reklam
» » "Bizim hər bir Şəhidimizin qanında Rusiyanın əli var" - Partiya sədri

reklam

"Bizim hər bir Şəhidimizin qanında Rusiyanın əli var" - Partiya sədri


Müsahibimiz Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlidir. Partiya sədri ilə Azərbaycandakı ictimai-siyasi durumdan, regionda baş verən proseslərdən və digər məqamlardan danışdıq.

İlk sualımız isə bu və ya digər ölkələrdə oturuşmuş demokratik sistemlər və nəhayət, onun Azərbaycanda nə vaxt formalaşacağı ilə bağlı oldu.

- Bilirsiniz ki, 1789-cu ildə Fransada Bastiliya qalasının fransız xalqı tərəfindən darmadağın edilməsindən sonra insan haqları deklarasiyasına aparan yolun başlanğıcı elə demokratiyanın başlanğıcı idi. Yəni Fransa Burjua İnqilabı xalqların haqsızlığa qarşı usyanın inqilaba çevrilməsini və bunun necə qanlı fəsadlar verəcəyini göstərən canlı tarixi hadisə idi. Bəli, hər ölkədə səbəblər və katalizatorlar, devrilmə üsulları fərqli ola bilər. Məsələn, Şərqdə baş kəsilir, Avropada təpik, şillə işə düşür və ya Belarusda bir gözəl xanım milisi öpür. İnqilab səbəbləri isə birdir – xalqın ayrı-ayrı fərdlərinin səsi eşidilmir, onların düşüncəsi və deməli, həm də kükrəyən qəzəbi duyulmur, şiddətə aparan yollar təhlil edilmir.

Yəni əslində bu 200 il ərzində dünyanın bir çox yerində avtoritar quruluşlar tarixin arxivinə getdi. Yerində oturuşmuş demokratik sistemlər formalaşdı.

Dərs oldumu? Xeyr! Niyə? Çünki qəribədir; bütün avtoritar liderlər elə bilir, diktaturanın gətirdiyi fəsadlar məhz ondan yan keçəcək. Düşünürlər ki, məsələn, hansısa ölkədə Qəddafi və ya Səddam devrildi, mənə nə?
Halbuki, xalq böyük bir gücdür. İnanın, xalq doğrudan da həmişə ən böyük güc olub. Bu güc hər zaman çalxalana bilər qalxa bilər və devirə bilər. Avtoritar rejim sahiblərinə çatmır ki, xalq qalxa bilər, onu devirə bilər. Heç vaxt bu təhlükəni özlərinə yaxın buraxmırlar. Avtoritarizmin ən böyük bəlası da budur. Onlar bunun fərqində ola bilmirlər.

Hər bir xalqın eşidilməyə ehtiyacı var. Xalq o vaxt üsyan edər ki, onu eşitməyəsən. Xalqı sosial rifahla əldə saxlaya bilməzsən. Sosial rifahını yaxşı edim, pulunu verim, parasını ödəyim, xalq razılaşacaq. Xeyr. Sən o xalqın hakimiyyətini mənimsəmisənsə, bu hakimiyyətdə yerli idarəetmənin və xalqın iştirakının qarşısını alırsansa, bunu qəbul etməyəcək, zamanla öz sözünü deyəcək. Atatürk necə deyirdi: “Hakimiyyət qeyd-şərtsiz millətindir!”.

- Azərbaycan xalqı necə, sizcə, bunun fərqindədirmi?

