reklam
» » “QARABAĞDA RAZILAŞMA POZULUR VƏ GÖRÜNÜR Kİ...” – “Silahlı qruplaşmalar tərksilah olunmalı...”

reklam

“QARABAĞDA RAZILAŞMA POZULUR VƏ GÖRÜNÜR Kİ...” – “Silahlı qruplaşmalar tərksilah olunmalı...”


Laçın dəhlizinə nəzarət məsələsi təcili həll edilməlidir”
Prezident İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransı gündəmin əsas mövzusudur. Dövlət başçısı 4 saatdan artıq müddətdə 35 xarici jurnalistin 50-dən çox sualına cavab verib, 44 günlük müharibənin hərbi və siyasi nəticələri barədə cəmiyyəti narahat edən bəzi məqamlara aydınlıq gətirib.
O, azərbaycanlı məcburi köçkünlərin Xankəndi, Xocavənd, Xocalı, Ağdərəyə köçürüləcəyi və orada birgəyaşayışın təmin olunacağı, bölgədə Azərbaycanın suverenliyinin tam bərpa ediləcəyini söyləyib, Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələlərə toxunub.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Press Klub”a açıqlamasında bildirdi ki, müharibədən sonra istər Azərbaycanda, istərsə də beynəlxalq ictimaiyyətdə üçtərəfli bəyanatla bağlı xeyli suallar yaranmışdı və bu suallara cavab verilməli idi: “Bu mətbuat konfransı ilk növbədə xarici jurnalistlər üçün nəzərdə tutulmuşdu. Amma cavabların böyük əksəriyyəti Azərbaycan ictimaiyyəti üçün də çox maraqlı idi. Çünki istər-istəməz cəmiyyətdə müharibədən sonra yanlış mülahizələr və fikirlər formalaşıb. Təəssüf ki, cəmiyyətin çox mühüm hissəsi psixoloji cəhətdən bu qələbəni tam şəkildə dərk etməyə qadir deyildi.
Təbii ki, əksəriyyət bunu qələbə kimi dəyərləndirir, amma müəyyən hissə hansısa narahatlıq doğuran məsələləri sosial şəbəkələrdə təbliğ edirdilər. Bu baxımdan mətbuat konfransında verilən suallar və prezidentin cavabları bir çox məsələlərlə bağlı şübhələri aradan götürdü və qaranlıq qalan bəzi məqamlara yenidən aydınlıq gətirdi. Hər kəsə bəlli oldu ki, Qarabağ ətrafında baş verən bütün proseslər, diplomatik danışıqlarda müzakirəyə çıxarılan məsələlər Azərbaycan dövlətinin və şəxsən İlham Əliyevin tam nəzarəti altındadır. Bu baxımdan hesab edirəm ki, proseslər öz axarı ilə, həm də Azərbaycanın xeyrinə davam edəcək”.
Xankəndi, Ağdərə və Xocalıda birgəyaşayışa hazırlıq
T.Zülfüqarovun fikrincə, prezidentin bir mühüm mesajı da Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin taleyi ilə bağlı idi.
Onun sözlərinə görə, bu məsələ işğaldan azad edilmiş ərazilərdə dinc həyatın bərpası və təhlükəsizlik baxımından çox vacibdir: “Əminəm ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı məsələlər də öz müsbət həllini tapacaq. Ermənilərin nəzarəti altında olan həmin ərazilərdə Azərbaycanın suverenliyi tam təmin olunacaq. Hazırda Azərbaycan ərazisində, o cümlədən Qarabağ bölgəsində işğalçı Ermənistanın heç bir hərbi qüvvəsi qalmayıb. Prezident də birmənalı söylədi ki, Ermənistan hərbi məğlubiyyətin nəticəsində həm ordusunu, həm də hərbi texnikasını itirib. Biz başa düşməliyik ki, Xankəndinin, Ağdərənin, Xocalı və digər ərazilərin inteqrasiyası, Azərbaycan dövlətinin suverenliyinin tam bərpası prosesi bir necə mərhələdən ibarət olmalıdır. Bunun üçün isə müəyyən vaxt tələb olunur”.
Bununla belə, sabiq nazir Azərbaycan tərəfinin bəzi məsələlərə daha çevik yanaşmasına ehtiyac olduğunu da vurğulayır.
O hesab edir ki, xüsusilə Qarabağ bölgəsində ermənilərin qeyri-qanuni silahlı birləşmələr saxlamasına son qoyulmalı, qanunsuz silahlar yığışdırılmalıdır: “Bu məsələ çox aktualdır və hesab edirəm ki, ermənilərin silahsızlaşdırılması çox yaxın vaxtlarda həll olunmalıdır. Çünki Qarabağda ermənilərin qanunsuz hərbi birləşmələrinin olduğunu nəzərə alsaq, məntiqi baxımdan ortada bir ziddiyyət var: əgər sülhməramlılar orada təhlükəsizliyi təmin edirlərsə, onda qeyri-qanuni qurumların və qanunsuz hərbi birləşmələrin orada qalmasının mənası nədir?”
T.Zülfüqarov prezidentin həm Ermənistana, həm də üçtərəfli bəyanatın əsas təşəbbüskarı olan Rusiyaya və dünya ictimaiyyətinə çox ciddi mesajlar verdiyini düşünür. Onun sözlərinə görə, dövlət başçısının “Artsax adında dövlət yoxdur, olmayıb, olmayacaq” bəyanatı təkcə Ermənistana deyil, həm də Qarabağ ermənilərinə, beynəlxalq ictimaiyyətə ciddi mesajdır: “Ermənistandakı revanşist qüvvələrə də mesajdır ki, artıq müharibə bitib və üçtərəfli razılaşmanın müddəaları istənilən halda icra olunmalıdır. Bundan sonra ermənilər Qarabağda Azərbaycan vətəndaşları kimi yaşayacaq. Bu, eyni zamanda cəmiyyəti narahat edən bəzi sualla verilən cavabdır ki, azərbaycanlı məcburi köçkünlər də Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərə qayıtmalıdır”.
Laçın dəhlizinə nəzarət məsələsi təcili həll edilməlidir
Prezidentin Rusiya sülməramlılarının fəaliyyətindən narazılığını ifadə etməsi və rus hərbçilərinin xarici vətəndaşları Laçın dəhlizi vasitəsilə gizli şəkildə Qarabağa buraxması barədə məlumatları dilə gətirməsini gəlincə, keçmiş nazir bildirdi ki, Rusiya tərəfi ilə razılaşmaya əsasən əcnəbilər sülhməramlıların nəzarətində olan ərazilərə yalnız Azərbaycanın razılığı ilə daxil ola bilər: “Lakin razılaşma pozulur və görünür ki, bununla bağlı prezidentdə daha müfəssəl məlumatlar var. Ümumiyyətlə, sülhməramlıların fəaliyyəti ilə bağlı bir çox sualların cavabı hələ də tam aydın deyil. Əlbəttə, biz sülhməramlıların öz missiyasına uyğun fəaliyyətlərini də görürük və Azərbaycan tərəfi buna öz qiymətini verir.
Rusiya sülhməramlılarının gördüyü işlər – Ağdam, Kəlbəcər və Laçının boşaldılaraq Azərbaycan ordusunun nəzarətinə verilməsi, ərazilərin minlardan təmizlənməsi prosesinin başlanması müsbət fəaliyyətlərdir.
Amma Qarabağdakı qeyri-qanuni silah daşıyan qurumların tərksilah olunması prosesi ləngiyir. Bəlkə də bunun səbəblərindən biri ondan ibarətdir ki, Laçın dəhlizindəki giriş-çıxış qaydaları dəqiq deyil. Əsas məsələ də ondan ibarətdir ki, orada Azərbaycanın nəzarəti yoxdur. Bu baxımdan Azərbaycanın digər bölgələrində olduğu kimi, qanunsuz fəaliyyət göstərən qurumlar zərərsizləşdirilməli, qeyri-qanuni silah daşıyan insanlar müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməli, silahlı qruplaşmalar tərksilah olunmalıdır”.
T.Zülfüqarov hesab edir ki, 10 noyabr razılaşmasındakı müddəaların bir qisminin lazımi səviyyədə həyata keçirilməməsi Azərbaycanın Laçın dəhlizinə nəzarət etməməsindən irəli gəlir.


Paylaş:


Müəllif : Tarix:
27-02-2021, 19:19
  


loading...
Загрузка...