reklam
» » BAKIDA SEX MALLARI NECƏ BREND KİMİ SATILIB? - Biznesmen qardaşlar mühakimə olunur, ancaq...

reklam

BAKIDA SEX MALLARI NECƏ BREND KİMİ SATILIB? - Biznesmen qardaşlar mühakimə olunur, ancaq...


Bakıda tikiş sexlərində hazırlanan paltarları xarici firmaların əmtəənişanlarından istifadə edib, məşhur brend mallar kimi satmaqda suçlanan üç nəfər məhkəmə önünə çıxarılıb. Bunlar «Lady Sharm» mağazalar şəbəkəsinin direktoru Elnur İsmayılov, mağazalara işçi qəbulu və maaş məsələsinə nəzarət edən qardaşı Səməd İsmayılov və Ziyafət Abbasovdur.
Cinayət işinin materiallarında yazılıb ki, Çində istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri «Lady Sharm»ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara «Chanel», «Fendi», «Dolce&Gabbana», «Valentino», «Chiristian Dior», «Itterre» və başqa dünyaca məşhur brendlərin saxta etiketləri tikilib, geyimlər real dəyərindən dəfələrlə baha satılıb.
Etiketi dəyişdirilmiş paltarlar «Sədərək» Ticarət Mərkəzindəki anbara yığılıb, oradan «Lady Sharm»ın mağazalarına paylanıb. 12 mağazada yoxlama zamanı etiketləri dəyişdirilən xəz-dəri məhsullarının da aşkarlandığı iddia olunur.
İttihama görə, bu cür əməllər nəticəsində 6 milyon manatdan çox vergi büdcədən yayındırılıb. Təqsirləndirilən şəxslərə CM-in 197 (əmtəə nişanlarından qanunsuz istifadə etmə), 178 (dələduzluq) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham verilib.
Bu cinayət işində saxta məhsulla aldadıldığı iddia olunan bir nəfər zərərçəkmiş var - Cəmilə Məmmədova. İş materiallarında yazılıb ki, saxta brend geyimlər almaqla C.Məmmədova 1046 manat ziyana düşüb.
C.Məmmədova fevralın 24-də məhkəmədə dindiriləndə deyib ki, 1046 manatı «Lady Sharm»ın metronun «Memar Əcəmi» stansiyasının yaxınlığındakı mağazasından aldığı geyimlərə verib. Evə gələndə paltarların üstündə iki etiket görüb. Etiketlərdən birində malın Türkiyə, o birində isə İtaliya istehsalı olduğu yazılıbmış: «Mən aldadıldığımı bildim. Buna görə də şikayət etdim».
Cinayət işinin materiallarında onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyi göstərilib. Vəkillər ondan soruşublar ki, niyə hansısa polis bölməsinə, rayon polis idarəsinə yox, məhz ora şikayət edib?
«Hara şikayət etmək onun hüququdur», - deyən hakim zərərçəkmişi bu suala cavab verməyə qoymayıb. Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmirlər. Onların üçü də özlərini təqsirli bilmədiklərini söyləyiblər.
Səməd İsmayılov deyir ki, «Lady Sharm» onların ailə şirkəti olub, halal iş görüblər: «Halal biznesimiz, işimiz olub. Təəssüf ki, belə bir ittihamla saxlandıq...».
Onlara məxsus anbardan bəzi brendlərin etiketlərinin çıxması haqda danışan S. İsmayılov bildirib ki, əvvəllər həmin markaların mallarını satıblar. O ərəfədə etiketləri gətiriblər ki, hansısa malın üzərindən etiketi qopsa, keyfiyyətini itirsə, dəyişə bilsinlər: «O vaxtdan da həmin etiketlər orada qalıb. Bu işdə hamısını gətirib ortaya qoydular ki, guya onları malların üstünə vurmuşuq. Halbuki, mağazaların heç birindən həmin etiketlər olan mallar çıxmadı».
S.İsmayılov düşünür ki, C.Məmmədova formal zərərçəkmişdir. Onun sözlərinə görə, bu xanım «Lady Sharm»dan geyim almamışdan öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onları izləyiblər. Bunu da onlar istintaq vaxtı öyrəniblər.
S.İsmayılov vurğulayıb ki, mağazalara malları ancaq Türkiyə və Çindən gətiriblər. O, gətirdikləri mallara «Lady Sharm» etiketi vurduqlarını təsdiqləsə də, başqa brend markaların etiketlərini vurmaları haqda ittihamı yenidən təkzib edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, onların əlində «Lady Sharm» etiketi ilə mal satmaq üçün 2040-cı ilə qədər lisenziyaları olub.
Hakim elan edib ki, əməliyyat zamanı anbardan 7 min 755 çeşiddə mal aşkar olunub, amma 300 min etiket götürülüb.
Məhkəmədə təqsirləndirilən Z.Abbasovun vəkili onun hökmə qədər ev dustaqlığına buraxılması haqda vəsatət versə də, təmin olunmayıb. Bu işlə bağlı məhkəmə araşdırmaları davam edir. Təqsirləndirilən şəxslərə verilən ittiham maddələrində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub. (azadliq.org)