- Əslində, hə. Amma böyük ölçüdə, dövlət anlamında fərqində deyil. 200 ildən artıqdır ki, imperiya siyasəti yeridən əvvəl Çar Rusiyası, sonra Sovet Rusiyası və indiki Rusiya bu məmləkətin insanlarının, xüsusilə türklərin dövlət təfəkkürünü silməklə məşğuldu. Ona görə də bizim bu günlər demokratiya uğrunda verdiyimiz mücadilədə bir sıra əskikliklərimizin kökünü, həmin bu 200 illik imperializm siyasətinə məruz qalmağımızda, istismar olunmağımızda axtarmaq lazımdır. Baxın, 1813 və 1828-ci illərdə bizi böldülər. 100 il sonra biz Cümhuriyyət qurduq.
Bütövlükdə deyə bilməzsən, xalqda Cümhuriyyət, demokratiya istəyi olmayıb. Cümhuriyyət öz-özünə qurulmur ki? Demək, Cümhuriyyət qurmaq fikri olub. Bu fikir Axundovdan, Zərdabidən başlayıb, əsrin əvvəlindəki aydınlarımıza qədər gəlir. Məhz Cümhuriyyət ideya və fikri olduğu üçün Rəsulzadə və silahdaşları bunu əmələ çevirdilər, Cümhuriyyət qurdular.
Amma nə oldu? Çar Rusiyasını Sovet Rusiyası əvəzlədi, Cümhuriyyəti başımıza yıxdı.
Sonra nə oldu? Aydınlarımızın başını kəsdilər 37-də. Adını sildilər, türksən, sənə azərbaycanlı dedilər. Və başına nə müsibətlər gətirildi?
Hər şeyə rəğmən, 70 il sonra xalq yenə Cümhuriyyət qurmaq istəyir. Ona görə də bu xalqı ittiham eləyə bilmərik.
Xalq yenə qalxır, Cümhuriyyət qurmağa və yenə nə olur? Qarabağ adlı münaqişə yaradırlar və bu xalqı salırlar o münaqişənin içinə. Əslində bu, müstəqilliyə bir təhdiddir. Deyir, sən müstəqil ola bilməzsən. 1990-da 20 Yanvar, sonra 1992-də Xocalı soyqırımını törədirlər və 30 ilə yaxın səni münaqişənin içində tutub əzməyə çalışırlar. Təbii ki, bu xalqın istər-istəməz demokratiya uğrunda mücadilədə müəyyən çatışmazlıqları olacaq. Bütövlükdə xalqa köklənmək də olmaz ki, yox, xalq bacarmır, xalq demokratiyanı anlamır, xalq Cümhuriyyəti istəmir. İstəyir. Amma xüsusilə ideoloji baxımdan çox basqı var.

- Amma ortada qonşu Gürcüstan nümunəsi də var axı. Onlar da repressiyaya məruz qalıb. Onlar bizdən əvvəl, 1783-cü ildə Georgiyevski müqaviləsi ilə Rusiyanın tərkibinə qoşulublar. Bəlkə burda dini faktor məsələsi var?

- Dini faktor sözsüz ki, var. Tiflisin Qafqazın mədəniyyət mərkəzinə çevrilməsi əlbəttə, ilk növbədə gürcülərin xristian olması ilə əlaqədardısa, ikinci tərəfdən Qafqazın ən böyük etnik birləşməsi olan biz türklərin parçalanmış halda olmamızla əlaqədar idi. Etno-psixoloji faktorlar da var.
19-cu əsrin əvvəlində Qafqazın mədəniyyət mərkəzi hara idi? Tiflis şəhəri. Məsələn, Mirzə Fətəli Axundov hardan dünyaya səslənirdi? Tiflisdən. Mirzə Cəlil harda “Molla Nəsrəddin” jurnalın yaratmışdı? Tiflisdə. Azərbaycanın düşünən beyinləri harda yığılışıb dünyaya mesaj verirdilər? Tiflisdə.
Tiflis əslində o dövrdə Qafqazın baş şəhəri sayılırdı. Bəs bu, nə ilə bağlı idi? Bunu Azərbaycanın parçalanmasında görmək lazımdır. Əgər Azərbaycan 1813 və 1828-də parçalanmasaydı, baş şəhəri hansı idi? Təbriz.
Burda Azərbaycanın parçalanmasının çox böyük önəmi olub. Eyni zamanda mədəniyyət, təhsil, ticari-iqtisadi məsələlər də çox ciddi əhəmiyyət daşıyır. Və belə bir şəraitdə biz parçalandıq. Bir hissə Bakının paytaxt olması ilə rusun əsarətinə düşdü və digər bir hissə isə İranın əsarətində qaldı. Təbii ki, bu faktor da çox ciddi bir məsələdir. Çünki burada bütöv Azərbaycan prizmasından yanaşmaq lazımdır məsələyə. Əgər Azərbaycan ilə Gürcüstanı müqayisə ediriksə, tarixi faktorları nəzərdən qaçırmamalıyıq. O baxımdan mən sizinlə razıyam. Gürcüstanın, Tiflisin bir az fərqli təkamülə gəlməsi bizim bölünməyimizlə bağlıdır. Biz bölünməsəydik, bunları yaşamayacaqdıq. Əslində, Qafqazda və bütün regionda əsas qüvvə, yəni lokomotiv biz olacaqdıq. Amma bölündük. Bizim bölünməyimiz bunu əlimizdən aldı. Mən məsələni bu cür görürəm.

