reklam
» » Bankların faiz siyasəti: Pulu xaricə axıdır - AKTUAL

reklam

Bankların faiz siyasəti: Pulu xaricə axıdır - AKTUAL


Azərbaycanda kredit faizləri yüksək, əmanət faizləri isə aşağıdır.

Mərkəzi Bankın açıqladığı məlumata görə, ötən ilin dekabrın 1-nə qədər fiziki şəxslərdən 8 milyard 681 milyon 518 min manat əmanət cəlb edilib. Bunun 90,4%-i Bakı şəhəri üzrə qəbul edilib. Regionlar üzrə cəmi 834 milyon 25 min manatlıq əmanət qəbul edilib. Cəmi əmanətlər orta hesabla 3,7%-lə cəlb edilib. Orta faiz dərəcəsi milli valyutada cəlb edilmiş əmanətlər üzrə 6,1%, xarici valyutada cəlb edilmiş əmanətlər üzrə 1,6% təşkil edib.

Qeyd edək ki, reklam çarxlarına əsasən, bankların təklif etdiyi istehlak kreditlərinin faizlərinin əksər hallarda 20 faiz ətrafında olduğu müşahidə olunur, biznes kreditləri isə daha aşağı faizlə verilir. Mərkəzi Bankın açıqlamasında isə ölkədə kreditlər üzrə orta faiz dərəcəsinin 11.3% təşkil etdiyi qeyd olunur. Beləliklə, məlum olur ki, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi əmanətlər üzrə orta faiz dərəcəsindən təxminən 3 dəfə yüksəkdir. Qeyd edək ki, dünya ölkələrində də əmanətlərə yüksək faizlər təklif olunmur. Amma əksər ölkələrdə banklar kredit siyasətini əmanət siyasəti ilə uzlaşdırırlar. Əksər Avropa ölkələrində əmanətlər orta hesabla 1 faizlə götürülür, istehlak kreditləri isə 3-4 faizlə verilir. Başqa sözlə ifadə olunarsa, kreditlər əsasən bankların cəlb etdikləri əmanətlərin hesabına verilir. Azərbaycanda əmanət və kredit siyasətinin hansı əsaslara söykəndiyini demək çətin olsa da, faizlər arasında kəskin fərqin olduğu faktdır.

Bu fərq bank sisteminə nə vəd edir? Bu gələcəkdə problemli kredit məsələsinin yenidən aktuallaşmasına gətirib çıxarmayacaqmı?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda kreditlərlə bağlı problem uzun illərdir ki, davam edir:

“Bunun institutsional səbəbləri var. Səbəblərdən biri odur ki, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində olduğu kimi, Mərkəzi Bankın uçot dərəcəsi kredit siyasətində rol oynamır. Uzun illərdir ki, Mərkəzi Bank öz institutsional fəaliyyətinə irəliləyişə nail ola bilməyib. Əslində, bunlar bir-birinə bağlı məsələlər olduğu halda, sanki banklar Mərkəzi Bankın uçot dərəcəsindən ayrı fəaliyyət göstərirlər. Nə qədər qəribə səslənsə də, bəlkə də Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, uçot dərəcəsinin yüksəlməsi və ya aşağı salınması vəziyyətlərində kredit faizlərində hər hansı dəyişiklik olmur. Məsələn, 2014-cü ildə Mərkəzi Bankın uçot dərəcəsi cəmi 3 faiz idi, o zaman həm istehlak, həm də biznes kreditlərin faiz dərəcəsi 20-30 faiz civarında idi. Hətta 30 faizdən də yüksək istehlak kreditləri var idi. Devalvasiyalardan sonra uçot dərəcəsi 5 dəfə artırılaraq 15 faizə çatdırıldı - bu da nadir hadisələrdəndir - amma faiz dərəcələrində bir dəyişiklik olmadı. İndi yenidən 7 faiz civarına salınıb, amma yenə də hər hansı dəyişiklik yoxdur”.

