reklam
» » "Nə Paşinyanı, nə də siyasətini izləmirəm" - Erməni əsilli məşhur türkiyəli aktrisa

reklam

"Nə Paşinyanı, nə də siyasətini izləmirəm" - Erməni əsilli məşhur türkiyəli aktrisa


Erməni əsilli məşhur türkiyəli aktrisa Anta Torosun Moderator.az- a müsahibəsini təqdim edirik:

- Anta xanım, harada dünyaya gəlmisiz?

- Mən Türkiyədə, daha dəqiq desək İstanbulda dünyaya gəlmişəm. Ailəmin çap evi var idi, kitab və qəzet istehsal edirdilər. Mən isə aktrisa olmağı seçdim.

- Siz Türkiyədə məşhur teatr və kino aktrisasız. İlk addımlarınızda kimlərdən dəstək almısız?

- Öncə amator olaraq sənət fəaliyyətimə başladım,daha sonra Genco Erkalın kursuna qatıldım. Çox dəyərli müəllimlərim var idi. Gülriz Sururi, Engin Cezzar, Ali Poyrazoğlu, Nisa Serezli, Tolqa Aşkıner və Salih Kalyon kimi məşhur teatrlarda aktrisa olaraq çalışdım. Bir çox serialda oynadım.

- Seriallarda çəkildiyiniz haqqında məlumatım var..

- Bilirəm. Azərbaycanlı izləyicilərimdən də bu haqda mesajlar alıram. Ən çox sevdikləri seriallarım isə "Yarım alma" və "Acı həyat"-dır. Mən çəkildiyim bütün serialları sevərək oynadım. Çünki işimi çox sevirəm.

- Amma daha çox imkanlı, cah-cəlal içində yaşayan qadın obrazlarında gördük sizi..

- Yəqin ki, tipim, obrazım ona yaraşır. Hər zaman bu tip obrazlar oynamışam. Amma keçən il "Heyvan" adlı bir filmə çəkildim, orada yoxsul bir qadın obrazını yaratmışdım.

- Hal-hazırda da teatrda çalışırsız?

- Üstün Akmen teatr ödüllərinin jüri heyyətində idim, o da koronavirusdan dolayı dayandı. İstanbulda bu virusa yoluxanların sayı günü-gündən daha da artır. Seriallar başlayıb, amma hələ ki, mənə dəvət gəlməyib. Dəvət gələrsə oynayaram.

- Anta xanım, sizin həyat yoldaşınız Mikas Toros da aktyor olub. Onunla necə və harada tanış olmusuz?

- Mikasla İstanbulda tanış olmuşam, teatrda da birlikdə oynamışıq.

- Siz erməni əsilli aktrisasız. Ermənistana heç getmisinizmi?

- Erməni əsilli olsam da ailəm hər zaman Türkiyədə yaşamış. Ermənistana heç vaxt getməmişəm. Erməni əsilli türkəm.

- Niyə getməmisiz?

- Bilmirəm, bu haqda heç düşünməmişəm.

- İnternet saytlarında adınız Antaram Torosyan kimi qeyd edilir. Olmaya bir təzyiq gördünüz deyə dəyişdirdiniz?

- Xeyr, mənim adım Anta, Antaramın qısaldılmışı, soyadım isə Toros, Torosyanın qısaldılmış variantıdır. Şəxsiyyət vəsiqəmdə Anta Toros yazılıb. Aktrisa olduğum üçün daha asan və qısa olduğunu düşünüblər. Bu faktı hər kəs bilir.

- Siz bilirsiniz ki, Azərbaycan hal-hazırda öz əzəli torpaqları uğrunda haqlı olaraq mənfur düşmənimiz ermənilərlə mübarizə aparır. Ermənilər bizim mülki insanları hədəf alaraq beynəlxalq konvensiyaların tələbini kobud şəkildə pozur. Buna da istərdim münasibət bildirəsiz..

- Nə söyləyə bilərəm? Müharibə olmasın, mən hər zaman sülh tərəfdarıyam. Müharibənin olmaması daha yaxşı olardı. Sülh və sevgi dolu bir dünya olsun. Mülki insanların öldürülməsi isə çox üzücüdür. Vətəniniz, torpağınız uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirəm. İnanıram ki, ən qısa vaxtda bu müharibə sülhlə başa çatar.

- Azərbaycanda olmusunuz?

- Xeyr, olmamışam. İstanbulda çox azərbaycanlı dostlarım var.

- Vətəninizin hara olduğunu soruşsam..

- Əlbəttə ki, Türkiyə..

- Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə xalqının qarşısında rəzil duruma düşüb. Dövləti idarə edə bilmir, hamının ona nifrəti var. Siz onun haqqında nə deyə bilərsiniz?

- Onun haqqında heç bir fikrim yoxdur, nə onu izləyirəm, nə də siyasətini. Ümumiyyətlə politika ilə maraqlanmıram.


Paylaş:


Müəllif : Tarix:
26-10-2020, 09:16
  


loading...
Загрузка...