reklam
» » Qarabağda nə olacaq? – Layihə gizli saxlanılır...

reklam

Qarabağda nə olacaq? – Layihə gizli saxlanılır...


“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın yekun layihəsi hazırlanıb.

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun verdiyi məlumatda bildirilir ki, layihə dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

Lakin layihənin məzmunu hələ ki, geniş ictimaiyyətə açıqlanmır.

İşğaldan azad edilmiş ərazilərinin dayanıqlı inkişafı necə həyata keçirilməlidir? Sözügedən dövlət proqramında nəyin yer alması vacibdir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Turana bildirib ki, hazırda planlı şəkildə Qarabağ iqtisadi zonasının yekun formalaşdırılması gedir.

“Biz artıq Qarabağ regionunun bütün ərazilərini ölkənin iqtisadi sisteminə daxil edilməsini elan etmişik və həmin əraziləri Azərbaycanın digər bölgələrindən daha böyük diqqət və həssaslıqla və daha sürətli inkişaf etdirəcəyik. Biz həmin zonanı inkişaf etdirəcəyik, ora investisiyalar olacaq, orada sahibkarlıq üçün münbit şərait qurulacaq və ora qayıdacaq insanların yaşaması və fəaliyyəti üçün komfortlu şərait yaradılacaq,” deputata belə fikirləşir.

Onun sözlərinə görə, Qarabağ regionunda sahibkatlıq mühiti postsovet məkanında istənilən ölkədən daha yaxşı olacaq.

“Biz bu planı həyata keçirməliyik. Bundan öncə isə biz bütün struktur layihələri həyata keçirəcəyik. Mühit ona görə yaxşı olmalıdır ki, daha cəlbedici olsun və həm Azərbaycan, həm xarici sahibkarlar gəlib regionun inkişafında iştirak etsin.”

Komitə üzvü vurğulayıb ki, Azərbaycanın Qarabağ regionunun dayanıqlı inkişafı üçün kifayət qədər resurs var.

“Cənab Prezident bir neçə dəfə demişdir ki, biz bunu yalnız öz daxili resurslarımız hesabına edəcəyik və bizə heç kəsin pulu lazım deyil. Biz öz iqtisadi dayanıqlığımıza və maliyyə imkanlarımıza söykənirik.”

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, sözügedən proqramın ictimai müzakirəsi olmalı idi. “Mütəxəssislər, müstəqil şəxslər bu proqramın hazırlanmasına cəlb edilməli idi. Ən azından isə yekun sənəd ictimai müzakirəyə açılmalı idi.”

Onun fikrincə, ictimai müzakirələrin işğaldan azad olunmuş ərazilərin bərpasında çox böyük əhəmiyyəti var.

“Bir-birini tamamlayıcı layihələr, iqtisadi fürsətlər, idarəetmənin yenilənməsi olmalıdır. Yəni siyasi və iqtisadi addımlar paralel aparılmalıdır. İstənilən yaxşı iqtisadi qərar normal idarəetmə ilə tamamlanmasa bu, heç bir effekt verməyəcək. Necə ki, ölkənin digər rayonlarında 30 il ərzində effekt vermədi.”

Ekspert yekun sənəddə hər hansı köklü dəyişiklərin olmasına inanmadığını bildirib.

“Əgər icra hakimiyyəti institutu qalacaqsa, bələdiyyələrin heç bir funksiyası olmayacaqsa, insanların orada yaşaması üçün yalnız iqtisadi fürsətlərin yaradılması ilə bağlı müəyyən vergi və gömrük güzəştləri tədbiq ediləcəksə bu, digər rayonlardakı kimi effekt verməyəcək,” Cəfərli belə düşünür.


Paylaş:


Müəllif : Tarix:
20-07-2021, 14:58
  


loading...
Загрузка...