reklam
» » "Nişanlı olduğu üçün görünüşündən narahat idi" - Tibb bacısı 44 günlük müharibənin dəhşətlərindən danışır

reklam

"Nişanlı olduğu üçün görünüşündən narahat idi" - Tibb bacısı 44 günlük müharibənin dəhşətlərindən danışır



“Müharibənin ilk günləri idi. Yanıq yarası ilə bir cavan oğlan gətirdilər. Tanınmaz hala düşmüşdü. Yaralı gələndən 1 gün sonra komadan ayıldı. Harada olduğunu soruşanda, sözsüz ki, xəstəxanada olduğunu dedik. Üzündəki yaraların sağalıb sağalmayacağını soruşdu. Biz ona, əlbəttə “yaxşı olacaqsan” dedik. Nişanlı olduğu üçün görünüşündən narahat idi. Biz onun daha da qəşəng olacağını, artıq tibbin çox inkişaf etdiyini və belə şeylərin çarəsinin olduğunu dedik. İlahi, elə sevindi ki”.

Bunu Lent.az-a əslən şuşalı, tibb bacısı Günay Tağıyeva deyir. O, 44 günlük Vətən müharibəsində Elmi Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Saatlı Mərkəzi Xəstəxanasına ezam edilən tibb işçilərindəndi.

Günay xanım həmin günü belə xatırlayır: “Müharibə günü, yəni 27 sentyabr mənə zəng gəldi. Cəbhə bölgəsinə gedib- getməyəcəyim barədə soruşdular. Əlbəttə, anındaca, düşünmədən cavab verdim: “Gedəcəm”. Bu mənim vəzifə, həm də insanlıq borcum idi. Həmin gün gecə mənimlə birlikdə bir neçə həkim və tibb bacısı yola düşdü.

Sentyabrın 27-dən dayanmadan yaralılar gətirilirdi. Kardiologiya İnstitutunun rəhbərliyi tərəfindən kadrlar şöbəsinin müdiri Fatma Alxasova koordinator vəzifəsində çalışmağa başladı. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, cərrah Vüsal Abdullayev həmin xəstəxanaya ezam olundu. Bir məqamı deyim ki, hamı tibb bacıları, həkimlər, digər personal canla-başla öz işlərini icra etdilər. Demək olar bütün yükü bizim institut axır günə qədər öz üzərinə götürdü. Bizimlə birgə könüllülər də çalışırdı. Gəldiyimiz gündən bəri çoxlu yaralı gətirirdilər. Bir neçə gündən sonra xəstəxana hospitala çevrildi. Ancaq yaralı əsgərlər üçün fəaliyyət göstərməyə başladı. Bizim üçün çox ağır günlər idi. Amma bunun öhdəsindən gəldik. Çox şükür ki, xidmət etdiyimiz hospitalda vəfat edən əsgərimiz olmadı. Çox ağır xəstələri Bakıya təxliyə edirdilər”.
Ezam olunduğu xəstəxanaya hər bölgədən yaralılar gəldiyini qeyd edən Günay xanım bildirir ki, müharibə zamanı yaxın ərazilərdən yaralılar Saatlı Rayon Xəstəxanasına çatdırılırdı:

“Hətta bəzən Bakıya göndərdikləri yaralıların yolda vəziyyətinin pisləşməsi nəticəsində təcili yardım maşınları ilə bizə təhvil verirdilər. Burada biz onlara ilkin tibbi yardım göstərirdik. İlk günlər yanıq yaraları ilə yaralılarımız çox gəlirdi. Əsasən, kəllə və beyin travması keçirənləri, qəlpə, mərmi yarası olanlar da gətirilirdi. Çox dəhşətli günlər idi. İş rejimi yox idi. Hamı hər şeyi unudub ancaq yaralılarla məşğul olmağa çalışırdı. Hətta evimiz də yadımızdan çıxmışdı”.

Yaralılar hər birimizin qardaşı, balası kimi qəbul edirdik:

“Çünki onlar hamımızın qohumu, qardaşı, yaxınıdır. Hətta indi bəziləri ilə hələ də əlaqə saxlayırıq. Bizi görməyə gəlirlər, zəng edirlər. Bizi dəfələrlə qonaq çağırıb, təşəkkür etmək istəyirlər”.
Günay xanım yaralı əsgərlərin müharibə vaxtı əhval-ruhiyyələrinin çox yüksək olduğunu, özlərinə gəldikdən sonra yenidən döyüşə getməyi istədiklərini dönə-dönə qeyd edirdi.
“Hətta biz onları saxlaya bilmirdik. Müharibənin ilk günləri idi. Ortayaşlı bir oğlan idi. Çox ağır halda gəlmişdi. Üzündə, bədənində yanıqlar var idi. Onun yaralarını sarıdıq. Özü demək olar ki, şokda idi. Bir gündən sonra özünə gəldi. Ayıldıqdan sonra üstündəki cihazları çıxarmaq istədi, qışqırmağa başladı. “Mən hardayam?” deyə soruşdu. Onun səsini unuda bilmirəm. Çıxıb getmək istəyirdi. “Mənim əsgərlərim şəhid olub. Burda nə işim var” deyə qışqırırdı. Sən demə, komandir imiş. Onun o səsi, ağlamağı dəhşət idi, hələ də qulağımdadı.
Günay xanım deyir ki, rayon camaatı da gəlib yaralıları görmək istəyir, bizə dəstək olurdular. “Təbii ki, dövlətimiz hər şeyi təmin etmişdi. Heç nəyə ehtiyacımız yox idi. Yaralılara ancaq mənəvi dəstək gərək idi. Onların buna daha çox ehtiyacı var idi. Hər saniyəmizi onlara qurban vermişdik. Tibbi personalımızın hamısı bir ailə idi. Aramızda qəti ayrı seçkilik olmurdu. Orda demirdilər sən hansı bölgədən gəlmisən, ya da hansı müəssisədə işləyirsən. Hamımız həmrəy idik. Baş həkim Vüsal bəy həm yaralılara cərrahi əməliyyatda, həm də bizə öz köməkliyini əsirgəmirdi.
İnstitutumuzun direktoru Gülnaz Dadaşova, baş həkim Rza Səmədov daima öz diqqətlərini üstümüzdən əksik etmirdi. Hər dəqiqə orada olan vəziyyətlə maraqlanıb, öz dəstəklərini göstərirdilər”.

Həmin günləri yenidən xatırlayan Günay xanım unuda bilmədiyi hadisəni bizlərlə bölüşdü:
“Müharibənin ilk günləri reanimasiya şöbəsində gecə növbəsində idik. Gecə saat 3-4 radələrində polis gəlib həkimə bildirdi ki, bir yaralı təkidlə getmək istəyir və biz onu qapıda saxladıq. Lakin biz onun hansı şöbədən olduğunu bilmirik. Özü də deyə bilmir. Anında biz tez onun yanına getdik. Bu zaman biz gördüklərimizdən dəhşətə gəldik. Həmin oğlan qapının ağzında oturub, yerə çöküb. Hərdən dəhlizə baxır. Əlində isə guya silah var. Onunla ətrafa atəş açır. O, hələ də özünü müharibədə hiss edirdi. Biz ona yaxınlaşıb otağa keçməsini istədik. “Bizə baxırlar, ordadılar” deməyə başladı. Bütün dəhliz boyunca səngərdə olduğu kimi sürünü-sürünə getdi. Sonra ayağa qalxdı, biz onun otağına gedəcəyini düşündük. Ancaq o bir anlıq arxası üstə yıxıldı. Bunu heç gözləmirdik. Onu qaldırıb sakitləşdirdik. Sonra həkimdən siqaret istədi. Siqareti çəkdi. Sabahı psixoloqumuz onunla danışdı. O, hər şeyi xatırlamağa başlamışdı. Sadəcə, dəhlizdəki hadisədən başqa”.

Hə, söhbətimizin əvvəlində müsahibimizin Şuşada doğulduğunu, uşaqlıq illərinin orada keçdiyini qeyd etmişdik. 14 yaşında Şuşanı işğalını, illər sonra Şuşanın azadlığını yaşayan Günay xanım ora qayıtmağı, yenidən uşaqlıq xatirələrini görmək istədiyini deyir:
“Evimizi təsəvvür edə bilmirəm. Çünki deyilənə görə, tamamilə dağılıb. Bizim ev Gövhər Ağa məscidinin arxasında idi. Həyət evi idi. Demək olar ki, evimizdən heç nə qalmayıb. Ancaq həyətin divarları, evin qalıqları...
Şuşaya gedəndə hansı hissləri yaşayacağımı, o torpaqda necə gəzəcəyimi bilmirəm. Ora şəhidlərimizin qanı tökülən torpaqdır. Mən o torpağı tapdalmağa belə çətinlik çəkəcəyəm.
Bir gerçəyi də görməliyik. Prezident Cənab İlham Əliyev rəşadətli Azərbaycan ordusu ilə birlikdə xalqın qürurunu zirvələrə yüksəltdi. 44 günlük vətən müharibəsində bunu bütün dünyaya sübut etdi.
Cənab prezidentdən xahiş edirəm, 29 ildir məcburən tərk etdiyim doğma Şuşama getmək üçün mənə və 70 yaşlı anama şərait yaradılsın. İnanıram ki, mənim bu arzum qısa zamanda reallaşacaq və anam da buna çox sevinəcək.
Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Qələbəmizə görə bir ömür onlara borcluyuq”.




Paylaş:


Müəllif : Tarix:
23-07-2021, 17:39
  


loading...
Загрузка...