reklam
» » Kreditlər üçün zəmanət, təhlükəsizlik yastığı... - Azərbaycanın 50 milyard dollar ehtiyatı var

reklam

Kreditlər üçün zəmanət, təhlükəsizlik yastığı... - Azərbaycanın 50 milyard dollar ehtiyatı var


Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 49 780 milyon ABŞ dolları təşkil edib.

Bunun 87%-i və yaxud 43 288,6 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 491,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb. Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 120,4 milyon dollar və yaxud 0,2% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 65,3 milyon dollar və yaxud 0,15%, AMB-nin valyuta ehtiyatlarında isə 55,1 milyon dollar və yaxud 0,8% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 221,25 milyon dollar və yaxud 2,5% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 764,2 milyon dollar və yaxud 1,8%, AMB-nin valyuta ehtiyatları isə 457,3 milyon dollar və yaxud 7,6% artım nümayiş etdirib.

Ümumilikdə valyuta ehtiyatlarının dövlətlər üçün anlamı nədir, bu ehtiyatların yaradılmasına nə üçün zərurət yaranır?

Qeyd edək ki, valyuta ehtiyatlarının saxlanılmasının əsas məqsədi xarici borc öhdəliklərinin həyata keçirilməsi və valyuta məzənnəsinə təsirdir. Məlum olduğu kimi, dünya bazarında idxal prosesi, o cümlədən də qızıl və neftin alınması xarici valyuta ilə həyata keçirilir. Ölkələr idxal prosesini həyata keçirmək üçün xarici valyuta ehtiyatlarını saxlayırlar. Bu, valyuta məzənnəsində riskin yaranmasını da azaldır. Hazırda ABŞ dolları müxtəlif ölkələrin Mərkəzi Bankları tərəfindən ehtiyat kimi saxlanılan ən əsas valyuta növüdür. 2009-2014-cü illərdə Azərbaycanın valyuta ehtiyatları ancaq artıb və 1 iyul 2014-cü il tarixində maksimal həddə 52 785,6 mln. dollara çatıb.

Bundan sonra dünya bazarında neftin qiymətinin azalması ilə əlaqədar olaraq valyuta ehtiyatları azalmağa başlayıb. 2017-ci ilin başlanğıcında isə ölkənin valyuta ehtiyatları 37 121,4 mln. dollara düşüb. 2018, 2019-ci illərdə valyuta ehtiyatları artmaqda davam edib. Bu ilin indiyə qədər olan göstəricilərində də valyuta ehtiyatlarımızda artım olub.

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, valyuta ehtiyatları ölkə iqtisadiyyatı üçün təhlükəsizlik yastığı hesab olunur:

“Azərbaycanın valyuta ehtiyatlarının bir qismi Dövlət Neft Fondunda cəmləşib. Neft Fondunda olan valyuta ehtiyatları ölkə büdcəsinin formalaşmasında, büdcədən kənar xərclərin həyata keçirilməsində önəmli yer tutur. Valyuta ehtiyatları xarici tərəfdaşlarla müqavilərdə güvən yeridir, dövlət olaraq götürülən kreditlərin zəmanətidir. Ehtiyatlar Azərbaycanın makroiqtisadi göstəricilərinin yaxşılaşmasında kifayyət qədər önəmli rol oynayır”.

Bölgə ölkələri ilə müqayisəyə gəldikdə, Natiq Cəfərli deyir ki, ölkəmizin valyuta ehtiyatlarının məbləği coğrafiyada üstün mövqedədir:

“Valyuta ehtiyatlarımız Gürcüstanla müqayisədə çoxdur, Ermənistanla isə müqayisəolunmaz səviyyədədir - haradasa 50 dəfə çoxdur. Qazaxıstanıa müqayisədə valyuta ehtiyatlarımız daha azdır. Təbii ki həm ərazi, həm əhali, həm də təbii ehtiyatlarla zəngin olan Rusiyanın valyuta ehtiyatları daha çoxdur - təqribən 600 milyard dollara qədərdir. Bölgədə kifayət qədər ciddi valyutya ehtiyatlarımız var və bu iqtisadi sabitliyinin təmin olunmasında ciddi amildir”.

Azərbaycan işğal altında olan torpaqlarının azad olunması məqsədilə müharibə aparır, qarşıda isə həmin rayonların bərpası, burada inftastrukturun qurulması işləri dayanır.

Valyuta ehtiyatlarımız həm müharibə, həm də quruculuq işlərinin həyata keçirilməsində sərf oluna bilərmi?

İqtisadçı deyir ki, Azərbaycanın valyuta ehtiyatlarının tərkibinə baxdıqda, burada nəğd vəsaitlər Mərkəzi Bankın ehtiyatları və Dövlət Neft Fondunun təqribən 16-17 milyard vəsaitidir:

“Digər vəsait isə daşınmaz əmlakda, qızılda, qiymətli kağızlardadır. Onların satış müddəti müəyyən dövrlə tənzimlənir. Onların bir günün içində nəğdləşdirilməsi mümkün deyil və bu lazım da deyil. Təbii ki, ölkəmizə böyük vəsatlər lazım olacaq - işğaldan azad olunmuş bölgələrin infrastruktur layihələrinin həyata keçirilməsi, təmir-bərpa işlərinin aparılması milyardlarla vəsaitə ehtiyac yaradacaq. Yalnız valyuta ehtiyatlarına güvənərək, bu addımların atılması doğru olmazdı. Neft Fondunda olan vəsaitlərin öz təyinatları da var - məsələn bu il büdcənin 58 faizi Fonddan birbaşa transfertlər hesabına formalaşıb. Biz qələbədən sonra daha açıq bir ölkəyə çevrillərək, xarici investisiyalar cəlb etməliyik, daxili investisiyaların təşviqinə start verilməlidir. İnvestorların, kapitalın qorunmasına ehtiyac var. Özəl sektor, dövlət və xarici investisiyalar üçlüyünün birgə fəaliyyət proqramının yaranmasına ehtiyac yaranacaq ki, azad edilmiş bölgələrin bərpası tək dövlət büdcəsi hesabına baş verməsin. Çünki yük çox ağırdır - söhbət on milyardlarla dollardan gedir. İnfrastuktur yenilənməli, insanlar köçməli, köçəcək insanları işi olmalı, əmək fəaliyyətinin yaradılması üçün şərait yaradılmalıdır. Bunlar çox böyük investisiyalar tələb edir”.


Paylaş:


Müəllif : Tarix:
29-10-2020, 12:53
  


loading...
Загрузка...