reklam
» » Operativ Qərargah qərarı kimin üçün verir? - Xalq, yoxsa bir qrup üçün?

reklam

Operativ Qərargah qərarı kimin üçün verir? - Xalq, yoxsa bir qrup üçün?


“Xalqımın toy kimi bir adəti var...

Bu gözəl adətə hörməti var..."

Bir zamanlar belə deyərdilər, ancaq xeyli müddət idi ki, toy adətini unutmaq üzrəydik.

Nəhayət, 473 gündən sonra Azərbaycanda ailə qurmaq istəyən gənclərə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah şad xəbər verib. Bir ildən çoxdur pandemiya ilə əlaqədar toylara qoyulan qadağa ləğv edilib.

Belə ki, 2020-ci il martın 14-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilmişdi və gənclər ya sadə nikahla kifayətlənir, ya da toy edib cərimələnirdilər.

Təbii ki, üçüncü yol da var idi və bu yolu tutanlar müəyyən “razılaşmalarla” toylarını keçirə bilirdilər.

Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar-noyabr ayları üçün verdiyi məlumata görə, ölkədə qeydiyyat şöbələri tərəfindən 32,437 min nikah qeydə alınıb. Bu isə 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 44,4 faiz azdır. Həmin ilin eyni ayları üçün 13, 439 min boşanma qeydə alınıb. Bu isə 2019-cu ilin eyni aylarına görə 14 faiz azdır. Yəni ölkədə evlənmək istəyən evlənib, boşanmaq istəyən də boşanıb.

Ölkədə pandemiya dövründə toy və nişan məclislərinin keçirilməsi qadağan olsa da, qadağaya məhəl qoymayanlar da az deyildi. Məsələn, Ramiz Mehdiyevin nəvəsinin toyu. Yerli mətbuat toyun 2020-ci ilin avqust ayının 18-də Novxanıda bağ evində keçirildiyini yazdı. Toy videogörüntülərin sosial şəbəkədə paylaşılması ilə ortaya çıxdı. Videoda Ramiz Mehdiyev, Ombudsman Səbinə Əliyeva, millət vəkili Siyavuş Novruzov, akademik Abel Məhərrəmovun toyda iştirakı görünürdü.

Toydan sonra Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev məhkəmə tərəfindən karantin qaydalarını pozmaqda təqsirli bilindi. Onunla yanaşı, yeni qudası Rövşən Mustafayev karantin rejiminin pozulmasına görə 15 sutka müddətinə inzibati qaydada həbs edildi. YAP Siyavuş Novruzova karantin rejiminin tələblərini kobud sürətdə pozduğuna görə töhmət verdi.

Belə çıxdı ki, bir ildən çoxdur öz övladına toy keçirməyi gözləyənlər olduğu kimi, Operativ Qərargahın verdiyi qərarları heçə sayanlar da olub. Yəqin elə buna görədir ki, Azərbaycanda xalq arasında pandemiya zamanı “haqqını ver, toyla evlən” məsəli dolaşırdı.

Nəhayət, 2021-ci il 22 iyunda Nazirlər Kabineti gözlənilən qərarı verdi. 1 iyul tarixindən müəyyən şərtlərlə toylara icazə verildi. İcazə verilməsinə verildi, amma hansı şərtlər altında verildi? Gəlin ona da baxaq.

Toylarda maksimum 150 nəfər iştirak edə bilər. 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir. Ancaq 50 nəfərə qədər şəxslərin iştirakı ilə mərasimlərin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkilinə icazə verilir və həmin mərasimlərdə iştirak üçün COVİD-19 pasportu tələbi yoxdur.

Qərara əsəsən, kimsə həyətdə 50 nəfərlik toy və ya nişan keçirmək istəsə, tibbi maska tələbi qüvvədədir. İştirakçı sayı 50+1 olacağı halda isə cərimə ediləcək.