- Bəs, Azərbaycan insanı demokratiyaya hazırdırmı? Demokratik cəmiyyət qurmaq mümkün görünürmü?

- Hazırdır. Bəli. Yeni nəsil gəlir. Azərbaycan insanı 30 ildə çox şeyi vurdu-çıxdı, hesabladı və gördü ki, kim haqlıydı, düz idi. Demokratiya nədir, avtoritar rejim nədir? Azərbaycan insanı ilk növbədə Qarabağ probleminin çözülməsini istəyirdi. Bizə torpaq lazım idi, “torpağımızı, Vətənimizi geri alaq”, deyirdi. İndi torpaqların böyük hissəsini almışıq.
Demokratik cəmiyyət uğrunda mübarizə bundan sonra daha böyük vüsətlə davam etməlidir. Çünki Qələbə sevincini dadan insanların öz doğma Vətənində normal, sivil bir cəmiyyətdə yaşamaq haqqı daha çoxdur. Yəni önəmli olan sənin demokratik cəmiyyət qura bilməyindir. Sənin vətəndaşının yerli idarəetmə sistemində iştirakıdır. Biz dövləti yavaş-yavaş, mərhələli şəkildə qururuq. Yəni birinci xalq olaraq istəyimiz nə idi? Əlbəttə, müstəqillik və torpaqlarımızın işğaldan azad edilməsi. Bu, öncəlik idi. İndi buna böyük bir ölçüdə nail olmuşuq. Amma hələ də xalq olaraq, içimizdə bir qorxu var - demokratiya istəyi xaosa çevrilə bilər. Öncə bunu izah etmək lazımdır, demokratiya uğrunda mübarizə xaos, torpaq itkisi və s. demək deyil.
Xalq demokratiyaya o zaman hazır olacaq ki, yerli idarəetmədə iştirak edə bilsin. Başa düşəcək ki, bu idarəetmə sistemi nədir. Xalq yerli idarəetmə sistemində iştirak edə bilmir. Prezidenti necə demokratik seçsin. Parlamentə necə getsin?

- Siyasi partiya sədrlərinin, liderlərinin məsuliyyəti nə qədərdir?

- Kifayət qədər çoxdur. Əslində ölkədə avanqard güc siyasi partiyalar və partiya rəhbərləridir. Dövlətdən fərqli olaraq, siyasi partiyaların elə böyük bir resursları olmur. Siyasi partiyaların vəzifəsi görüşlər keçirmək, danışıqlar aparmaq, müsahibələr vermək, yəni xalqa durmadan fikir və bilgi istehsal etməkdir. Doğru cəmiyyət qurmaq üçün ideya verilməlidir.
Bir siyasi lider danışırsa, önəmli olan onun nitqi, ideyası, fikri və düşüncəsidir. Məsələn, bizim bəzi partiya rəhbərləri var. Bəzən mən deyəndə yarızarafat, yarıciddi irad tuturlar ki, "qardaş, sən bu bələdiyyə məsələsini qaldırma, biz yerlərdə bələdiyyə üzvlüyünə kimin namizədliyini verəcəyik?”.

Yəni şəxsi maraqlar da var. Əslində biz Türkiyədəki sistemin bura gətirilməsindən yanayıq. Oradakı siyasi mədəniyyət sistemini gətirməliyik. Partiyaların peşəkar çalışmasını gətirməliyik. Məsələn, vacib deyil ki, AY Partiyasının hər bölgədə təşkilatı olsun. Deyək, Goranboyda və ya Mingəçevirdə rayon şöbəsi fəaliyyət göstərsin. Biz ilk növbədə rayonlarda bölgə liderlərini yetişdirməliyik. Bu proses gedir hazırda. Sadəcə, bunu mətbuata açıqlamırıq. Bu işlər başa çatandan sonra məlumat veriləcək.
Yəni fikirləşirəm ki, ayrı-ayrı rayonlarda hansısa şöbəyə, quruma ehtiyac yoxdur. Əsas bölgə liderləridir. Çünki Azərbaycan onsuz da kiçik ölkədir. Ola bilər kimsə bizim partiyanın üzvü deyil. Lakin simpatiya bəsləyə bilər, vacib deyil partiyaya üzv olsun. Önəmlisi siyasi maraqlar baxımından bir yerdə olmaqdır.
Hər kəsin bir partiyada üzv olmasına ehtiyac yoxdu. Gərəkli olan eyni partiyanın siyasi fikirləri ilə razılaşıb, onu hakimiyyətə daşımaqdır.

