reklam
» » Özündən xəbərsiz bankda adına iri həcmdə borc yazılıb - GİLEY

reklam

Özündən xəbərsiz bankda adına iri həcmdə borc yazılıb - GİLEY


Günahsız Ravin Salayev “Accessbank”la Maliyyə Bazarlarına Nəzarət Palatası arasında qalıb.
Bakı şəhəri, Xətai rayon sakini Salayev Ravin Namir oğlu Bizimyol.info-ya Accessbank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı şikayət edib. Ravin Salayev başqa bir bankdan zamanında kredit alıb. Sonra eyni ildə bir-birinin ardınca iki dəfə devalvasiya olub. Buna görə Ravin Salayevin banka əlavə borcu yaranıb. Prezident İlham Əliyevin məlum sərəncamından sonra 10 min dollara qədər kredit götürən şəxslərə ödədikləri əlavə pul geri qaytarılır. Ravin Salayev də artıq ödədiyi əlavə 1300 AZN kompensasiya məbləğini geri ala bilmir; həmin bank pulu geri ödəməkdən imtina etməyib. Ancaq bu yaxınlarda ləğv olunaraq səlahiyyətləri Mərkəzi Banka verilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında problem çıxıb. Bunun da çox qəribə səbəbi var: Accessbank-da Ravin Salayevin adına… götürmədiyi başqa bir krediti varmış!

Ravin Salayev bildirir ki, heç zaman müştərisi olmadığı “Accessbank”da adına borc yazılmasına baxmayaraq, ona bu haqda heç bir məlumat daxil olmayıb: “Mən bu xəbəri eşidib, heyrətləndim. Özüm təhsilli, öz hüququmu müdafiə etməyi bacaran insanam. Mənim müştərisi olduğum bankdan heç bir şikayətim yoxdur. Onlar da problemin həllini gözləyirlər ki, kompensasiyanı mənə versinlər. Mən adımda pul olması ilə bağlı araşdırmanı 7-8 ay get-gəldən sonra öyrənə bildim”.

Ravin Salayev, “Accessbank”ın müştərisi olmadığı halda, onun adına başqa müştərinin 28 min ABŞ dolları məbləğində borcu yazılıb. Bu məlumatı isə ona Maliyyə Bazarlarına Nəzarət Palatasından bildiriblər: “Sənədləri təqdim etmək istədim. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirdilər ki, qəbul edə bilməzlər. Dedilər ki, bu işləri məhkəmə görməlidir, yəni, şəxs özü sənədi gətirə bilməz. Dedim ki, mən kompensasiyamı ala bilmirəm, səbəbini bilmək istəyirəm. Mənim şikayətimə baxılmır, ancaq yola verirlər. Bu zaman Palatanın işçisi kompüterdə baxıb dedi: “Sizin adınıza “Accessbank”da 28 min ABŞ dolları məbləğində borc yazılıb”.

Ravin Salayev deyir ki, bu söhbət ona uydurma kimi görünüb: “Dedim, yəqin məni yola vermək üçün bir vasitədir. Sonra üz tutdum yenə “Accessbank”-ın Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən filialına. Araşdırma zamanı məlum oldu ki, borcun sahibi (daha doğrusu, sahibəsi) Salayeva soyadlı şəxsdir. O borcu mənim üstümə atıblar. Sabahsı isə Accessbankın mərkəzi ofisinə getdim. Orda məni qarşılayan xanım bildirdi ki, məsələ həll olunacaq. 7-8 saatdan sonra isə dedi ki, sənədlərimə yenidən baxılacaq. Sonra məni Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdilər. Orda mənim sənədlərimə baxıb: “Aşağı mərtəbədə bir də qeydiyyatdan keçin” dedilər. Bu zaman aydın oldu ki, ikinci dəfə qeydiyyatdan keçmək olmaz”.

Ravin Salayev deyir ki, 1 aya yaxındır ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından heç bir cavab yoxdur: “Maliyyə Bazarlarına Nəzarət Palatası hələ cavab verməyib. Əgər “Accessbank” üzərimdən 28 min ABŞ dolları məbləğində olan pulu götürsə, mənə 1300 manat kompensasiya düşür. Avtomatik dövlət onu mənə verəcək. Sadəcə, mənim başıma gətirilən bu oyun ucbatından bu əziyyəti çəkirəm. Problemi mənə Accessbank yaradıb. Mənə bu haqsızlıq edilib. Bu qədər get-gələ salınmışam. Mən tək deyiləm; bu haqsızlığı yaşayanlar çoxdur. Kim ardınca gedir, problemi həll edə bilir. Kim də kompensasiya düşməməsi ilə razılaşırsa, çıxıb gedir. Axıra kimi işin arxasınca gedəndə məlum olur ki, sənə hansısa bank problem yaradıb. Avamçılıq etsəydim, kompensasiyam batacaqdı”.

Ravin Salayevin istədiyi budur ki, məsələ ictimailəşsin, onun üzərindəki bu əsassız borc öhdəliyi götürülsün. Onun sözlərinə görə, özünün heç bir günahı olmadığı halda bank-maliyyə səhlənkarlığının, bəlkə də fırıldağının qurbanı olub: “Hər iki tərəfin müştəri ilə belə davranması yolverilməz haldır. Ciddi olaraq problemin kökü ilə maraqlanan yoxdur. Ancaq hər iki qurum bir- birini günahlandırmaqda davam edir”.

Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Maliiyə Bazarlarına Nəzarət Palatasından Bizimyolinfo saytına verilmiş açıqlamada bildirildi ki, Ravin Salayevin adına “Accessbank”dan 28 min ABŞ dollar borc yazılıb. Məlum olub ki, həmin bankın müştərisi deyil. Ona görə də bankı məhkəməyə verə bilər”.

“Accesbank”dan isə, Bizimyol.info-ya bildirdilər ki, Ravin Salayev adlı belə bir müştəri onlarda qeydiyyata alınmayıb. Bizdə sistemdə dəfələrlə yoxlanılıb. Belə bir müştəri və adında borc olan şəxs yoxdur”.

Bundan başqa “Accesbank”dan Salayevə göndərilən səs yazısında bildirilir: “Sizin sənədlərinizin “Accesbank”la heç bir əlaqəsi olmadığı üçün biz məlumat qeyd etdik ki, məlumat ötürülməyib. Biz tərəfdən Maliiyə Bazarlarına Nəzarət Palatasına məlumat ötürüldü. Sistemdə bu gün artıq məlumat verildi”.

Azərbaycan türkcəsinin bu cür bərbad (çətin anlaşılan) “bank ləhcəsində”ki səs yazısından belə məlum olur ki, “Accessbank” MBNP-a məlumat ötürüb; Ravin Salayev…o Salayeva deyilmiş. Zərərçəkən müştərinin öz halal 1300 manatını ala bilib bilməyəcəyi hələ məchul qalmaqda davam edir. Maliyyə qurumları günahsız bank müştərisinin əsəbləri, vaxtı, hissləri və pulunun taleyi ilə… futbol oynayırlar.


Paylaş:


Müəllif : Tarix:
10-12-2019, 09:16
  


loading...
Загрузка...