reklam
» » Girovlar koronavirusa yoluxub? – “Məsələ əlaqədar qurumlarla müzakirə olunur”

reklam

Girovlar koronavirusa yoluxub? – “Məsələ əlaqədar qurumlarla müzakirə olunur”


Ermənistanın Artak həbsxanasında saxlanılan azəbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin koronavirusa yoluxması ilə bağlı məlumatlar yayılıb.

Bu barədə erməni saytları yazıb.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov girovların koronavirusa yoluxması xəbərini təsdiq etməyib:

“Dünəndən biz də bu məlumatı eşitmişik və narahatçılığımızı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) bildirdik. Amma komitədən məlumatın yalan və ya doğru olması barədə heç nə deyilmir”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə bildirib ki, saxlanılan şəxslərə başçəkmə zamanı onların fiziki durumu barədə ictimaiyyətə məlumatları açıqlamırlar:

“Bu barədə yalnız saxlanılan şəxslərin ailələrinə məlumat verilir və əlaqədar qurumlarla müzakirə olunur”.

Qeyd edək ki, noyabrın 4-də Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından Ermənistanın Gorus rayonuna aparılıb. Ayın 13-də isə oradan Şirak bölgəsindəki Artak həbsxanasına köçürülüblər. Hazırda da Şirak vilayətindədirlər. 6 ildir erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana nə vaxt təhvil veriləcəyi məlum deyil. Bu barədə qərar iki ölkə arasındakı razılaşmadan sonra baş tutacaq.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 6 ildir ki, girovlar “cəzalarını” Şuşa həbsxanasında çəkirdi. Bir aya yaxındır ki, girovlar Ermənistanda saxlanılır.


Paylaş:


Müəllif : Tarix:
3-12-2020, 17:23
  


loading...
Загрузка...