İqtisadçı deyir ki, bankların və Mərkəzi Bankın uçot dərəcəsi siyasəti doğru olmadığından bu, faiz dərəcələrinə təsir edə bilmir:

“Problemli kreditlərin bağlanılması ilə bağlı Prezidentin fərmanından sonra banklara 1 milyard manatdan çox likvid vəsait daxil oldu. Banklar gəlir əldə etmək məqsədilə həmin vəsaiti istehlak kreditlərinə yönləndirməyə başladılar. Azərbaycanda biznes kreditlərinin həcmi getdikcə azalır, istehlak kreditlərinin həcmi artır. Mərkəzi Bank rəhbəri Elman Rüstəmov də Prezident yanında müşavirədə istehlak kreditlərinin 50 faizə çatdığını dedi və bunun təhlükəli tendensiya olduğundan danışdı. Bu təhlükə var. Banklar istehlak kreditlərinə yönəldiyinə və kifayət qədər böyük həcmli kreditlər verildiyinə görə, problemli kredit məsələsi yenidən aktuallaşa bilər. Digər tərəfdən isə istehlak kreditləri ilə paralel olaraq biznes kreditlərinin verilməsində irəliləyişin olmaması problemli kreditlərin yaranmasını qaçılmaz edir. Bunun başqa yolu yoxdur - dünyanın hər yerində istehlak kreditlərinin artması ilə problemli kreditlər artır”.

Natiq Cəfərli deyir ki, biznes kreditlərinin həcminin artması iqtisadiyyata daha böyük dəstəkdir:

“Biznes kreditləri əlavə iş yerləri, xidmət, istehsal sahələri deməkdir. Biznes kreditlərinin azalmasına Mərkəzi Bankın institutsional olaraq sistemi qura bilməməsi ilə yanaşı, rəqabətli mühitin olmaması da təsir edir. Ölkədə xarici bankların fəaliyyətinə ciddi maneələr var, onlar bazara daxil ola bilmirlər. Azərbaycanda yalnız Rusiya və Türkiyə bankları qeydiyyatdan keçmiş regional banklar kimi fəaliyyət göstərirlər. Avropa, ABŞ banklarının dəfələrlə cəhd etməsinə baxmayaraq, onlar Azərbaycanın bank bazarına girə bilməyiblər. Bunun nəticəsində rəqabətli mühit zəifləyir və “kartel sövdələşmələri”-nin şahidi oluruq. Banklar dar çərçivəli bir qrupun əlindədir və onların bir-birləri ilə “anlaşmaları”-nın nəticəsində faiz dərəcələri yüksək olaraq qalır”.

Bəs əmanət faizlərinin artırılması ilə banklar əmanət portfelini genişləndirə, bununla da sektorun inkişafına nail ola bilərlərmi?

İqtisadçı bildirir ki, son zamanlar valyuta ilə olan əmanətlərdə ciddi azalma var:

“Bu da faiz dərəcəsinin aşağı olması ilə əlaqədardır - banklar 1, 2, uzunmüddətli qoyulduğu halda 3 faizə yaxın depozit faizləri təklif edirlər. Bu da vətəndaşlara sərf eləmir, başqa yatırım vasitələri axtarır və valyuta ilə olan əmanətlərini ölkədən çıxarırlar. Əmanətlərin faiz dərəcələrini artırmaq əslində, çıxış yolu deyil. Problemin bu yolla həlli mümkün deyil. Əmanətlərin faiz dərəcələri artırılarsa, avtomatik olaraq kredit faizləri də artacaq. Bu da iqtisadiyyata mənfi təsir edəcək”.

Natiq Cəfərli deyir ki, bankların faiz siyasəti ilə yanaşı, bank sisteminə inamın olması da əsas şərtlərdən biridir:

“Azərbaycanda iki kəskin devalvasiyadan, təxminən 10 bankın bağlanmasından sonra bank sisteminə inam azalıb. Doğrudur, son il yarım, 2 ildə dolların məzənnəsinin inzibati üsulla sabit saxlanılması əmanətlərin artımına müəyyən pozitiv təsirini göstərir, amma faiz dərəcələrinin aşağı salınması vətəndaşları başqa yatırım növləri axtarmağa sövq edir. Bunun nəticəsidir ki, son iki ildə Gürcüstan və Türkiyədə daşınmaz əmlak alan vətəndaşların sayı artır. Bu göstərici üzrə azərbaycanlılar Gürcüstanda ilk beşlikdə, Türkiyədə isə ilk onluqdadır. İnsanlar əmanətlərini aşağı faizlə və müəyyən təhlükə ehtimalı ilə banklarda saxlamaqdansa, başqa ölkələrdə daşınmaz əmlaka yatırmağa üstünlük verirlər”.


Paylaş:


Müəllif : Tarix:
10-01-2020, 09:59
  


loading...
Загрузка...