Azərbaycanda hazırda peyvənd könüllülük prinsipi əsasında aparılır. Toylara icazə ilə bağlı qərarda isə toy və nişan mərasimlərinin keçiriləcəyi yerlərdə işçilərin 80 faizi peyvənd vurdurmağa məcburdur. Yəni Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir. Şənlik mərasimində xidmət göstərən heyətin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

Bundan başqa toy və ya nişan keçirənləri daha bir çətinlik gözləyir. Əvvəllər toy üçün restoran tapmaq məsələsi var idisə, indi toy üçün icaze.gov.az portalından qeydiyyatdan keçmək məcburidir.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az ) daxil edilməldir. Portal iyunun 26-dan aktiv ediləcək. Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır.

Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaq. İnzibati Xətalar Məcəlləsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

Qəbul edilən qərarların yerinə yetirilməsinə nəzarət isə 3 quruma tapşırılıb. İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaq. Monitorinq qrupları Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaq. Ancaq toy üçün icazə məsələsində də bəzi qaranlıq məqamlar var. Məsələn, toy sahibi, peyvənd olunmadığı təqdirdə onun mərasiminin keçirilməsinə icazə veriləcək, ya yox? Yəni COVİD pasportu təkçə iştirak üçün qüvvədədir, yoxsa icazə üçün də tələb olunur?

Ümumiyyətlə, toylara icazə verilsə də, ağıllarda cavabsız suallar yaranıb.

Niyə hansısa kənddə, şadlıq sarayının olmadığı bir ərazidə öz həyətində açıq havada toy mərasimi keçirmək istəyən şəxs ancaq 50 nəfər çağıra bilər, ancaq qapalı məkanda 150 nəfərlə şənlik keçirilməsinə icazə verilir? Bəlkə bu qərar elə pandemiyadan iflasa uğradıqlarını bəyan edən şadlıq sarayları, müğənnilər üçün verilib?

Cebhe.info-ya açıqlamasında deputat Aqil Abbasın dediyi kimi çox gülməli və səhv qərardır:

“Qapalı məkanda 150 nəfər ola bilər, açıq havada ola bilməz? Bu qərarı kim yazıbsa, savadsız yazıb. Hələ 50 nəfərlik toyda durub oynamaq üçün maska taxmaq lazımdır. Bu artıq gülməlidir. Oturmuşam, çörək yeyirəm, durub oynamaq istəyirəm, bir də bunun üçün maskamı taxmalıyam? Qardaş, mənim ad günümdür. Həyətimdə 10 nəfərlə ad günü keçirirəm. Polis gəlib niyə məni aparsın? Yaxşı edib keçirdirəm. Sən məni niyə aparmalısan? Həyətimdəyəm, öz ailəmdir, öz qohumlarımdır. Bu qərarlar insanları incidəcək. Toylar onsuz da keçirilirdi. Sadəcə olaraq, bəy və gəlin adi paltarda otururdu. Ya gizlin olurdu, ya da cərimələnirdilər”.

Əslində Azərbaycan insanı belə səhv qərarları birinci dəfə deyil ki, görür. Avtobusda insanlar bir-birinin düz böyründə gedəndə metronu açmırdılar ki, virus qapalı məkanda yayılır. İndi qapalı məkanda toy edəndə virus yayılmayacaq? Yaxud həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarına etirazlar səslənsə də, Operativ Qərargahda kimsə bunu aylarla saya salmadı və qərar dəyişmədi. Yenə də həftəsonu avtobuslar işləmir, metro ilə bağlı da həftəsonu qapanma qərarı idman yarışlarının keçirilməsiylə əlaqədar ləğv olundu. Ancaq yenə Qərargahda heç kəs yenə düşünmədi ki, metro sərnişini Bakının heç də hər nöqtəsinə aparmır axı.

Hansı tərəfdən baxsaq, xalq üçün verildiyi iddia olunan bu qərarların ancaq müəyyən qrup üçün verildiyini düşünməkdən başqa ağıla məntiqli bir izah gəlmir…

Əbülfət Baxşəli

Cebhe.info


Paylaş:


Müəllif : Tarix:
24-06-2021, 08:31
  


loading...
Загрузка...