Xatırladaq ki, bir il əvvəl  “Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxsləri həbs edilmişdi. Həbslərə səbəb mağazalar şəbəkəsində satışa saxta etiketlərlə mal çıxarılmasıdır.
Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış: “Adamlar 1 həftəyə yaxındır ki, həbsdədirlər. Şəbəkənin rəhbər şəxsləri isə həmin vaxt xaricdə olublar, məlumata görə, hələ də gəlməyiblər ölkəyə. Hətta gəlməyəcəkləri haqda söhbətlər danışılır”.
Özünü şirkətin rəhbəri kimi təqdim edən Aybəniz xanım isə xəbəri təsdiqləsə də, mediaya ətraflı məlumat verməkdən imtina edib. O, bildirib ki, bu işə kənardan rəhbərlik edir: “Pul mənimdir, amma heç bir sənəddə adım, imzam keçmir. İl yarım əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı, işçilərlə əlaqə saxladım və dedim ki, ölsəm pulum sizə halaldır, ölməyib qalsam, gəlib haqq-hesabımızı çəkəcəm, işimiz davam edəcək. Onlar da gedib bu cür davam ediblər. Onlara dedim ki, mənim adım olan yerdə gərək belə etməyəydiniz. Türkiyədə bu, pis iş deyil, amma Azərbaycanda maddə veriblər. Bu, ticarətdir, vəzifə deyil. Onsuz da bundan sonra şöbələrin hamısını bağlayacam, bircə şöbə fəaliyyət göstərəcək”.

Mətbuata məlumat verən mənbə isə Aybəniz xanımın sadəcə işlərin başında dayandığını, mağazalar şəbəkəsinin əsl sahibinin kişi olduğunu söyləyib. Ancaq onun kimliyi haqda məlumat verilməyib.
“AzPolitika.info” həm mağazalar şəbəkəsinin əsl sahibləri, həm də bu həbsin təfərrüatları ilə bağlı əlavə məlumatlar əldə edib. Özəl mənbələrdən saytımıza verilən məlumatlarda hüquq-mühafizə orqanlarının “Lady Sharm”da uzun illərdir baş verən bir çox cinayət faktlarını ortaya çıxardığını bildirilir.
Bu məlumatlara keçməzdən əvvəl qeyd edək ki, “Lady Sharm” şirkətinin özü ilə bağlı yaydığı məlumata görə, 1998-ci ildən etibarən topdan geyim mağazası kimi fəaliyyətə başlayıb. 2012-ci ildən etibarən öz mağazalar şəbəkəsini yaratmağa start verib. Əvvəlcə 2 mağaza ilə fəaliyyətə başlayan “Lady Sharm” şirkəti qısa bir zamanda inkişaf edərək artıq 2014- cü ildə paytaxt ərazindəki mağazalarının sayını 12- yə çatdırıb.

2016-cı ildə regionlarda da mağazalar açmağa başlayan “Lady Sharm”ın ifşa olunanadək 16 geyim mağazası olub. Şirkət Türkiyə, İtaliya, Fransa, İspaniya, Rusiya, Ukrayna və s. ölkələrin bir çox tanınmış geyim brendləri ilə əməkdaşlıq etdiyini, xarici ölkələrdən keyfiyyətli məhsullar gətirib satdığını elan edib.
Ancaq hüquq-mühafizə orqanlarının “Lady Sharm”da həyata keçirdiyi əməliyyatlardan sonra məlum olub ki, şirkətin mağazalarında əsasən tanınmış xarici brendlər deyil, onların etiketləri vurulmuş saxta sex məhsulları və Çindən gətirilmiş mallar satılıb. 
Daha dəqiqi, "Lady Sharm"ın mağazalarında məşhur brendlərin ziyafət, gündəlik, kokteyl, işgüzar geyimləri, kostyumlar, frençlər, paltolar, dəri və müxtəlif materiallardan kombinasiya olunmuş üst geyimləri, xəzlər, çantalar və ayaqqabıların əsasən Türkiyədən, Fransadan, İspaniyadan, İtaliyadan və dünyanın bir çox ölkələrindən gətirildiyi deyilsə də, həmin malların əksəriyyətinin ya Bakıda, ya da Çində hazırlandığı məlum olub.
Bununla da şirkətin sahibləri mağazalarından mütəmadi alver edən tanınmış şəxsləri, varlı təbəqəni aldadaraq külli miqdarda qanunsuz qazanc əldə ediblər.
“Azpolitika.info”ya verilən məlumata görə, bu fakt mağazadan daimi alver edən nüfuzlu bir neçə ailənin üzvləri tərəfindən ortaya çıxarılıb. Onlar İtaliya və Türkiyənin tanınmış geyim brendləri adı ilə çox baha qiymətə aldıqları məhsulların saxta olduğunu öyrəndikdən sonra bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Bu şikayətləri araşdıran Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") “Lady Sharm”ın mağazalarında müştərilərin aldadıldığnı, sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satıldığını müəyyən edib. Bununla əlaqədar müafiq maddələrlə cinayət işi açılıb.

