reklam
» » "Azər Paşa Nemətov TXİ-nı gərəksiz və yararsız hala salıb" - Elçin Əlibəyli

reklam

"Azər Paşa Nemətov TXİ-nı gərəksiz və yararsız hala salıb" - Elçin Əlibəyli


Məlum olduğu kimi Azərbaycan Teatr Xadimləri İttifaqının sədri yenidən Xalq artisti Azər Paşa Nemətov seçildi. Xalq artistinin yenidən sədr seçilməsi bir çox aktyorların ürəyincə olmasa da, çox az sayda aktyor bu vəziyyətə etirazını bildirdi. Onlardan birincisi Xalq artisti Afaq Bəşirqızı idi ki, İttifaqı baykot edərək konfransı tərk etmişdi. Daha sonra Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Elnur Kərimov TXİ-nın üzvlüyündən imtina etdi.

Bu illər ərzində Azər Paşa Nemətov vəzifəsinin öhdəsindən necə gəldi? Yaxud da gələ bildimi? TXİ-nin əhəmiyyətini qabardacaq hansı yeniliklər olmalı idi? Donmuş fəaliyyətini bərpa etmək üçün İttifaq hansı işləri görməlidir? Bütün bu sualları sənərşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Əlibəyli BakuPost- a açıqlamasında cavablandırdı.

“Azər Paşa Nemətovun yenidən sədr seçilməsi doğru deyildi”

Elçin Əlibəyli hesab edir ki, Azər Paşa Nemətovun əvəzolunmaz rejissor olması onun yaxşı idarəçi olmamasına bəraət qazandırmır: “Azər Paşa Nemətov böyük rejissordur, əvəzolunmaz sənətkardır. Bunu heç kim danmır. Amma Teatr Xadimləri İttifaqına daha çevik, aktyorların hüquqlarını qorumağı bacaran, teatr proseslərini diktə edə biləcək, sırf yaradıcılıq ittifaqı kimi fəaliyyət göstərəcək yox, həm də inzibati işini görə biləcək bir adam rəhbərlik etməlidir. Azər Paşa Nemətovun üzərinə, həm Akademik Mili Dram Teatrının yükünü qoyublar, həm də TXİ-nın. Bu səbəbdən də onun yenidən TXİ- na sədr seçilməsi doğru deyildi. Burda yaş faktorunu bir tərəfə qoyuram. İki böyük quruma rəhbərlik etmək absurddur”.

“İttifaqın kitabxanası çox bərbad vəziyyətdədir”

Azərbaycan teatrlarının uzun illərdir bəxtinin gətirmədiyini bildirən Elçin Əlibəyli bu fikrini belə izah edir: “Teatr xadimləri ittifaqına Lütfiyar İmanov rəhbərlik edən vaxtlarda ona qarşı çox ciddi kampaniyalar hazırladılar. Onu sözün əsl mənasında devirdilər. Rəhbərliyə Həsənağa Turabov gəldi. O bizim böyük aktyorumuzdur və heç kim böyüklüyünü danımır. Amma bu bir faktdır ki, Turabov Akademik Milli Dram Teatrına gələn kimi Amaliya Pənahova, Fuad Poladov, Məlik Dadaşov kimi aktyorlar teatrı tərk etdi. TXİ -na gələndə isə orda, "öz dostumuz, öz ətrafımız” prinsipini əldə tutan bir qrup yarandı".

Elçin Əlibəyli həmçinin qeyd edib ki, TXİ əslində yararsız və çox gərəksiz bir qurumdur və qurumu bu həddə Azər Paşa Nemətov gətirib çatdırıb: “TXİ-nın Sovet dövründə, Şəmsi Bədəlbəylinin zamanında çox əhəmiyyətli bir rolu olub. Şəhərin mərkəzində elə bir binanın tikilməsi böyük bir hadisə idi. Heç bir İttifaqın mərkəzdə müstəqil binası yox idi. Amma təəssüf ki, sonralar nə baş verdi? TXİ-nın binası restoranlara icarəyə verildi, yarı- yarı bölündü. Adını da qoydular ki, güya bütün bunlar İttfaqı yaşatmaq üçündür. Yaxşı, İttifaqı yaşadıb nə etdiniz? İttifaq nə üçün yaşamalıdı? Səs salacaq layihələr edilməlidir, hanıssa teatrın inkişafı üçün müəyyən addımlar atılmalıdır. Bunların heç birisi baş vermir. İttifaqın kitabxanası çox bərbad vəziyyətdədir. Teatr xadimi arxivi deyilən bir şey yoxdur. Elementar arxiv anlayışı belə yoxdur. Halbuki Sovet dövründə TXİ Azərbaycan aktyorları haqqında, hətta ən xırda əyalət aktyoru haqqında belə məlumat toplayırdı. İndiki dövr internet dövrüdür. Bir toxunuşa aktyor haqqında, onun fəaliyyəti haqqında məlumatın olmalıdır. Bizdə jurnalistləri qınayırlar ki, aktyorları tanımırlar. Jurnalist bütün günü tamaşaları gəzəsi deyil. Məlumatı hansı saytdan alsın? Təbii ki,TXİ- nın saytında əldə edilməlidir bunlar. Teatr peşəsinə aid olan bütün adamlar bu İttifaqda birləşməlidir. Mən teatrşünaslığı bitirsəm də heç vaxt o İttifaqa üzv olmaq arzusunda olmamışam. Çünki yararsız, gərəksiz bir qurumdur. Bu İttifaqı yararsız, gərəksiz qurum səviyyəsinə isə təbii ki, indiki rəhbərlik çatdırıb. Halbuki paraleldə olan başqa qurumlar, məsələn AYB nə qədər fəaldır. Bəstəkarlar İttifaqının fəaliyyəti var. TXİ əvvəllər heç olmasa “Qızıl dərviş” mükafatı verirdi indi heç onu da vermir.

