reklam
» » İki dövlət qurumu bir fermerin dərdinə dərman tapa bilmir - GİLEY

reklam

İki dövlət qurumu bir fermerin dərdinə dərman tapa bilmir - GİLEY

Abşeron rayonu Xanqulu otlaq sahəsində fermer təsərrüfatı ilə məşğul olan Seyran Kərimov heyvanlar arasında naməlum xəstəliyin yayıldığını iddia edir.

Sputnik Azərbaycan-a müraciət edən fermer açıqlamasında bildirib ki, onun təsərrüfatında bu problem 2019-cu ilin noyabrında başlayıb. Heyvanları kütləvi şəkildə öldüyünə görə fermer Kənd Təsərrüfatı Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə və aidiyyəti qurumlara müraciət edib.

"Atam 1959-cu ildən bu işlə məşğul olub. Biz hər il dövlətə 50-60 ton ət veririk. Noyabrda təsərrüfatda xəstəlik yarandı. Mən cəsədlərdən birini götürüb Quba Regional Baytarlıq İdarəsinə apardım. Bir neçə gün sonra bizə bildirildi ki, heyvanlarda pasterellyoz xəstəliyi aşkar edilib. Bundan sonra mən Abşeron Baytarlıq İdarəsinə müraciət etdim. İdarə yoxlanılması üçün cəsədlərdən Qida Təhlükəsizliyi Agentliyinə verdi. On gündən sonra cavab gəldi ki, heyvanlarda pasterellyoz xəstəliyi var. Hər diaqnozdan sonra təyin edilən dərmanları alaraq heyvanlara verirdik".
S.Kərimov qeyd edir ki, ancaq xəstəlik kəskinləşir, ara vermirdi.

Sonra fermer yenidən Qida Təhlükəsizliyi Agentliyinə müraciət edir. Və bu dəfə heyvanlara bradzot xəstəliyi diaqnozu qoyulur:

"Hər gün heyvanlarım qırılır. Dəfələrlə AQTA-ya müraciət etmişəm. Sonuncu dəfə qeyd etdilər ki, heyvanların qanında zəhərlənmə aşkar edilib. Mənim hər gün heyvanlarım ölür, amma Azərbaycan baytarları onlara diaqnoz qoya bilmirlər. Noyabrın 15-dən bu günə qədər 751 heyvanım ölüb. Bu günə qədər dərmanlara 7-8 min manat pul xərcləmişəm. Mənim təsərrüfatıma gələn qurumlar heyvanlarımın ölməsini aktlaşdırmırlar. Bu günə kimi bir neçə akt əldə edə bilmişəm. O da heyvanların az öldüyü günlərdə olub. Başqa günlərdə mən akt ala bilməmişəm".
Fermer iddia edir ki, ötən il digər yataqlarda da belə hadisələr baş verib, amma işıqlandırılmayıb.

Sputnik Azərbaycan məsələ ilə bağlı Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova ilə danışıb.

S.Rüstəmova qeyd edib ki, institutun alimləri ərazidə olub, oradan material gətiriblər və heç bir xəstəlik aşkar edilməyib: "İkinci dəfə fevralın 13-də cəsəd göndəriblər, boynu kəsik olub. Heyvan tam qansızlaşıb. Buna baxmayaraq, yarma aparılıb. Heyvanın daxili orqanlarında heç bir patoloji dəyişikliyə, heç bir infeksiyaya rast gəlməmişik. Biz fermerə sual verəndə ki "heyvanın başını niyə kəsmisən?", o cavab verib ki, "murdar olmaması üçün". Biz yenidən cəsəd göndərməsini tələb etdik. O bizə 1 saat sonra bir ana və iki birgünlük quzu cəsədi göndərdi. Bu, infeksiyadırsa, birgünlük quzuda ola bilməz. Eyni qaydada birgünlük quzunu da yardılar, içi təmiz çıxdı. Quzunun qarnında yalnız ana südü var idi. Ana qoyunun boğazında deşilmiş izlər müşahidə edilirdi".

Siyalə Rüstəmovanın sözlərinə görə, fermer iddia edir ki, guya heyvanın boğazında damar partlayır və bu qan o qədər güclüdür ki, vurub dərini partladır.