Bölgələrdə bunu təşkil eləmək üçün, məsələn, o bölgədə bir nüfuzlu ziyalı, tanınmış yazar və ya iş adamına yaxınlaşırsan və deyirsən ki, belə bir partiya var, məqsədləri və ideoloji fikirləri budur. Razılaşırsa, qəbul edirsə, bu artıq gücdür.

Bir məqama da toxunaq. Xalqın siyasi proseslərdə aktiv olmaması, yeni siyasi liderlərin ortaya çıxmasına mane olur. Hazırda meydanda olan siyasət adamlarının əksəriyyətinin Azərbaycanın müstəqilliyində xidmətləri olub. Sağ olsunlar, Azərbaycanda demokratiya uğrunda 30 ildir mücadilə aparırlar. Amma yorulublar. Enerjiləri tükənib. Yəni bir az da yanlış üslub və doğru olmayan ritorika ilə xalqı çəkindirdilər siyasətdən. Məsələn, mən seçkidə oldum və gördüm ki, Azərbaycan xalqı deyir, "mən bu hakimiyyəti sevmirəm. Rüşvət var, korrupsiya var, sosial rifah baxımından çox bərbad vəziyyətdəyəm. Təhsilim pis gündə, səhiyyə bərbad. İş yeri yox”.
Yəni xalq bu hakimiyyətə inamsızdır. Amma həm də deyir ki, mən müxalifətə də inanmıram, çünki uğursuz siyasət yürüdüblər. Yəni dəyişikliyə nail olmanın yolların tapıb həyata keçirə bilməyiblər. Xalq deyir ki, demokratiya və digər haqlarım üçün mübarizə aparmaq istəmirəm. Bizə deyir ki, gedin mübarizənizi özünüz aparın.

Gələk siyasi liderlərə. Burada bir məqamı nəzərdən qaçırmaq olmaz. Demokratiyanın və müstəqilliyin ilk dalğasının gətirdiyi xalq hakimiyyətləri sovetlərin (Rusiyanın) uzun illər yetişmiş KQB sisteminin əli ilə ustalıqla devrildi. Demokratları bacarıqsız, qabiliyyətsiz, səriştəsiz, xaosa və vətəndaş müharibəsinə səbəb olacaq hərəkətlərdə suçladılar və bu ölkələrin hamısında bir müddət xalqlar psixoloji çaşqınlıq yaşadı. “Əsas olan stabillikdir” şüarları ayaq tutsa da, yerimədi. Rüşvətdən, qanunsuzluqdan, şiddətdən bezən xalq özünə yeni liderlər və siyasi təşkilatlar axtardı. Bir vaxtlar Azərbaycanın tanınmış liderləri və siyasi partiyaları var idi, zamanında qərargahın önündən insanları yığa bilmirdi. İndi o təşkilatları tapa bilməzsiniz. Yoruldular. Xalq nə o tərəfi, nə bu tərəfi qəbul eləyir. Xalq hakimiyyəti də sevmir və ona qarşı mübarizə də aparmır. Digər tərəfdən partiyalara deyir ki, başa düşürük, siz ölkəyə demokratiya gətirmək istəyirsiz, məqsədiniz budur, amma bu illər ərzində uğur qazana bilməmisiniz.

Məsələn, sosial şəbəkələrdə hansısa bir partiyanı dəstəkləyən adamların 50-100 minini realda bir yerə yığmaq mümkünsüzdür. Mən bir dəfə bu partiya rəhbərlərinin birinə sual verdim ki, siz ümumiyyətlə xaricdə təhsil alıb ölkəyə qayıdanların orta statistikasını çıxarmısızmı? Kimdilər? Hardadılar? Harda işləyirlər?
Bunu əminliklə deyirəm ki, Azərbaycanın gələcəyi yeni nəsildədir. Mən də istəyirəm ki, uşaqlar daha çox Türkiyədə elm alsınlar. Doğru və savadlı şəkildə yetişsinlər ki, biz onlarla seçimə girə bilək. Mən də həmin gənclərlə seçimə girib ölkədə demokratiyanın qurulmasına nail ola bilim. Əgər yeni yetişən gəncliyə yatırım qoymasaq, o zaman heç nəyə nail olmayacağıq. Bizim valideynlərimiz, bizdən öncəki nəsil ənənəvi sosial təbəqəyə etimad ediblər. Nə qazanıblar?
Daha çox sənin səsinə səs verə biləcək təbəqələrlə işləməlisən.

- Təxminən bir ildir, başqanı olduğunuz Azərbaycan Yüksəliş Partiyası yaranıb. Bu bir ildə nəyə nail olmusuz?

- Burda bir məqamı deyim. Sosial şəbəkə üzərindən bizim qərargaha gələn, statuslar yazan, bizimlə işləmək istəyən adamlar var. Bunlar bizim qohumumuz, ya da tanışımız deyil. Niyə bura gəlirlər? Çünki fikir və ideya baxımından yaxınlıq var. Oxuyurlar, araşdırırlar, suallar verirlər. İnanıram ki, hazırkı gənclik bizi hələ çox sorğulayacaq. Yüzlərlə sual verirlər. Kifayət qədər aktivdirlər.

- Məsələn, nə ilə maraqlanırlar?

- Bu gün gənclərimizi əsas maraqlandıran məsələ Azərbaycanda doğrudan da demokratik sistemin formalaşacağı ilə bağlıdır.

- Siz nə cavab verirsiz?

- Əlbəttə bu, mütləq olacaq, deyirəm.

- Bəs, o gənci necə inandırırsız?

- Bunun bir tək cavabı var. Bilirsiz, İlham Əliyev hakimiyyətə gələndən xalq deyirdi ki, onun hakimiyyəti Qarabağda bir qarşı torpaq belə ala bilməyəcək. Deyirdilərmi? Hamı deyirdi. Nəticədə nə oldu? İlham Əliyev hakimiyyəti torpaqları aldı. Bu niyə baş verdi? Çünki xalq döyüş istəyirdi, vuruşmaq istəyirdi və oldu da.
27 ildir, problemi danışıqlar yolu ilə həll etməyə çalışırdılar. Amma bir nəticə əldə olunmurdu. Sonda dövlət başçısı xalqın istədiyini etdi. İlham Əliyev və hakimiyyəti xalqın dediyinə gəldi. Xalq istəyirdi Türkiyə ilə bir yerdə olsun. Bu da həyata keçdi. İndi xalq nə istəyir? Demokratiya. O da olacaq. Xalqın istəyini etdikcə, ona qarşı sevgi-hörmət də artdı və tarixə Zəfər qazanan bir Ali Baş Komandan kimi düşdü. Bu xalq artıq qalib xalqdır. Qalib xalqın düşüncələri də fərqlidir. Buna görə də onlar demokratiya istəyirlər və bunu da alacaqlar.

- Azərbaycan Yüksəliş Partiyası olaraq bu açılıma hazırsınızmı?

- Bizə sual verirlər ki, partiya olaraq hədəfiniz nədir? Mən də deyirəm ki, bizim hədəfimiz xalqı aktiv siyasətə gətirməkdir. Əgər bu olmayacaqsa, bizim partiya kimi hər hansı hədəfdən danışmağa haqqımız yoxdur. Yəni Azərbaycanda hakimiyyəti bir qrup məmur idarə edəcəksə, xalq bizə dəstək olmayacaqsa, biz heç nəyə nail olmayacağıq. Ona görə bizim birinci hədəfimiz xalqı aktiv siyasətə gətirməkdir. Bəs bunu necə edə bilərik? Buna görə ziyalılarla bir araya gəlib müzakirələr açıb, yollar düşünürük.

- Belə bir fikir ortaya atılıb ki, Rusiyada demokratiyalaşma olmasa, Azərbaycanda da olmayacaq.