Araşdırmalar zamanı şirkətin “Binə” Ticarət Mərkəzində böyük bir sexi aşkarlanıb. “Lady Sharm”ın mağazalarında tanınmış brend adı ilə satılan məhsulların müəyyən hissəsinin bu sexdə hazırlandığı məlum olub.
Məlumata görə “Binə”də sexdə istehsal olunan məhsulların üzərinə müxtəlif bahalı brendlərin etiketlərini yapışdırıblar, altından "Made in İtaly", "Made in Turkey" və yaxud Avropanın başqa bir ölkəsinin adı yazıllaraq öz mağazalarında satışa çıxarıblar. Buna görə də oxşar məhşul şirkətin mərkəzi mağazalarında çox baha qiymətdən, kənarda və regionlarda olan mağazalarında isə bir qədər ucuz satılıb.
Mağazalarda satılan məhsulların digər hissəsinin isə Çində sexlərdə ucuz qiymətə hazırlatdırılaraq Bakıya gətirildiyi, burada etiketləri dəyişdirilərək tanınmış brendlərin məhsulları kimi satışa çıxarıldığı bildirilir. Şirkətin sahiblərinin gömrükdə yüksək rüsum ödəməmək üçün məşhur brendlərin etiketlərini Çində deyil, Bakıda vurduqları ehtimal olunur.
Bundan əlavə şirkətin bəzi orta səviyyəli brendlərin keyfiyyətsiz - "defekt" məhsullarını gətirib satdığına dair də iddialar var. Hansı ki, həmin mallar firmaların fabriklərində "düzgün tikilməyən mallar" adı altında toplanaraq, ucuz qiymətə istəyənlərə satılır...

Qısası, "Lady Sharm" mağazalar şəbəkəsində vətəndaşlar kütləvi şəkildə aldadılıb. Brend mal həvəskarları, xüsusən də tanınmış müğənnilər, məmurların xanımları, xüsusi günlər üçün ziyafət paltarı alanlar şirkətin toruna düşərək, çox uzuz qiymətə olan məhsullara iri məbləğdə vəsaitlər ödəyiblər. Məsələn, normalda 150-200 manat dəyəri olan bir üst geyimi brend məhsul adı ilə 1500-2000 manata satılıb. Bunun nəticəsində şirkətin külli miqdarda qazanc əldə etdiyi bildirilir. Ancaq bu gəlir saxta məhsullar sataraq əldə edildiyindən, rəsmi qeydiyyatdan yayındırılıb. Yəni, müştərilərə brend adı ilə 3000-5000 manata satılan məhsulun real dəyəri 300-400 manat olduğundan, vergi də aşağı məbləğdən ödənilib... Eləcə də, bəzi “brend” geyimlər Çində hazırlatdırılaraq gətirildiyindən, yəni ucuz məhsullar olduğundan gömrük rüsumu da buna uyğun ödənilib.
Bununla da yalnız istehlakçıları, müştərilərini deyil, həm də dövləti aldadıblar.
"AzPolitika.info”ya verilən məlumata görə, şirkətin “qara kassası” ilə bağlı ilkin araşdırmalar təxminən 5 milyon dolların vergidən yayındırıldığını ortaya çıxarıb.
Eyni zamanda şirkətdə çalışanların əksəriyyəti ilə əmək müqaviləsinin bağlanmadığı, ötən illər ərzində dövlət büdcəsinə çatmalı külli miqdarda sosial ödənişlərin də mənimsənildiyi vurgulanır.

Yuxarıda qeyd etdiyimiz kimi, mətbuata açıqlama verən Aybəniz xanım adlı biri özünü şirkətin sahibi kimi təqdim etsə də, mağazalar şəbəkəsinin əsl sahibinin kişi olduğu bildirilib. Ancaq onun kimliyi haqda məlumat verilməyib.

“AzPolitika.info”bu haqda da məlumatlar əldə edib. Saytımız dəqiqləşdirib ki, "Lady Sharm" mağazalar şəbəkəsinin sahibləri Emin və Rövşən İsmayılov qardaşlarıdır. İşlərin əsas təşkilatçısı kimi isə Rövşən İsmayılovun adı çəkilir (şəkildəki Rövşən İsmayılovdur-müəl.). Bu qardaşların hazırda Türkiyədə olduqları, hüquq-mühafizə orqanlarının çağırışlarına baxmayaraq, ölkəyə qayıtmadıqları bildirilir.
Hətta qardaşların hansısa vasitə ilə "Lady Sharm"ın mağazalarında əməliyyat aparılacağını əvvəlcədən bilərək Türkiyəyə qaçdıqlarını söyləyənlər də var. Onların indiyədək ölkəyə dönmədiyi və məsuliyyətdən yayınmağı bacardığı bildirilir... 
Qeyd olunan iddialarla bağlı Emin və Rövşən İsmayılov qardaşlarının mövqeyini dərc etməyə hazırıq. 


Paylaş:


Müəllif : Tarix:
26-02-2020, 08:40
  


loading...
Загрузка...