"Baytarlıq elmində belə bir xəstəlik yoxdur. Bəli, dekabrın əvvəlində həmin təsərrüfatda xəstəlik olub. Xəstəliyin diaqnozu yanvarın 7-də verilib. Lakin o vaxta qədər həkimlər yarma işi aparıb və müəyyən ediblər ki, təsərrüfatda bradzot xəstəliyi var. Rayonun baş həkiminin tərtib etdiyi sənədə əsasən, 13 baş heyvan tələf olub. Həkimlər xəstəliyə görə təsərrüfatda peyvəndləmə işləri aparırlar. Və 10 gün ərzində, yəni maksimal immunitet yaranana qədər, 1-2 heyvan tələf olub. 10 gündən sonra xəstəlik tamamilə dayanır və ölüm hadisələri baş vermir. Bir müddətdən sonra bu insan yenə bizə müraciət edir. Həkimlərimiz gedib onun təsərrüfatına baxırlar. Gedib görürlər ki, 30-40 dəri yığılıb üst-üstə, boğaz hissəsində kəsiklər var. Bizim gördüyümüz bu olub, bu insan isə deyir ki, 750 baş heyvanı ölüb və baytar həkimlər bunun çarəsini tapa bilmir, diaqnozunu qoya bilmirlər. Biz bunu görən kimi diaqnoz qoyduq ki, bu, kənardan müdaxilədir".

S.Rüstəmova vurğulayıb ki, fevralın əvvəlində fermer yenidən zəng vurub.

"Mən və iki müavin təsərrüfat sahəsinə getdik. Gördük ki, heyvanlara soyqırım ediblər. Yerdə 12 cəsəd var idi. Bir-iki aylıq quzunun cəmdəyi asılqandan asılmış, yerdə də çox sayda dəri var idi. Hamısında eyni əlamət var. Boğaz altında 3-5 santimetr kəsiklər var idi. O bizə dedi ki, tövlədə 4 qoyun da bu vəziyyətdədir. Tövləyə girib gördük ki, 4 yaralı heyvan var. Qanları damcı-damcı axırdı. Amma buna baxmayaraq normal yem yeyirdilər. Mən ondan xahiş etdim ki, "gəl bu xəstə heyvanları instituta aparaq".

Fermer iddia edirdi ki, quzular süd əmən kimi eyni formada boğazları partlayır. Mən təklif etdim ki, heyvanları aparıb qanından, südündən analiz götürək. Amma fermer icazə vermədi. Dedi ki, onsuz da öləcək. Mən də dedim ki, ölürlərsə, institutda ölsünlər. Fermer akt tərtib etməyi tələb etdi. Mən razılaşdım.

Tövləyə girəndə gördük ki, qoyunların dördü də boğazları kəsilmiş şəkildə xırıldayır. Boğazlarından qan fışqırır. Hər yer qan içində idi. Heyvanlar çapalıyırdı. Sağ heyvanı və cəsədlərdən birini instituta gətirdik. Gecə ilə boğazını tikdik, nə lazımdır, müdaxilə etdik. Və bu gün də həmin heyvanlar institutda sağ-salamat yaşayır. Biz bu heyvanı saxlayırıq ki, fermerə sübut edək ki, xəstəlik yoxdur. Digər heyvanı da yardıq, yoxlamalar apardıq, suspenziyalarla laborator heyvanı yoluxdurduq. Əgər orada infeksiya olsaydı, 48 saat ərzində o heyvanlar ölməli idi. Bu heyvanlar isə salamatdır".
S.Rüstəmova vurğulayıb ki, hazırda fermer ayın 13-də baş verən hadisələrin aktını istəyir. Qurum isə həmin fakta görə akt verməkdən imtina edir. Səbəb isə çox sadədir: "Çünki oraya gedəndə kənar müdaxilə görmüşük. Heyvanlarda heç bir xəstəlik yoxdur, onların ətindən də istifadə etmək olar".

S.Rüstəmova qeyd edib ki, fermerdən öldüyünü iddia etdiyi heyvanların cəsədlərini soruşduqda o bildirib ki, itlər yeyib.

"Yeddi yüz əlli heyvanın cəsədini itlər necə yeyib bitirə bilər axı? Hər bir təsərrüfatın problemi ola bilər, amma o öz problemini ətrafa yaymamalıdır. Bu şəxs bütün respublikaya deyir ki, "xəstəlik müəyyən edilmir". Bəli, əvvəllər bəzi heyvanlarda xəstəliklər müşahidə edilib. Qida Təhlükəsizliyi Agentliyi diaqnozu müəyyən edib. Hazırda o təsərrüfatda heç bir xəstəlik yoxdur".




Paylaş:


Müəllif : Tarix:
27-02-2020, 10:16
  


loading...
Загрузка...