reklam
» » Azərbaycanlı Avropa çempionu cəlbedici təklifdən imtina edib

reklam

Azərbaycanlı Avropa çempionu cəlbedici təklifdən imtina edib


Rusiyanın fiqurlu konkisürmə üzrə Avropa çempionu Dmitri Əliyev Azərbaycanı təmsil etməyə razı olmayıb.

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezdenti Fuad Quliyev məlumat verib. O, 22 yaşlı idmançıya belə bir təklifi əvvəllər ünvanladıqlarını xatırladıb: "Hələ 7-8 il öncə Dmitri Əliyevə dedim ki, gəl, Azərbaycan üçün çıxış et, nə istəyirsən, edək. Üstəlik, Sankt-Peterbuqrda ona ev də söz vermişdik. Lakin o, təklifi qəbul etmədi. Bircə kəlmə "Mən rusam" söylədi. Azərbaycanlı olsa da, rus tərbiyəsi görüb. Atası da rus xasiyyətlidir, elə rus kimi bir şeydir".

F.Quliyev Rusiyanın daha bir təmsilçisi, qadınlar arasında dünya çempionu Kamilə Vəliyevanın azərbaycanlı yox, tatar olduğunu əlavə edib. O, Vəliyevaya hər hansı təklif göndərmədiklərini söyləyib: "Bilirik ki, Kamilənin birmənalı olaraq, Azərbaycanda çıxış etmək fikri yoxdur".

Federasiya rəsmisinin fikrincə, Azərbaycanda buz meydançaları olmadığı üçün bu sahəni inkişaf etdirmək mümkün deyil: "Buz olsa idi, 5 il ərzində Dmitri və Kamilə səviyyəsində çoxlu sayda idmançı üzə çıxarardıq. Onlar başa düşürlər ki, bizdə heç nə yoxdur. Sadəcə, olimpiadadan-olimpiadaya hazırlıq üçün bir araya gəlirik. Onlarda isə uşaq məktəbləri var. Bu, Rusiyanın 1 nömrəli idman növüdür".

Vitse-prezident beynəlxalq yarışlarda ölkəni digər millətlərin yox, azərbaycanlı idmançıların təmsil etməsini istədiklərini də əlavə edib: "Rusiyada Səbinə Əliyeva adlı fiqurlu konkisürən var. Deyir ki, məni komandaya götürün. Bilirəm ki, bura gəlsə, heç bir nəticə olmayacaq. Vladivostokdandır, Moskvada qalmaq üçün pul istəyir, müxtəlif şərtlər irəli sürür. Dedim ki, bu işlərə mən baxmıram".

F.Quliyev Qəbələdəki Dağ-Xizək Kompleksi və Qusardakı Şahdağ Qış-Yay Turizm Kompleksinin turizm üçün nəzərdə tutulduğunu vurğulayıb: "Bu sahədə peşəkar heç nə yoxdur. Hər bir idman növünü kütləviləşdirmək, populyarlaşdırmaq üçün idman qurğusu olmalıdır".

Federasiya rəsmisi qış idman növlərinin inkişafı üçün sponsor dəstəyinə ehtiyac duyduqlarını da dilə gətirib: "Əvvəllər buz var idi. İndi olsaydı, dünyanın ən yaxşı mütəxəssislərini bura tökərdim. Bu, elə idman növüdür ki, özü-özünü doğruldacaq, insanlar gələcək, buzdan kütləvi istifadə edəcəklər. Bir sözlə, özü-öz xərcini ödəyəcək. Sadəcə, sponsor lazımdır ki, bu iş üçün vəsait ayırsın. Amma asan deyil. Bunun üçün soyuducular, müxtəlif vasitələr, buztəmizləyən maşın olmalıdır. 600 000 - 1 000 000 manat arası xərci var".


Paylaş:


Müəllif : Tarix:
2-03-2021, 14:45
  


loading...
Загрузка...