reklam
Regionxeberleri.com » Cəmiyyət » Avropa Məhkəməsində Azərbaycanla bağlı 2100 iş baxılmasını gözləyir – 5.268 milyon avro cərimə kəsilib...

reklam

Avropa Məhkəməsində Azərbaycanla bağlı 2100 iş baxılmasını gözləyir – 5.268 milyon avro cərimə kəsilib...






Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) ən çox şikayət edilən ölkələr arasındadır.

"Azadlıq" radiosu xəbər verir ki, 2002-2020-ci illərdə Azərbaycandan həmin quruma 7 min 200-dən çox şikayət göndərilib. Bu ilin iyuluna olan məlumata görə, AİHM-də Azərbaycanla bağlı 2 min 100 iş baxılmasını gözləyir və bu göstəriciyə görə Azərbaycan quruma üzv ölkələr arasında Rusiya, Türkiyə, Ukrayna, Rumıniya, İtaliya və Polşadan sonra 7-ci yerdədir. İndi məhkəmədə baxılma aşamasındakı işlərin 3 faizi Azərbaycanla bağlıdır.

2021-ci ilədək qərarları açıqlanmış məhkəmə işlərində Azərbaycan ən çox (112 dəfə) "ədalətli məhkəmə araşdırması hüququ"nu təmin etmədiyindən təqsirli bilinib. "Azadlıq və toxunulmazlıq hüququ" (78 dəfə), "işgəncəyə məruz qalmamaq hüququ" (49 dəfə), "mülkiyyət hüququ" (38 dəfə), "birləşmək hüququ" (37 dəfə), "seçki hüququ" (25 dəfə) da Azərbaycanda ən çox pozulan hüquqlar arasında olub.

Burada diqqətçəkən bir məqam da var: Azərbaycan bəzi istiqamətlərdəki hüquq pozuntusu sayına görə AİHM yurisdiksiyasındakı bütün ölkələri qabaqlayır. Məsələn, AİHM 25 şikayətlə bağlı qərarında Azərbaycanda seçki hüququnun pozulması qənaətinə gəlib. AİHM yurisdiksiyasına daxil ölkələrin heç birində seçki hüququ ilə bağlı bu qədər pozuntuya rast gəlinməyib. Bu istiqamətdə ikinci və üçüncü yerləri İtaliya (17 dəfə) və Türkiyə (11 dəfə) tutub. Onu da nəzərə almaq lazımdır ki, qərar çıxarılan 25 işdən savayı, 10-dan çox digər işdə problem dostca anlaşma və ya təktərəfli deklarasiya təqdim olunması yolu ilə qərardan öncə həllini tapıb. Həmin işlərin də bir çoxunda hökumət seçki hüququnun pozulduğunu etiraf edib.

"Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri" maddəsi üzrə də ən çox cərimələnən ölkə Azərbaycandır. Qurumun tarixində bu maddə üzrə 2021-ci ilədək cəmi 19 qərar qəbul edilib ki, onun da 10-u sırf Azərbaycanla bağlıdır. "Birləşmək hüququ"nun təmin edilməsi baxımından da Azərbaycan ən pis göstəriciyə malik ölkələrdəndir. Azərbaycan Türkiyə və Rusiyadan sonra bu maddənin pozuntusuna görə ən çox cərimələnən ölkədir.

AİHM-in Azərbaycanla bağlı ilk qərarını elan etdiyi 2006-cı ildən ötən ilin sonunadək Azərbaycana qarşı müəyyən edilən təzminatların toplam məbləği 5 milyon 268 min avro olub. Azərbaycana qarşı qərar sayı bu il də artdığından həmin məbləğin də həcmi artıb. Qurumun 2011-2021-ci illərdə (sentyabr ayınadək) qəbul etdiyi qərarlarda Azərbaycanın toplam 5 milyon 400 min avro təzminat ödəməsi müəyyənləşdirilib. Bu göstəriciyə görə Azərbaycan 47 ölkə arasında ən çox cərimələnən 18-ci ölkədir.

Ən çox təzminat ödəməyə məhkum edilən ölkələrin siyahısına Rusiya başçılıq edir. AİHM qərarlarında Rusiya hökumətinin üzərinə ərizəçilərə toplam 1 milyard 985 milyon avro təzminat ödəmək vəzifəsi qoyulub. Təzminat məbləğinə görə siyahıda ikinci yerdə İtaliya (293 milyon avro), üçüncü yerdə isə Türkiyədir (205 milyon avro). Region ölkələrindən Ermənistanın indiyədək ödəməyə məhkum edildiyi təzminat məbləği 3.8 milyon, Gürcüstanda isə cəmi 1.2 milyon avro olub.




Paylaş:


Müəllif : Tarix:
4-12-2021, 08:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər