reklam
» » Banklar sosial ipotekanın maliyyələşməsini dayandırıb - GƏLİŞMƏ

reklam

Banklar sosial ipotekanın maliyyələşməsini dayandırıb - GƏLİŞMƏ

Banklar tərəfindən adi və sosial ipoteka kreditlərinin verilməsi dayandırılıb. Bu barədə sualları cavablandıran iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov xəbərin doğru olduğunu deyib: “Hazırda vətəndaşlar adi və sosial ipoteka kreditləri üçün banklara müraciət edən zaman bank tərəfindən vəsait ayrılmadığı bildirilir. O baxımdan deyə bilərik ki, ipoteka kreditlərinin verilməsi dayandırılıb. Güman olunurdu ki, sentyabrın sonunda prosesə başlanacaq. Amma gedişat göstərir ki, yaxın müddət ərzində ipoteka kreditlərinin yenidən açılması ehtimalları azdır”.

Sosial ipotekaya ayrılan pullar hara gedir?

Ekspert qeyd edib ki, sosial ipoteka kreditləri üçün ayrılan vəsait sosial mənzillərə yönəldilib: “İpoteka və Kredit Zəmanət Fondu tərəfindən rəsmi açıqlama verilmədiyinə görə dəqiq səbəbləri müəyyənləşdirmək mümkün deyil. Amma təhlillər göstərir ki, sosial ipoteka kreditləri hesabına sosial evlər üzrə ödənişlər həyata keçirilir, vətəndaş sosial ipoteka krediti götürərək, sosial mənzilə müraciət edir. Bu baxımdan, sosial ipoteka kreditləşməsi ona yönəldilib. Statistika göstərir ki, son dövrlər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka istiqrazlarının yerləşdirilməsi halları artıb. İpoteka Fondu vəsait cəlb edir. Amma güman olunur ki, cəlb edilən vəsaitlər daha çox satın almaq məqsədilə Kirayə Mənzil Fondunun yaradılması üçün istifadə olunur. Bizdə olan məlumatlara görə, Kirayə Mənzil Fondu üzrə mexanizm hazırdır, sadəcə, müraciət aktivləşdirilməyib.

İlkin məlumatlara görə, evlərin seçilməsi və alınması ilə bağlı proses gedir. Bundan sonra isə elektron baza formalaşdırılacaq və vətəndaşlar kirayə mənzil üçün müraciət etmək hüququ qazanacaqlar. Hər halda, güman olunur ki, fond cəlb etdiyi vəsaiti daha çox Kirayə Mənzil Fondunun formalaşdırılması çərçivəsində istifadə etməyə çalışır. Nəticə etibarilə bu da ipoteka kreditləşməsinə ayrılan vəsaitin həcminə təsir göstərir. Amma hazırda mexanizm, sənədlərin siyahısı hazırdır".

Kirayə mənzillərin satışa çıxarılmamasına gəlincə, iqtisadçı bunu kirayə evlərə tələbin yüksək olması ilə əlaqələndirib: “Fond çalışır ki, daha çox sayda mənzillərə sahib olmaqla elektron bazasını formalaşdırdıqdan sonra müraciət mexanizmini aktivləşdirsin. Nəzərə almaq lazımdır ki, müraciətlərin hamısı elektron şəkildə olmayacaq. Vətəndaşlar həm də ASAN Xidmət vasitəsilə müraciət edə biləcəklər. Rəsmi məlumatlar açıqlanmasa da, ilkin təhlillər göstərir ki, praktik olaraq fond bəlli sayda mənzil alışı həyata keçirərsə və bununla bağlı informasiya elektron bazaya yerləşdirilərsə, o zaman ilin sonunadək müraciətin aktivləşməsi mümkündür. İlkin mərhələdə neçə mənzilin kirayə satışının həyata keçiriləcəyilə bağlı standart müəyyənləşdirilməyib”. (Modern.az)

Məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fondundan “Yeni Müsavat”a verilən məlumata görə, həqiqətən də sosial ipoteka üçün banklara ayrılan limit bitib: “Dövlət büdcəsindən ayrılan vəsaitlər banklara müəyyən limitlə bölünür. Bu ilin ötən dövründə büdcədən bizə köçürülən vəsait banklara verilib və artıq tam istifadə olunub. Biz hazırda büdcədən yeni köçürmə gözləyirik. Köçürmə edilən kimi vəsait yenidən banklara çatdırılacaq və kreditləşmə bərpa olunacaq”.

Maraqlıdır ki, bu ilin dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsi üçün nə qədər vəsaitin ayrılması açıqlanmır. Dövlət büdcəsi haqqında qanunda ümumi şəkildə əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üzrə tədbirlərin icrasına 162 milyon manat ayrılıb. Vəsaitin qurumlar arasında bölgüsünü həyata keçirmək Nazirlər Kabinetinə həvalə edilib. 2019-cu ilin martında Fondun nizamnamə kapitalının artırılması üçün prezident sərəncamı ilə dövlət büdcəsindən 100 milyon manat ayrılıb. Bunun 80 milyon manatı məhz büdcədən əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üzrə tədbirlərinin icrası üçün ayrılmış vəsaitlərdən, 20 milyon manatı isə əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulan vəsaitdən ayrılıb.

Bu il sosial ipoteka üçün cəmi 20 milyon manat ayrılıb

Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun agent bankları 2019-cu ilin yanvar-may aylarında 93,8 milyon manat məbləğində ipoteka krediti veriblər.

Bu zaman yanvarda 13 milyon manat, fevralda 23,5 milyon manat, martda 16,2 milyon manat, apreldə 20,9 milyon manat, may ayında isə 20,2 milyon manat məbləğində ipoteka krediti verilib.

2019-cu ilin may ayında fond dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsi üçün 20 milyon manat alıb.

2019-cu ilin yanvar-iyul aylarında isə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 108,4 milyon manat məbləğində ipoteka krediti verildiyi açıqlanıb ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 20,3 faiz azdır. İyun ayında fondun agent bankları tərəfindən 7 milyon manat, iyulda isə 7,6 milyon manat məbləğində ipoteka krediti verilib.

AMB-nin məlumatına görə, 2019-cu ilin yanvar-iyul aylarında İKZF 156,1 milyon manat krediti təkrar maliyyələşdirib (2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 15 faiz).

İyul ayının sonunadək fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən may ayında aldığı 20 milyon manatdan əlavə vəsait almayıb.

Xatırladaq ki, 2018-ci ildə fondun agent bankları tərəfindən 272,5 milyon manat məbləğində ipoteka krediti verilmişdi.

Onu da qeyd edək ki, bankların sosial ipoteka üçün kredit ayırmaması həm də kirayə yolu ilə mənzil satışına hazırlıqla əlaqələndirilir. Hesab olunur ki, ayrılan vəsaitləri fond kirayə yolu ilə satılacaq mənzillərin alışına yönəltdiyi üçün sosial ipotekaya pul ayrılmır. Lakin fonddan “Yeni Müsavat”a bildirildiyinə görə, sosial ipoteka birbaşa dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilir, kirayə mənzillər isə fondun özünün istiqrazların yerləşdirilməsi yolu ilə cəlb etdiyi vəsaitlərlə əldə olunur. Rəsmi məlumata görə, bu ilin yanvar-iyulunda KZF istiqrazların yerləşdirilməsindən 60 milyon manat cəlb edib. Ümumilikdə fond indiyədək 760 milyon manatlıq istiqraz yerləşdirib. Hazırda dövriyyədə olan istiqrazların dəyəri 734 milyon manat təşkil edir. Bu il mart və may aylarında iki dəfə istiqraz yerləşdirilib.

Kirayə yolu ilə mənzil satışına başlamazdan əvvəl...

Qeyd edək ki, fondun internet saytına kirayə yolu ilə mənzil satışına dair məlumatlar yerləşdirilib. Həmin məlumatlardan aydın olur ki, kirayə yolu ilə evlər 3-25 il müddətinə, müddət başa çatan günə yaşı 63-dən yuxarı olmayacaq şəxslərə veriləcək. Bu zaman aylıq ödənişin ən azı 12 misli qədər ilkin ödəniş etmək lazım gələcək.

Kirayə yolu ilə mənzil almaq istəyən şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmalı, onların məhkumluğu, müraciət anına vaxtı keçmiş öhdəlikləri, müraciət anına yaş 60-dan yuxarı olmamalı, müraciət anına fondla aktiv kirayə münasibətləri olmamalıdır.

