq edilir. Bununla yanaşı, əvvəlki məhsullarımız Avropa laboratoriyalarında da yoxlanılaraq, sertifikat verilib”.

E.Əzimov deyib ki, qurumun hazırladığı məktəbli forması nümunələri nazirlikdə qəbul edilərsə, ötən illərdə olduğu kimi yenə də BTE məhsullarını satışa çıxaracaq.

Xatırladaq ki, nazirliyin təklif etdiyi geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;

- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq qəhvəyi.

Məlumat üçün qeyd edək ki, yeni vahid məktəbli formasının hazırlanması ilə bağlı Təhsil Nazirliyində İşçi Qrupu yaradılıb.



Paylaş:


Müəllif : Tarix:
31-01-2020, 09:09
  


loading...
Загрузка...