Prezidentin mədəniyyət xadimləri ilə görüşündə teatr xadimlərini iki nəfər təsil edirdi: Azər Paşa Nemətovla Hacı İsmayılov. İttifaq bu iki nəfərdən ibarət deyil axı. Bunun Opera və Balet Teatrı var, Kukla Teatrı, Pontamim, GTT-ı, Musiqili Teatrı var. Bu boyda ittifaqı cəmi iki nəfər təmsil edə bilməz. Və bu cür fəaliyyətsizlikdən sonra yenidən Azər Paşa Nemətov bu quruma sədr seçilir. Nə qədər də universal adam olsa da bir insan iki mühüm işi yerinə yetirə bilməz”.

“Azərbaycan teatrı dost-tanış prisnipi üzərində qurulub”

Teatrşünsların, teatr tənqidçilərinin də fəaliyətinin qənaətbəxş olmadığını dilə gətirən E. Əlibəyli dost-tanış prinspinin Azərbaycan teatrına mənfi təsirlərindən danışıb: “Ümumiyyətlə Azərbaycan teatrı dost-tanış prisnipi üzərində qurulub və bu ənənə artıq 25- 30 ildir ki, qorunub saxlanılır. Tənqid etmək olmaz, çünki bir- birinin xətrinə dəyəcək. Əslində keçirilən o konfransda sədr seçkisindən əvvəl teatrların vəziyyəti ilə bağlı hesabat verilməli idi. Bu teatrlar illər ərzində repertuarlarında nə təqdim ediblər, üzərlərində hansı yenilik, hansı yaradıcılıq işləri həyata keçiriblər. Bunların heç birini biz görmədik. Mən teatrları da qınmıram. Kim tələb edir, kim soruşur ki? Mədəniyyət nazirliyi pul ayıra bilər, tamaşa sifariş edə bilər. Axı bu işin həm də yaradıcılıq tərəfi var. Yaradıcılıq layihələri həyata keçirtmək, həvəsləndirmək, mükafatlandırmaq lazımdır. Bu gün Azərbaycanda 30 yaşına qədər teatrdan parlayan bir aktyor adı tapıb deyə bilməycəksiniz. Parlayan da seriallardan parlayır. Nə oldu? Həsənağa Turabov, Amaliya Pənahova teatrda parlaya bilirdi indi bu niyə alınmır? Nə baş verir? Teatrı monapolyaya çeviriblər. “Sakit dayanın hər şey yaxşıdır” Hər şey yaxşıd eyil axı. Vəziyyət o qədər ağırdır ki, teatrların birində yeddi dənə hərəkət edən xətt var. Onlardan yalnız birinə motor qoyulub, amma sənəddə yeddisində də motor qoyulduğu yazılıb. Dövləti bu qədər aldatmaq olmaz. Dövlət bu qədər pul ayırdı teatrlara. Yüksək səviyyədə təmir olundu teatr binaları. Bəs orda nə göstərildi? Nə ilə təəccübləndik? Hansı ssenasiya oldu. Gənc aktyorlar teatrdan küsülüdü. Azərbaycanda bir dənə uşaq teatrı var aparıb atılıb Qaraçuxura. Qaraçuxurda teatr olar? Öz də Uşaq Teatrı. Kukla Teatrının repertuarında hansı dəyişiklik olub bu vaxta qədər? Nə qədər “Tıq-Tıq xanım” oynamaq olar? Yeniyetmələrin, gənclərin formalaşmasında Gənc Tamaşaçılar Teatrının böyük funkisyası var. Dövlət də o qədər pul ayrır. Əvəzində nə göstərilir?”

Elçin Əlibəyli hesab edir ki, TXİ-nın poblemlərini son günlərdə yalnız Xalq artisti Afaq Bəşirqızı qabardır. Ona gör də hesab edir ki, İttifaqa məhz Afaq Bəşirqızı sədrlik etməlidir. Teatrların vəziyyəti olduqca ağırdır və bu problemlər öz həllini tapmadığı müddətcə Azərbaycanda teatra həvəs, maraq oyanmayacaq.


Paylaş:


Müəllif : Tarix:
26-10-2019, 12:59
  


loading...
Загрузка...