Kirayə yolu ilə satılacaq yaşayış sahəsi 2013-cü ilin yanvarın 1-dən sonra inşa edilməli, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı və ya qabaqcadan qeydiyyata alınmalı, qaz, su və elektrik enerjisi ilə təchiz edilməli, tikinti normalarına uyğun tam təmirli olmalı, infrastruktur obyektlərə yaxın olmalı (nəqliyyat, səhiyyə, təhsil və s.), sakinlərin istirahəti üçün həyətyanı sahəyə malik olmalı, bazar dəyərindən az olmamaqla sığortalanmalıdır (fond tərəfindən).

Kirayə mənzil əldə etmək üçün ilkin tələblər ASAN Xidmət mərkəzləri tərəfindən verilən gücləndirilmiş elektron imza sertifikatı, bu sertifikatla Elektron İpoteka və Kredit Zəmanət Sistemində yaradılan elektron kabinet, bu elektron kabinet sistemi ilə elektron ərizə-anket formasının doldurulmasıdır.

Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsini əldə etmək üçün edilmiş müraciətə müsbət cavab gələndən sonra fondun məsul əməkdaşları ilə görüş zamanı kirayəçinin şəxsiyyət vəsiqəsinin surəti (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyət vəsiqələrinin surətləri), gəlirlərini təsdiq edən sənədlər (əgər kirayəçinin əlavə gəlirləri kimi ailə üzvü də müraciət edirsə, onun gəlirlərini də təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti) tələb olunacaq.

Göründüyü kimi, kirayə yolu ilə mənzil əldə etmək üçün əvvəlcədən mənzilin olması amili nəzərə alınmır. İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bu, sosial baxımdan düzgün yanaşma deyil: “Ümumiyyətlə, Azərbaycanda sosial güzəştlə mənzil əldə olunmasını nəzərdə tutan üç proqramın heç birində vətəndaşın əvvəlcədən mənzil sahibi olması ilə bağlı məhdudiyyət qoyulmur. Yəni layihənin sosial əhəmiyyətini artıran, hədəfliyini təmin edən məhdudiyyət yoxdur. Hər üç mexanizmdə təkrar mənzil əldə etmə ilə bağlı məhdudiyyət qoyulmur. Şəxsin əgər mənzili varsa, dövlətin sosial layihəsindən niyə bəhrələnməlidir ki? Daha yaxşı olar ki, dövlətin bu layihələrindən məhz aztəminatlı, mənzili olmayan vətəndaşlar daha çox bəhrələnsin. Belə məhdudiyyət olmadığı üçün təəssüf ki, bu gün 1, bəzənsə 2-3 mənzili olan şəxslərin dövlətin güzəştli layihələri çərçivəsində təkrar mənzil əldə etdiyinin şahidi oluruq. Yəqin ki, sosial mənzillərin xeyli hissəsinin kirayə verildiyinə dair məlumatlarla hamı tanışdır. Bu, məhz təkrar mənzil əldə olunmasına məhdudiyyət qoyulmamasının nəticəsidir. Faktiki olaraq, bir və ya bir neçə mənzili olan şəxslər ev əldə edib, həqiqətən ehtiyacı olanlar isə qalıb kənarda”.

Ekspertin fikrincə, kirayə yolu ilə mənzil satışına başlanmamışdan əvvəl bu məsələnin həll olunması çox vacibdir: “Əks halda, biz əslində aztəminatlı insanların mənzil əlçatanlığını azaltmış olacağıq. Çünki belə sosial proqramlar çərçivəsində satılan mənzillərin sayı məhduddur. Bu günə qədər güzəştli ipoteka yolu ilə 27 minə yaxın ailə mənzil əldə edib. Bunların da xeyli hissəsi məhz əlavə mənzil olaraq əldə olunub. Yəni real ehtiyacı olub mənzil əldə edənlərin sayı çox azdır. Yaxud il ərzində cəmi 3300 mənzilin sosial mənzil kimi satışa çıxarılması nəzərdə tutulur ki, bu da bazardakı mövcud tələbatın 6-8 faizini əhatə edir. İpoteka və Kredit Zəmanət Fondunun kirayə yolu ilə təklif edəcəyi mənzillərin sayı da məhdud olacaq. Buna görə də təkrar mənzil alınmasına məhdidiyyət tətbiq etməklə heç olmasa bu proqramın məqsədliliyini təmin etmək çox vacibdir”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
27-09-2019, 08:32
  


loading...
Загрузка...