reklam
» » Yanmış “EuroHome” sahibinin bacısı oğlunun qara əməlləri üzə çıxdı... - İTTİHAM

reklam

Yanmış “EuroHome” sahibinin bacısı oğlunun qara əməlləri üzə çıxdı... - İTTİHAM

Son vaxtlar Azərbaycanda imkanlı, tanınmış və xüsusən oliqarx qohumların adından yararlanmaqla qara əməllərin törədilməsi geniş vüsət almaqdadır. Aşağıdakı yazının da “qəhrəmanı” son günlər adı gündəmdən düşməyən, bir neçə gün öncə yanıb külə dönmüş “Eurohome” tikinti bazarının sahibi oliqarx Azay Möhnətovun bacısı oğlu – Elvin Binyətovdur...

Əldə etdiyimiz məlumata əsasən, Binyətov Elvin Səxavət oğlu Bakı şəhər sakini, iş adamı Ələsgər Əbdüləli oğlu Əliyevin dələduzluq yolu ilə 67. 000 ABŞ dolları məbləğində vəsaitini ələ keçirib və uzun sürən məhkəmə prosesləri nəticəsində qüvvəyə minmiş məhkəmə qətnamələrinə baxmayaraq borclu olduğu həmin məbləği qaytarmaq belə, fikrində deyil...

Moderator.az-a açıqlamasında zərərçəkmiş Ələsgər Əliyev bildirib ki, o, Elvin Binyətovu çoxdan tanısa da, əvvəllər heç vaxt onunla sıx əlaqədə olmayıb. 2016-cı ildə E.Binyətov biləndə ki, Ə.Əliyev bizneslə məşğuldur, özü onu tapıb. Və köhnə tanışının etibarını qazanmaq üçün deyib ki, dayısı Azay Möhnətovun əlaqələrindən istifadə edərək Ələsgər Əliyevə biznesini genişləndirmək üçün dəstək verə bilər. Bu minvalla Ə.Əliyev 2016-cı ildə birgə iş görmək məqsədilə E.Binyatova 67 min ABŞ dolları pul verib.

“Həmin pulla Elvin Dubaydan məişət texnikası gətirməli və dayısının şirkətinin adına rəsmiləşdirməklə xərcləri azaltmalı idi. Bundan sonra biz həmin malı birgə satıb mənfəəti bölüşməli idik. Bunun üçün mən pulu Elvin Binyatova kredit müqaviləsi əsasında verdim. 67 min dolları ona 2016-cı ilin yanvar ayında vermişdim və kredit müqaviləsinə əsasən eyni məbləği 3 ay müddətində mənə qaytarmalı idi. Ancaq E.Binyətov pulu deyilən vaxtda qaytarmadı. Sonradan bildik ki, o, həmin malları dəyər-dəyməzinə “Sədərək” ticarət mərkəzində satıb və əldə etdiyi məbləği mənimsəyib. Bununla bağlı qaldırdığım iddia əsasında işə sonda Nəsimi rayon məhkəməsində baxılıb və mənim xeyrimə qərar qəbul olunub. Yəni Elvin Bünyatovun mənə borclu qaldığı məbləği ödəməli olduğu qanunla da təsdiqlənib. Ancaq təəssüf ki, bu günə qədər həmin qanunu qərar icra edilmir”- şikayətçi belə deyir.

Ə. Əliyev davam edir:

“Hamı yaxşı bilir ki, Elvin Binyətov və dayısı Azay Möhnətov hansı maddi sərvətlərə sahibdirlər. Elvin son vaxtadək hər 5-6 aydan bir yeni ofis dəyişirdi. Bahalı maşınlar sürürdü. Maşınların nömrələri də bahalıydı. Hazırda da Elvin 99—999 nömrəli bahalı “Land Rover” avtomobili sürür, Təzə Bazar ilə üzbəüz olan dairəvi binalarda Azay Möhnətovun inşa etdirdiyi 200 kv.m-dən artıq sahəsi olan mənzildə yaşayır, şəhərdə digər mənzillərə də sahibdir, Şamaxı və İsmayıllıda hektarlarla torpaqları var. Lakin hər bir dələduz kimi bunların heç biri onun adına deyil...”

