reklam
» » “Övladlarım bu Vətənə qurban olsun” - Oğlunu cəbhəyə yola salan deputat

reklam

“Övladlarım bu Vətənə qurban olsun” - Oğlunu cəbhəyə yola salan deputat



Milli Məclisin deputatı Tahir Kərimlinin oğlu Zahidağa Kərimli də Vətən Müharibəsində kişilik borcunu yerinə yetirir.
RegionXəbərləri.com xəbər verir ki, Tahir Kərimli Modern.az-a müsahibəsində oğlunun cəbhəyə getməyindən danışıb:
- Tahir müəllim, bu gün cəbhədə döyüşən Vətən övladları arasında sizin də oğlunuz var. Oğlunuz könüllü cəbhəyə gedənlərdəndir, yoxsa,  “Vətən çağırır” deyib yola düşənlərdən?
- Düzü, əsgər atası kimi danışmaq qürurdur. Digər tərəfdən də bu vətən hamımızındır. Hər birimizin canı bu torpağa fəda olsun. 3 oğlum var. İkisi Vətən borcunu yerinə yetirib. Kiçik oğlumun Vətən borcunu yerinə yetirməsi Qarabağ müharibəsinə təsadüf etdi. Çağırış gəldi və biz də hamılıqla oğlumuzu yola saldıq.
- Dediniz ki, 3 oğlunuz var. Allah saxlasın. Bir valideyn olaraq onları vətənpərvərlik ruhunda böyüdə bilmisinizmi?
- Mən birinci Qarabağ Müharibəsini görmüş, onun ətrafında baş verənlərin şahidi olmuşam. Birinci Qarabağ savaşında Cəbrayıl işğal olunan ərəfədə 17 top alıb cəbhəyə aparmışdım. 3 qardaş vəzifədə işləməyimizə baxmayaraq, ailə-uşağı atıb səngərdə əlimizdə silah vuruşurduq. Biz belə ruhda olmuşuq. Təbii ki, ailədə oğlanlarıma Vətən, torpaq sevgisini aşılamışam. Tarix kitablarında hər şeyi dəqiqliklə izah etmişəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən həm də şəhid dayısıyam. Digər iki oğlum da Qarabağda döyüşlər başlayan gündən Səfərbərlik xidmətinə adlarını könüllü yazdırıblar. Cavab gözləyirlər. Nə zaman ehtiyac olarsa, böyük sevgilə Vətənin müdafiəsinə qalxacaqlar.
- Tahir müəllim, sizə də sirr deyil ki, məmurların, deputatların övladlarının döyüşmədiyi, gizləndiyi barədə zaman-zaman fikirlər səsləndiriblər. Bir deputat kimi səslənən fikirlərə nə cavab verərdiniz?
- Təəssüf ki, bu cür fikirlər hər zaman səslənib. Məmurlar, deputatlar qınaq obyektinə tuş gəlib. Mənim də yaxınlarım arasında şəhidlər var. Vətən hamımızındır. Onun müdafiəsinə hamımız qalxmalıyıq. Zaman-zaman “Tahir Kərimlinin villası var” deyiblər. O cür yalanlara təəssüf etməmişəm. Ancaq “övladı Vətənə xidmət etməyib, xaricdə gizlənib” demələri məni üzüb. Halbuki, mənim övladlarım bu Vətənin keşiyini hər zaman çəkməyə hazır olub. Nə zaman lazımdırsa, Vətənə xidmət edəcəklər. Övladlarımın hamısı bu Vətənə qurban olsun. Vətən sağ olsun.
- Açıq deyək ki, övladlarını döyüşə yola salan analar atalardan daha həssas davranır, kövrəlir, ağlayır. Sizin xanımınız bu məsələdə necə dözüm nümayiş etdirir?
- Oğlumun anası heç nə demədi. O da mənim kimi böyük sevgiylə oğlumuzu Vətəni qorumağa yola saldı. Sadəcə, oğlumun səhhətində bir az problem vardı. Həyat yoldaşım ona görə narahatdır. Tanrı hamısını qorusun.
- Həssas məqamdır, anlayırıq. Oğlunuzla əlaqə saxlaya bilirsinizmi?
-Yox əlaqə saxlamır. Yenə deyirəm. Mənim övladımın heç kimin övladından fərqi yoxdur. Hamısı salamat qayıtsın, qələbə ilə geri dönsünlər. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımız da tezliklə sağalsın.
- Oğlunuzun hansı əşyası sizi daha çox kövrəldir?
- Oğlum uşaqlıqdan futbolu çox sevib. Arada bizə  “imkan vermədiniz ki, futbolçu olum. Məcburən ali təhsil almağımı istədiniz”-deyirdi. Onun otağına girməyə cəsarət etmirəm. Anası futbol köynəklərini, kubokunu, medalını açıq formada düzüb. Futbol paltarlarına baxanda göz yaşlarımı saxlaya bilmirəm. Onun ən böyük arzusu futbolçu olmaq idi. Hətta bir təşkilatla müqavilə bağlayıb ölkədən getmək istəyirdi. Ancaq valideyn olaraq onu gözümüzdən heç yerə buraxmırdıq. Sonbeşik olduğu üçün onu daha çox istəyirdik. İndi müharibəyə Vətən borcunu yerinə yetirməyə gedib. Taleyi necə olar, Allah saxlasın.
- Övladı cəbhədə olan ata-analara nə tövsiyə edərdiniz?
- Ata-analar səbirli olsunlar, qələbə bizimlədir. İnşallah, övladlarımız salamat qayıdarlar.


Paylaş:


Müəllif : Tarix:
28-10-2020, 20:42
  


loading...
Загрузка...