reklam
Regionxeberleri.com » İdman » Rafael Ağayev karateni tərk edir? - Özü danışır

reklam

Rafael Ağayev karateni tərk edir? - Özü danışır








“İdman sahəsində istəyirəm ki, oğlumu futbolda görüm. Çünki öz arzum olub futbolçu olmaq. Oğlumun professional futbolla məşğul olmağını istərdim”.

Bu sözləri Azərbaycanın 5 qat dünya və 11 qat Avropa çempionu, dünya karate aləmində imzasını qoymuş Rafael Ağayev Bizim.Media-ya verdiyi müsahibəsində deyib. O, həmçinin hazırki fəaliyyətindən və planlarından söz açıb.

- Növbəti dünya əhəmiyyətli yarışlarda Rafael Ağayevi nə vaxt görə biləcəyik?

“2024-cü ildə Paris Olimpiya oyunları keçiriləcək. Amma karate idman növü çox güman ki, salınmayacaq. Ona görə də dünya əhəmiyyətli yarış bu yaxınlarda gözlənilmir”.

- Rafael Ağayev peşəkar karyerasını məşqçi kimi davam etdirməyi düşünürmü?

“Düzü, hələ hazırki halımdan məmnunam. Müəllimlik üçün zamanımın hələ olduğunu düşünürəm. Amma dəqiq desəm, dekabrın axırı, yanvar ayının əvvəlində qərarımı qətiləşdirəcəyəm”.

- Karatenin brilliant oğlanı son yarışda qızıl medal ala bilməməsinin səbəbini nədə görür?

“Yarışa 1 ay qalmış mənim ayağım qırıldı. Tam sağalmamış mən yarışa getdim. Və bu halımla iştirak etdiyim 9 oyundan 8-ni qalib kimi tamamlamışam. Və böyük hesabla da məğlub olmamışam. Hesab 3-3 olub sadəcə hakimlərin qərarı ilə qalibiyyət amerikalı idmançıya verilib. Uduzmağımın səbəbi zədələrim idi, çünki qırıq ayaqla istədiyim kimi məşq edə bilməmişdim. Bir məsələni də diqqətə çatdırım ki, mən həmin dünya çempionatına italiyalı rəqibimlə döyüşmək məqsədilə getmişdim. Lakin o çempionata gəlmədi, onunla döyüşmək qismət olmadı”.

- Karatedə sizdən sonra uğurlu ola biləcək, perspektivli hesab etdiyiniz idmançı varmı?

“Bu sahədə cavan, uğurlu uşaqlar var təbii ki. Amma onların professional olmaqları ilə bağlı hələ əminliklə danışa bilmərəm. Çünki 18-19 yaş dövrü onların yaxşı mənada azan vaxtlarıdır. Ola bilər bu yaşlarda həvəsləri ölsün və ya tam əksi, idmana daha da bağlanıb nailiyyətlər əldə etsinlər. Onların özlərindən asılıdır və ümid edirəm ki, bacaracaqlar. Amma hələ ki, adını çəkəcəyim biri yoxdur”.

- Bəs bir ata kimi övladınızın hansı peşə ilə məşğul olmağını istəyirsiniz? İdmana həvəs görürsünüzmü onda və davamçınız olmasını istərdinizmi?

“Oğlumun hələ 4 yaşı var, körpədir. Əvvəllər deyirdim ki, karate etmək istəyirsən deyirdi yox. Artıq bir-iki aydır görürəm ki, başa düşür yavaş-yavaş istəyir ki, nələrsə etsin. Sözsüz ki, oğlumun idmanla məşğul olmağını istəyirəm. Amma öz istəyi də önəmlidir, bir valideyn olaraq biz də onu ancaq düzgün istiqamətləndirə bilərik. Lakin idman sahəsində istəyirəm ki, oğlumu futbolda görüm. Çünki öz arzum olub futbolçu olmaq. Oğlumun professional futbolla məşğul olmağını istərdim”.

- Uşaqlıqda futbolçu olmaq istəyinizdən danışdınız, bəs niyə futbol yox karateni seçdiniz?

“Mən uşaq vaxtı çox dəcəl, dalaşqan olmuşam. Bəlkə də buna görə karateyə yönlənmişəm. Amma futbolu da sevirəm və hazırda sevə-sevə izləyirəm, həmçinin azarkeşlik etdiyim komandalar da var”.

- Yerli futbol klublarından hansına azarkeşlik edirsiniz?

“Bəzən yerli futbol komandalarımızın oyunlarını kimlərsə zarafata salır. Amma “Qarabağ” futbol klubu həm beynəlxalq turnirlərdə, həm ölkə çempionatında uğurlu çıxışlar edib. Hazırda da qrup ikincisidir. Bu uğurun özü də bir qalibiyyətdir. Ümumilikdə götürəndə ölkə futbolumuzda çatışmayan cəhətlər var amma o sahə üzrə mən peşəkar şəkildə fikir yürüdə bilmərəm, hərənin öz sahəsi var. Mən milli komandalarımıza yalnız uğur arzu edə bilərəm. Çünki tək Qarabağ yox, digərləri də əzizdir, ölkəmizin adını təmsil edirlər. Onların uğurları bütün ölkə olaraq hamımızın baş ucalığıdır. Buna görə fərq qoymadan hamısının uğuruna sevinir və qürur duyuruq”.

- Səhhətiniz necədir?

“Hazırda bir az çiyin və ayaqlarımda ağrılarım var. Əslində çiyin zədəm yeni çıxıb ortaya. Yarışdan gələndən sonra ilk məşqim idi. Bu gün 40-50 dəqiqə məşq elədim. Amma hələ də istirahətə ehtiyacım olduğunu düşünürəm. Amma qabaqda karatenin başqa növü olan kombat-karate var, hələ ki, onlarla kontrakt bağlamamışam amma 90% işlər görülüb. Özümü bu növdə də sınamaq istəyirəm. Məşqlərimə tam güclə davam edəcəyəm. Bu yolda özümə uğurlar arzu edirəm”.

- Gənc idmançılarımıza nə tövsiyyə etmək istərdiniz?

“Birinci ağılları başlarında olsun, ailələri nə deyirsə onları eşitsinlər. İdmandan da qabaq vacib budur. Həvəsdən düşməsinlər məşqlərinə davam etsinlər və pis işlərdən, vərdişlərdən uzaq olsunlar. “Məndə alınmır” söhbətini etməsinlər, bu doğru deyil. Çünki insan nəyi istəyərsə, çalışarsa, Allah həmin istəyi gec-tez onlara nəsib edəcək”.




Paylaş:


Müəllif : Tarix:
4-12-2021, 10:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər