reklam
» » ŞEYXİN ƏNDAZƏNİ AŞAN İRAN SEVGİSİ – Qələbəmiz üçün kiminsə fətvasına ehtiyacımız vardımı?

reklam

ŞEYXİN ƏNDAZƏNİ AŞAN İRAN SEVGİSİ – Qələbəmiz üçün kiminsə fətvasına ehtiyacımız vardımı?


“Dədə Qorqud” filmində maraqlı bir epizod var. Qazan Xan düşməninə qalib gələndən sonra Alp Aruz başının dəstəsilə guya köməyə gələrək deyir ki, tonqalları görüb, sənin yardımına yetişdik. Hansı ki, savaş artıq bitmişdi. Əslində isə Aruz bütün savaş dövründə kənarda dayanıb kimin qalib gələcəyini gözləyirdi və heç də Qazan Xanın qələbəsini arzulamırdı. İranın 44 günlük müharibədən sonra Azərbaycana ünvanladığı ismarıclar da buna bənzəyir. Azərbaycanın “yandırdığı tonqallar” dünyanın dörd bir yanında görünəndən sonra, “qulağımızın dibindəki” Tehran ünvanımıza “xoştəhər” ismarıclar göndərməyə başladı.
İranın 30 il ərzində istər Qarabağdakı separatçılara, istərsə də Ermənistana hər cür yardım, dəstək göstərməsi, heç vaxt Azərbaycanın haqq mübarizəsini birmənalı olaraq dəstəkləməməsi, hətta işğal altındakı ərazilərimizdə Azərbaycandan icazə almadan müxtəlif işlər görməsi, Şuşa məscidinin “fars məscidi” elan olunaraq təmir etdirilməsi, 44 günlük müharibədə Azərbaycanın qələbə çalmasından sonra isə ölkəmizə səmimiyyətdən uzaq “dəstək bəyanatları” səsləndirməsi istər-istəməz “Dədə Qorqud”dakı həmin səhnəni xatırladır... 
Ancaq İran rəhbərliyindən soruşan lazımdır ki, bu 30 illik işğal dövründə hardaydılar, Azərbaycanın haqqı tapdanan, ərazisi işğal olunan tərəf olduğunu görmürdülərmi? Paşinyanın ilk dəfə məhz İranda “Qarabağ Ermənistandır” şüarını irəli sürməsinə niyə imkan verirdilər? Özünü islam aləminin lideri və müdafiəçisi sayanlar niyə susurdular? Niyə ermənilərin işğal altındakı ərazilərimizdən İrandan keçməklə gen-bol istifadə etməsinə imkan verirdilər? Niyə Qarabağdakı ermənilərin İranda işləməsinə şərait yaradırdılar, onlarla hər cür ticarət əlaqəsi qururdular? Niyə Ermənistanı haqq etdiyi blokadadan çıxarmaq üçün dəridən-qabıqdan çıxırdılar və indi də çıxırlar? Niyə 30 il ərzində İranın iştirakı ilə işğal olunmuş ərazilərimizdə kənd təsərrüfatı işləri aparılırdı? Niyə İran 44 günlük müharibə dövründə böyük ehtimalla hərbi təyinata malik olan yüklərin öz ərazisindən Ermənistana daşınmasına imkan yaradırdı?

Ümumiyyətlə, İrana bu qəbildən veriləcək suallar çoxdur. Yeri gəlmişkən, Ermənistana və xüsusilə hələ də nəzarətimizdə olmayan Qarabağdakı ərazilərimizə bu gün də İran maşınları müxtəlif təyinatlı yüklər, yanacaq daşımaqdadırlar. Bəs bütün bunların fonunda Xameneinin “Qarabağ islam torpağıdır” kimi ikibaşlı fətvasını, yaxud İranın yeni Prezidentinin Qarabağla bağlı Azərbaycana “təbrik məktubunu” necə başa düşək?...
Ümumiyyətlə, İranın Azərbaycan siyasəti heç vaxt səmimiyyətə söykənən dəstək siyasəti olmayıb. Bunu Ermənistanda da yaxşı bilirlər. Təsadüfi deyil ki, ermənilər az qala Rusiyaya, Fransaya güvəndikləri qədər də İrana güvənirlər. Əgər fikir vermisinizsə, İranın yeni Prezidentinin Azərbaycana ünvanlanan işğal edilmiş torpaqların azad edilməsi münasibətilə təbrikinə Ermənistan heç bir mənfi reaksiya vermədi, hansı ki, bunu edən digər ölkələrə dərhal nota verilir, səfirləri XİN-ə çağırılırdı. Bəs niyə İrana qarşı bu addım atılmadı? Çünki ermənilər yaxşı bilir ki, Azərbaycana münasibətdə İranın sözü ilə əməli heç vaxt üst-üstə düşmür. Eynilə İran tərəfindən Ermənistana verilən dəstək də göz qarşısındadır. Bu səbəbdən İranın Azərbaycana az-çox dəstək bəyanatları İrəvanı qətiyyən narahat etmir...
Təbii ki, qonşu ölkə kimi İranla normal münasibətlərə can atmağımız vacibdir. Lakin bu münasibətlər səmimi, gerçək əsaslar üzərində qurulmalıdır, Azərbaycana dini məzhəbçiliyin yeridilməsi, suverenliyimizlə bağlı ikibaşlı bəyanatlar, sərhədlərimizin daim narkoticarətin hədəfinə çevrilməsi, ölkəmizə mümkün qədər narkotik vasitələrin yayılmasına şərait yaratmaq cəhdi və s. bu kimi əməllərlə yox.
Təəssüf ki, İranın məlum dairələrinin Azərbaycana bəzi hallarda mənfi təsirinə ölkəmizin öz daxilindəki müəyyən qüvvələr də şərait yaradır. Bunların adını “5-ci kolon” qoysaq, istər-istəməz onun başçısı kimi təsəvvürümüzdə Allahşükür Paşazadənin siması canlanacaq. Baxmayaraq ki, əslində Tehrana yönəlik yuxarıda sadaladığımız sualları İran tərəfinə ünvanlamalı olan bir nömrəli şəxs də məhz A.Paşazadə olmalıdır. Lakin o, nəinki bu sualları dilinə gətirmir, əksinə, bir sıra davranış və açıqlamaları ilə özü barəsində Azərbaycan cəmiyyətindəki şübhələri daha da qüvvətləndirir. Onun son günlərdəki davranışları və əndazəni aşan siyasi açıqlamaları da bu qəbildəndir və yenidən Azərbaycan xalqı və dövləti üçün çox aydın siqnallar ötürür. Bu siqnallar ondan ibarətdir ki, “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” deyəcək qədər ziyanlı bir siyasi mövqe sərgiləyən, özünü qonşu ölkənin mollası kimi aparan bir şəxsin Azərbaycanda əsas və ən böyük rəsmi dini quruma rəhbərlik etməsi, əslində böyük təhlükə və strateji xətadır...

Sual olunur: Hansı məntiqlə rəsmən Azərbaycanın dini lideri sayılan (reallıqda təbii ki, belə deyil –C.M.) şəxs hansısa digər ölkənin dini rəhbərinin ikibaşlı fətvasını əlində bayraq etməli, minlərlə şəhidimizin, qazimizin, bütünlükdə xalqımızın və dövlətimizin qələbəsinə, zəhmətinə, qanına kimlərisə şərik, calaq etməlidir?! Hamıdan əvvəl A.Paşazadə bilməlidir ki, Azərbaycanın nə İranın, nə İraqın, nə Səudiyyə Ərəbistanının, nə də hansısa başqa bir ölkənin dini rəhbərinin fətvasına ehtiyacı yoxdur! Və biz bu qələbəmizi kimlərinsə fətvası yox, öz gücümüz – Ali Baş Komandanın iradəsi, komandirlərimizin hərbi fəhmi və vətənpərvərliyi, əsgərimizin rəşadəti sayəsində, yəni canımız, qanımız bahasına, bir də həqiqi dost və qardaşlarımızın hərtərəfli dəstəyi hesabına əldə etmişik!
Ümumiyyətlə, Xameneinin heç vaxt Qarabağa dair Azərbaycana açıq dəstək fətvası, bəyanatı da olmayıb axı. Yalnız müharibə bitəndən, Azərbaycanın birmənalı qələbəsi qeydə alınandan, Ermənistanın diz çökdüyü, heç bir ciddi beynəlxalq dəstəyə malik olmadığı üzə çıxandan sonra Azərbaycanın ünvanına “gah nala, gah da mıxa” xarakterli qulağa xoş bəyanatlar verilməyə başlandı. Hansı ki, hətta müharibə dövründə də İranın daha çox Ermənistana dəstəyi hiss olunurdu, nəinki Azərbaycana.
Təkcə onu qeyd etmək kifayətdir ki, İranın rəsmi mətbu orqanları 44 günlük müharibə dövründə guya Azərbaycan tərəfdə suriyalı yaraqlıların döyüşdüyünə dair gecə-gündüz saxta məlumatlar yayır, təbliğat aparırdılar. Bəlkə bundan Allahşükür Paşazadənin göylərə qaldırdığı Xameneinin xəbəri olmayıb?...
Nəhayət, A.Paşazadənin uzun illərdir davam edən və artıq bütün əndazələri aşan iranpərəstliyinə gəlincə - onun üçün qonşu ölkənin dini rəhbərləri bu qədər əziz və müqəddəsdirsə, bu qədər onlara sitayiş edirsə, o zaman kreslosuyla vidalaşıb, Azərbaycandakı və xaricdəki hansı yollarla qazanıldığı məlum var-dövlətini, biznesini, malikanələrini xalqa qaytarandan sonra gedib İranın əyalətlərinin birində mollalıq etsin.


Paylaş:


Müəllif : Tarix:
23-07-2021, 13:57
  


loading...
Загрузка...