- Rusiyada demokratiyanın olmasına çox böyük ehtiyacımız var. Olmayacaq fikri ilə razı deyiləm. Amma olmasına hədsiz ehtiyacımız var. Rusiya qonşumuzdur. Həm də böyük və əbədi qonşumuzdur. Tarixdə həmişə qonşuların savaşı da olub, barışı da. Təcrübələr var. Biz təbii ki, millət olaraq savaşçı olsaq da, daxilən barışçı bir xalqıq. Yəni biz heç vaxt başqasının torpağına göz dikmərik. Amma bir məsələ var. Kim nə deyir desin, Rusiya iki yüz ildir, silahı verib erməninin əlinə, qanımızı tökür. Bizim hər bir Şəhidimizin qanında Rusiyanın əli var. Onun verdiyi silahlardır, igidlərimizi al-qana boyayan. Yəni biz istəyirik ki, nə olur olsun, Rusiyada demokratiya olsun. Bu, təkrar edirəm, gərək olduğundan da çox lazımdır. Amma bu o demək deyil ki, Rusiyada demokratiya yoxdursa, bizdə də olmayacaq.

- “Qafqaz evi” qurmaq mümkündürmü?

- Mən buna çox inanıram. Əslində, “Qafqaz evi”nin əsası 1992-93-cü ildə qoyulmuşdu. Artıq yeni Qafqaz inşa olunur. Həm də yeni dizaynda. Yeni Qafqazın memarı Türkiyə və Azərbaycandır. Bir qədər də Gürcüstan. Mən həmişə deyirəm ki, Gürcüstanı mütləq proseslərə cəlb etmək lazımdır. Çünki onlar bizim münaqişələrin içində aktiv rol alırlar.
“Qafqaz evi”nin yenidən qurulması yaxın müddətdə mümkün ola bilər. Çünki ortada Türkiyə var, onun gücünü artıq hər kəs etiraf edir və bilir. Türkiyə olmasaydı, bizim İkinci Qarabağ savaşında qalib gəlməyimiz çətin olardı.

- Bayaq siyasi partiyalar haqqında danışarkən mənə bir məqam maraqlı gəldi. Məsələn, Ədalət Vəliyev əlli partiya sədrini qəbul edir. Bundan sonra onların hər biri ofislə təmin olunur, həmin partiyalara resurs ayrılır. Bu, beləmi olmalıdır?

- Gəlin belə danışaq: Uzun müddət ölkədə siyasi dözümsüzlük hökm sürüb. Müxalifət liderlərinə qarşı siyasi həbslər, anti-təbliğat və s. aqressiv xətt yürüdülüb.
Digər tərəfdən “Bizi əzirlər, biz də söyək” kimi əlacsızlıqdan və siyasi tərbiyəsizlikdən doğan qəbuledilməz söyüş xətti təəssüf ki, cəmiyyət tərəfindən xoş qarşılandı. Bu məsələnin müsbət qarşılanmasında hakimiyyətin suçu daha çoxdur.
Məişət səviyyəsində qarşılıqlı əxlaqsızlıqda ittihamlar ölkəni yavaş-yavaş xaosa götürürdü. Bu proseslərin getdiyi bir zamanda Prezident Administrasiyasından Ədalət Vəliyevin qeydə alınmış partiyaları qəbul etməsi və Prezidentin məktubunu siyasi partiyalara təqdim etməsi siyasi münasibətlər sisteminin dialoqa keçid dövrü kimi qiymətləndirilə bilər.
Doğrusu, bütün neqativ reaksiyaların səbəbini başa düşsəm də, dialoq təşəbbüslərinə qarşı münasibəti dəstəkləmirəm.

Siyasi münasibətlər sisteminin əsas mahiyyəti dialoqdan keçir. Dialoqa doğru hər bir addım təqdir olunmalıdır. Ayrı-seçkilik qoyulmadan hər bir siyasi qüvvə danışığa çağırılmalıdır. Partiyaların qərargah və maddi dəstəyi dövlət tərəfindən rəsmən təmin olunmalıdır ki, sonradan “cib müxalifəti” formalaşmasın.
30 illik dövlətin möhkəmlənməsi demokratiyadan keçdiyi kimi demokratik institutlar da danışıqlar və müzakirələr əsasında formalaşır.

Bütün hallarda söyüş və aqressiya adekvat addımlar doğurur. Bilirəm, savaşı müxalifət başlatmadı, amma bunu davam etdirmək də gərəksiz fəaliyyətdir. Bəzən bu aqressiya müxalifət partiyalarının bir-birinə münasibətində qarşılıqlı ittihamlar şəklində ortaya çıxır. Hakimiyyətə işləyir, hakimiyyətə satıldı - ifadələri siyasi münasibətlər sisteminin qeyri-adekvat formalaşmasının nəticəsidir.



Paylaş:


Müəllif : Tarix:
23-09-2021, 14:34
  


loading...
Загрузка...