reklam
» » Nazirliklərin və provayderlərin səsi niyə “batıb?” - Azərbaycanda teledərslər və “ceyran beli”ndə gəzən internet tarifləri

reklam

Nazirliklərin və provayderlərin səsi niyə “batıb?” - Azərbaycanda teledərslər və “ceyran beli”ndə gəzən internet tarifləri


Koronavirus pandemiyasının yaratdığı mövcud vəziyyət təhsil sahəsindən də yan keçməyib.

Dünyanın bir çox ölkələrində karantin rejiminin tətbiq olunması səbəbindən orta və ali məktəblərdə tədris dayandırılıb və məcburi qərarla əlaqədar evdə qalan şagirdlərlə tələbələr üçün teledərslər keçirilir.

Teledərslərin əsasən, internet üzərindən aparıldığını nəzərə alsaq, bu məsələ tərkibində şagird və ya tələbənin olduğu ailələrin büdcəsinə təsirsiz ötüşmür. Başqa sözlə desək, davamlı və keyfiyyətli internetə çıxış üçün adekvat ödənişlər etmək lazım gəlir. Bu isə indiki vəziyyətdə ailələrin maddi yükünün xeyli artması anlamına gəlir.

Lakin dünyanın bir sıra ölkələrində ailələrin daha çox maddi zərərə uğramamaları və şagirdlərlə tələbələrin tədrisdən qopmamaları üçün mobil operatorlar öz müştərilərinə müxtəlif güzəştli internet paketləri təklif edirlər. Məsələn, qardaş Türkiyədə şagirdlərin onlayn dərsləri buraxmamaları üçün onlara 8 gb internet hədiyyə olunur. Konkret Türkiyədən gətirdiyimiz bu nümunə başqa ölkələrdə müşahidə edilir.

Mobil internet və rabitənin xeyli baha olduğu Azərbaycanda da onlayn dərslər keçirilir və vayfayı olmayan evlərdə o xidmətlərdən istifadə ailələri ciddi xərcə salır. O baxımdan, Azərbaycanın Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin digər ölkələrdə müşahidə olunan məlum güzəştlərin ölkədə də tətbiq olunmasına təşəbbüs göstərməmələri ciddi təəccüb doğurur. Cəmiyyətdə bununla bağlı ciddi gözləntilər olsa da, nə mobil operatorlardan, nə də adları çəkilən nazirliklərdən hələ ki səs çıxmır.

Yenicag.az-a açıqlamasında yaranmış vəziyyətdən çıxış yolları haqda danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, Təhsil Nazirliyi virtual dərslərə başlasa da, şagirdlər bir sıra səbəblərdən o dərslərdən eyni dərəcədə faydalana bilmir:

“Təhsil Nazirliyi yaxın günlərdə teledərslərin keçirilməsi ilə bağlı yaranan problemlərə aydınlıq gətirməli və ən qısa müddətdə çatışmazlıqları aradan qaldırmalıdır.

Bunun üçün ilk növbədə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq qurulmalı, bütün ölkə ərazisində keyfiyyətli internetin əlçatanlığı təminatlı olunmalıdır.

Eyni zamanda, Təhsil Nazirliyi əməkdaşlıq çərçivəsində bütün mobil operatorların müəllim və şagirdlər üçün ödənişsiz “Təhsil” adlı xüsusi tarif paketi tətbiq etmələrinə nail olmalıdır.

Digər mütərəqqi addım isə dərslərə qoşulmaq üçün ağıllı telefon, planşet və kompyuteri olmayan şagirdləri və müəllimləri hazırda orta məktəblərdə olan kompyüterlərlə müvəqqəti təmin etmək olardı. Təhsil Nazirliyi bu addımı atmaqla, dərslərə heç bir halda qoşula bilməyən şagird və müəllimlərə münasibətdə humanist davranış nümunəsi göstərərdi. Həmçinin üzrlü səbəbdən dərslərə qoşula bilməyən şagirdlərə qaib yazılmamalıdır. Bundan başqa, teledərslərə səhlənkar yanaşan müəllimlər də töhmət, cərimə və sair üsullarla cəzalandırılmalıdır”.

Bu aktual məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu vurğulayıb ki, universitetdə çalışan bir müəllim olaraq, tələbələri ilə əlaqələrində mövcud problemlə qarşılaşır və buna görə də dərsləri arzuolunan səviyyədə keçə bilmir:

“Ölkədə distant təhsil sistemi qurulsa da, şagird və tələbələrin iştirakı üçün əlverişli şərait yaradılmayıb. Əksər şagirdlər və tələbələrin ailəsindəki sosial vəziyyət “wi-fi” və ya müvafiq mobil internet paketlərindən istifadəyə imkan vermir. Bu ailələrin vəziyyəti nəzərə alınmalıdır.

Ümumilikdə ölkə üzrə bütün şagirdlərin internetlə təmin edilməsi mümkün olmasa da, ehtiyacı olanların sayını dəqiqləşdirmək lazımdır. Bu məsələdə orta məktəblərin rəhbərliyi müəyyən addımlar ata bilər. Əks halda, şagird və tələbələrin dərslərdən yayınması mənfi təsirlərə yol açacaq.

Aidiyyatı qurumlar tərəfindən elə bir mexanizm yaradılmalıdır ki, məlum karantin rejimində heç bir şagird tədrisdən kənarda qalmasın”.

Cəmiyyəti ciddi surətdə narahat edən bu məsələ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin reaksiyasını öyrənməyə cəhd göstərsək də, qurumda mövzuya aid suallarımızı cavablandıracaq kimsə tapılmadı.


Paylaş:


Müəllif : Tarix:
4-04-2020, 12:12
  


loading...
Загрузка...