reklam
» » Ənənəvi təhsil nə zaman bərpa ediləcək? - AÇIQLAMA

reklam

Ənənəvi təhsil nə zaman bərpa ediləcək? - AÇIQLAMA


Ölkə üzrə bütün təhsil müəssisələrində ənənəvi tədris prosesinin bərpası ilə bağlı müvafiq qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda ənənəvi tədrisin bərpası ilə bağlı hər hansı bir qərar yoxdur: "Qərar olduğu halda Təhsil Nazirliyinin rəsmi internet resurslarında məlumat yerləşdiriləcək".

Məlumat üçün bildirək ki, hazırda pandemiya səbəbindən dərslər distant formada həyata keçirilir.

Bəs təhsilin hazırkı vəziyyəti qane edicidirmi? Təhsilin ənənəvi qaydada bərpası nə zaman mümkün olacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi bildirib ki, hazırkı təhsil sistemi qane edici deyil:

“Bilirsiniz ki, hər kəs doğru-dürüst dərslərə qoşulub təhsil verənlərin çatdırdıqları informasiyaları, mövzuları mənimsəyə bilmir. Bunun da başlıca səbəbi hər zaman dediyimiz kimi, ölkədə internet probleminin olması, eyni zamanda texnoloji avadanlıqların çatışmazlığıdır. Ailələrin hər birində avadanlıqlar, təchizatlar olmadığı üçün şagirdlər dərslərə qoşula bilmirlər. Demək olar ki, artıq təhsilin onlayn davam etməsi bir ilə yaxınlaşır. Mart ayının 2-də artıq bir il olacaq ki, ölkə distant təhsildən faydalanmağa çalışır”.

Ekspert qeyd edib ki, biz ənənəvi təhsildən əldə etdiyimiz faydanı distant təhsildə edə bilmirik:

“Düşünürəm ki, ən geci martdan etibarən artıq dərslər ənənəvi qaydada bərpa edilməlidir. Çünki biz distant təhsillə bağlı birillik baza yaratmışıq, bu bazadan gələcəkdə istifadə oluna bilər. Tədricən martın 2-dən etibarən bütün ali təhsil müəssisələrində, orta ixtisas ümumtəhsil müəssisələrində, eləcə də orta təhsil müəssisələrində, bağçalarda təhsilin ənənəvi qaydada başlaması məqsədəuyğundur. Əks halda təhsilimiz məhvə doğru gedəcək. İnsanlarımız distant təhsildə maariflənə bilmirlər”.

Ekspert qeyd edib ki, növbəti həftədən başlayan vaksinasıya prosesi ənənəvi təhsilin bərpasını sürətləndirə bilər:

“Nəticələrdən asılı olaraq təhsil müəssisələrinin ənənəvi qaydada başlaması da sürətləndirilə bilər. Məsələn, ola bilər ki, gələn ayında ali təhsil müəssisələrinin müəyyən ixtisaslarına ənənəvi qaydada təhsilə icazə verilsin. Tibb, hüquq kimi ixtisaslarda daha çox biliyin əyani şəkildə qazanılmasına vacib olan ixtisaslarda dərslərin ənənəvi qaydada başlaması fevralın 16-dan sonra mümkün ola bilər.

Böyük ehtimalla yaxın zamanda Operativ Qərargahın qərarından asılı olaraq Təhsil Nazirliyi və digər qurumlar tərəfindən bu barədə müvafiq qərarlar veriləcək”.


Paylaş:


Müəllif : Tarix:
15-01-2021, 17:47
  


loading...
Загрузка...