reklam
» » Gədəbəyin Qoşabulaq camaatı ölkə rəhbərliyinə müraciət etdi - "...sinəsində Quranla güllələnərək şəhid olub"

reklam

Gədəbəyin Qoşabulaq camaatı ölkə rəhbərliyinə müraciət etdi - "...sinəsində Quranla güllələnərək şəhid olub"


Gədəbəyin Qoşabulaq (köhnə adı Keşişkənd) kənd sakinləri “Yeni Müsavat” qəzeti vasitəsi ilə I vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət ediblər.

Kənd sakinləri qeyd ediblər ki, Şaumyanın rəhbərliyi altında bolşeviklərin və ermənilərin əmlaklarını məhv etdiyi, özlərini, ailələrini qətlə yetirdiyi bəylər arasında Çar Rusiyasının Duma üzvü, Keşişkənddən Allahyar bəy Zülqədərov və ailə üzvləri də olublar:

“Allahyar bəyin xanımı, inanclı insan Seyid Nisə xanım da sinəsində Quranla güllələnərək şəhid olub. Seyid Nisə öldürülərkən deyib ki, ”Məni öldürsəniz də, cəddim ölmür".

Onun cəddinə olan ehtirama görə Sovet hakimiyyəti vaxtı Hüseynəli müharibəyə aparılan oğlunun salamat qayıtmasını niyyət edərək 1945-ci ildə ona qəbir daşı düzəltdirir, iş adamı İlham isə onun məzarının yanında məscid tikdirməyə başlayır.

Ancaq İlhamın səhhətində yaranmış problem məscidin tikintisini tamamlamağa imkan vermir. Kənd sakinləri bu günə qədər yarımçıq qalan məscidi qoruyub saxlayıblar.

Sovet vaxtı aparılmış ateizm təbliği kəndlərdə İslam dininin zəifləməsinə səbəb olub. Kənd ağsaqqalı Kərbəlayı Mürsəl kişi deyirdi: “Allahlı və allahsız adamların siyahısını tuturdular”.

Hörmətli Mehriban xanım, sizin dini dəyərlərə xüsusi diqqətiniz, müqəddəs dini mərkəzləri prezident İlham Əliyevlə birgə dəfələrlə ziyarət etməyiniz, məscidlər tikdirməyiniz, hətta digər dinlərə olan hörmətiniz, diqqətiniz İslama olan rəğbəti artırıb.

Xalqın mənəviyyatının zənginləşdirilməsində öz əsərləri ilə böyük işlər görmüş, ictimai xadim, xalq yazıçısı Mir Cəlalın nəvəsi kimi sizin şəcərənizə də böyük ehtiram var.

İnanırıq ki, xain ermənilərin və satqın bolşeviklərin xalqın gözü qarşısında güllələyərək şəhid etdiyi Seyid Nisə xanıma ehtiram olaraq tikilmiş məscidin tamamlanmasına kömək edəcəksiniz.

Arzu edirik ki, Keşişkənddə tikintisi yarımçıq qalan məscidimiz dövlətin köməyi ilə inşa edilsin, inanclı adamların istifadəsinə verilsin.

Bu məscidin tamamlanması ümumilikdə dağlıq ərazidə yerləşən onlarla kəndin sakinlərinin dini etiqadını gücləndirər, İslam dininin bu ərazidə təbliğinə töhfə vermiş olar.

Biz bilirik ki, istər ölkə başçısı, istərsə Mehriban xanım ölkəmizdə və daha geniş ərazilərdə islam və digər dinlərin adına olan abidələrin tikilməsində, bərpasında çox böyük xidmət göstərirlər. Onlar hər zaman məscidlərin tikilməsi, əsaslı təmiri üçün lazım olan dəstəyi göstəriblər.

Bu da onların İslam dininə olan böyük inamı və hörməti kimi xalq arasında qəbul olunur. Keşişkənd camaatı də bu dəstəyi arzu edir".


Paylaş:


Müəllif : Tarix:
14-12-2019, 12:06
  


loading...
Загрузка...