Ələsgər Əliyevin təqdim etdiyi məhkəmə sənədlərindən də aydın görünür ki, Binyətov işi suni olaraq məhkəmələrdə uzadıb. Zərərçəkmiş Ə.Əlievin iddiası əsasında əsas iş Şamaxı rayon məhkəməsində getsə də, proses dəfələrlə yarımçıq saxlanılıb və E.Bünyətov digər məhkəmələrə edilən haqsız iddialarıyla ədalət mühakiməsinin həyata keçirilməsinə mane olub. Nəhayət, məhkəmə işi bitib və iş icrasının təmin edilməsi üçün Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilib. Lakin burada iş icra edilməyərək bir müddət yubandırılıb və sonradan Nəsimi rayon İcra və Probasiya şöbəsinə yollanıb. Ancaq bu günədək külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı bu işdən heç bir nəticə əldə olunmayıb...

Ə.Əliyev deyir:

“Sonradan eşitdim ki, Elvin dayısı Azay Möhnətovun adından istifadə etməklə digər iş adamlarının da pullarını dələduzluq yoluyla mənimsəyib. Dayısına onun mənə borclu olması haqqında danışmışdım. Azay Möhnətov da 2017- ci ildə Elvin Binyətovla məni sahibi olduğu “Af Hotel Novxanı” da görüşdürdü. Görüş zamanı Elvin mənə borclu olduğunu etiraf etdi. Bu ərəfədə də o, yeni “Prado” markalı maşın almışdı. Dayısı Elvinə dedi ki, maşının açarlarını mənə versin və borc məsələsi bitsin. O isə dayısına qulaq asmadı. Sonda məndə helə təsəvvür yarandı ki, bu, qurama iş olub. Dayısı onun işlərindən xəbərdardı; “Prado”nun mənə verilməyəcəyini (borcun qaytarılmayacağını) əvvəlcədən biliblər və sadəcə, bir tamaşa qurublar…”

Zərərçəkmiş Ələsgər Əliyev onu da vurğulayır ki, Elvin Binyətov bu kimi şikayətlərə görə polis tərəfindən də saxlanılıb.

“Zərərçəkmiş şəxslər Elvin Bünyatovla bağlı “Bandotdel”-ə də müraciət etmişdilər. Lakin bir nəticə olmayıb. Daha bir məsələ üzrə 6 ay Kürdəxanıdakı təcridxanada həbsdə olub.Və bir neçə gündür ki, azadlığa çıxıb. Elvin Binyatov iddia qaldırdığım iş üzrə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə də məhkəmə qətnaməsinin yerinə yetirilməməsinə görə inzibati həbs alıb. Lakin sonradan iş Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilsə də, həmin idarə cinayət işinin açılmasına etiraz edib, baxmayaraq ki, onun əməllərində birbaşa cinayət tərkibi var və məhkəmə qərarını qəsdən icra etmir…” - deyə şikayətçi Ə.Əliyev bildirib.

Sonda dələduzluq nəticəsində külli miqdarda vəsaiti mənimsənilmiş Ələsgər Əliyev üzünü müvafiq dövlət, hökumət qurumlarına, eləcə də oxuculara tutaraq deyir:

“Hörmətli müvafiq qurum rəhbərləri, dəyərli oxucular, xahiş edirik özünüz nəticə çıxarın: Necə olur ki, bir adam tanınmış qohumunun adından istifadə edib vətəndaşlara qarşı dələduzluq edir, məhkəmə və icra sistemi isə guya onunla “bacarmır” və məhkəmə qərarının icrasını təmin edə bilmir. Ölkəmizdə oliqarxlar, dələduzlar bu qədər hakimi-mütləqdirmi?..”

Qeyd edək ki, zərərçəkmiş vətəndaş Ələsgər Əliyevin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya ünvanlanmış, məhkəmə qətnamələri və digər sənədlərlə əsaslandırılmış müraciətini yaxın müddətdə təqdim edəcəyik.

Yazıda adı çəkilən şəxs və qurumların da məsələyə Azərbaycan Respublikası qanunları çərçivəsində münasibətini dinləməyə hazırıq...


Paylaş:


Müəllif : Tarix:
17-12-2019, 09:12
  


loading...
Загрузка...