reklam
» » Operativ Qərargahın qərarı gecikir: - Müəllim və şagirdlər isə məktəbə getmək istəyir

reklam

Operativ Qərargahın qərarı gecikir: - Müəllim və şagirdlər isə məktəbə getmək istəyir


Yeni tədris ilində təhsilin hansı formada bərpa ediləcəyi ilə bağlı rəsmi qərar hələ açıqlanmayıb. Yeni tədris ilinin başlanmasına isə sayılı günlər qalıb. Bu yaxınlarda Təhsil İnstitutu ictimaiyyətə tədrisin qarışıq qaydada, yəni həm onlayn, həm də fizikal formada bərpa ediləcəyi ilə bağlı təkliflər paketi təqdim edib. Amma Təhsil Nazirliyi və ya Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təhsilin hansı formada bərpası ilə bağlı qərar yoxdur.

Yeni tədris ilində dərslər istər onlayn, istərsə də qarışıq (onlayn və ənənəvi) qaydada tətbiq olunsa belə, hər iki forma ilə də razılaşmayanlar var. Təhsil mütəxəssisləri, müəllimlər bu variantın həm şagirdlərin bilik və bacarıqlarına, həm də tədrisin mükəmməl qavranmasına effektli olmayacağını düşünürlər. Həmçinin, qeyd olunan forma bəzən təhsilalanlar arasında ayrıseçkilik yaratma cəhdi kimi də təqdim olunur.

Qeyd edək ki, fevralın 28-də Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Yoluxmada gündəlik artım tempi olduğundan, Nazirlər Kabineti yanında Operativ Qərargah martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrinin qapadılaraq təhsilin onlayn davamına qərar verib. 3 aydan çox davam edən bu tətbiqi forma ictimaiyyətdə müzakirələr yaradıb. Onlayn təhsil təhsilan və təhsilverənlərə sağlamlıqdan tutmuş dərs yükünü tədrisetmə, qavrama, mənimsəmə, çatdırma və tətbiqetməyə qədər müəyyən sıxıntılar yaratdı ki, zaman-zaman bununla bağlı mətbuatda çıxışların şahidi olduq. Gah onlayn təhsil üçün nomal internet təchizatının yaradılmaması, gah bu təhsilin bütün şagirdləri ehtiva etməməsi, gah da dərs yükünün normal mənimsədilməsində effektsiz olduğu qeyd edilib.

Yeni tədris ilində təhsil hansı qaydada səmərəli ola bilər? Onlayn, hibrid (qarışıq), yaxud ənənəvi?

Cebhe.info bir neçə təhsil müəssisəsi üzrə təhsilverən və təhsilalanlar arasında bununla bağlı sorğu keçirib.

“Sanki uşaqlar evdə dərsi daha çox dinləyirdilər, nəinki sinifdə...”

D.Nəbiyev adına 178 saylı orta ümumtəhsil məktəbin coğrafiya müəllimi Münəvvər Bağırova: “Pandemiya şəraiti davam etsə də, onlayn təhsilin tərəfdarı deyiləm. Bu təhsil formasının mənfi cəhətləri çoxdur. Respublika onlayn təhsilə tam hazır deyil. İnternet çox zəifdir. Hər dərs keçən zaman internetin kəsilməsi, şagirdlərin tez-tez dərsi tərk edib geri qayıtmaları, zaman itirmə kimi məsələlər onlayn təhsilin effektinə təsir edir. Şagirdlərin çoxunda internet, kompüter və telefon problemi olduğuna görə auditoriya tam əhatə olunmur. Əgər sinifdə 23 şagird varsa, dərsi 6-7 nəfər, maksimum isə 12-13 nəfərlə keçirdik. Coğrafiya fənninin tədrisi təchizatlarla (qlobus, xəritə ) keçilir. Onlayn dərsdə fənni təchizatlarsız izah etmək mümkün olmur. Şifahi tədris şagirdlərə elə də effekt vermir. Bundan əlavə məktəb və sinif şagirdlər üçün vacibdir. Partalar uşaqların boyuna, oturuşuna nəzərən hazırlanıb. Evdə uşaq istədiyi kimi oturur. Onu da deyim ki, onlayn dərslər şagirdlərin və müəllimlərin gözlərində çox böyük problemlər yaratdı. Məlumatlara görə, artıq 60 faiz şagird gözlə bağlı həkimə müraciət edib. Bundan əlavə şagirdlər havaya çıxmır, evdə oturan uşaqların immuniteti zəifləyəcək. Onlayn təhsildə bir maraqlı məqamı sezdim ki, bunu da mütləq qeyd etməliyəm. Sanki uşaqlar evdə dərsi daha çox dinləyirdilər, nəinki sinifdə... Ola bilsin ki, onlayn dərsə yaxşı oxuyanlar girirdi deyə belə alınırdı. Amma çox diqqətlə dinləmə və öz fikirlərini sərbəst şəkildə ifadə etmə müşahidə etdim”.

“Onlayn təhsil gözəldir, amma ölkəmizdə onun təminatı yoxdur”

M. Mehdiyev adına 280 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Billur Məmmədova: “Əslində xəstəliyin qarşısının alınması üçün onlayn təhsil əsasdır. Sadəcə olaraq, hamının internetlə təminatı yoxdur. Elə ailələr var ki, onlarda çox adi telefonlar var. Yəni yalnız zəng üçün istifadə edilir. O telefonlar isə uşaqlarda deyil, valideynlərdədir. Onlar isə işdə olduqları üçün onlayn dərsdə şagirdlərin hamısı iştirak edə bilmir. Bundan əlavə, bir ailədə bir deyil, 2-3 şagird varsa və eyni vaxtda dərslər keçilirsə, onların həmin vaxtlarda dərsə qoşulmaları qeyri-mümkündür. Onlayn təhsil gözəldir, amma ölkəmizdə onun təminatı yoxdur. İndiki halda şagirdlərin ənənəvi qaydada məktəbə getməsinin tərəfdarıyam. Amma bu, müəyyən qaydalarla baş tuta bilər. Təklif edərdim ki, aşağı siniflərdə uşaq sayı çox olduğundan, ikinövbəli məktəblərdə 7, 8, 9, 10 və 11-ci siniflər səhər növbəsində, 1-ci sinifdən 6-cı sinifə qədər olanlar isə günorta növbəsində dərsə gəlsinlər. Məktəblərdə kifayət qədər sinif otaqları var və onlara təbii ki, karantin davranışlarına əməl olunmaqla rahat dərs keçmək olar. Uşaq sıxlığı da olmaz”.

“Onlayn dərslər heç də keyfiyyətli olmur”

Laçın rayonu 32 saylı orta məktəbin ibtidai sinif müəllimi Elnarə Həsənova: “Növbəti tədris ilində 2-ci sinif üçün tədris verməliyəm. Amma mövcud vəziyyətə görə hələ hansı şəraitdə dərs keçəcəyimiz haqda heç bir məlumat almamışıq. Bu məsələdə fikirlər çox narahatlıqvericidir. Özüm də bu məsələyə çıxış yolları axtarıram. Dövlət bizə hansı istiqamətdə dərs keçəcəyimizi bildirməkdən əlavə, müəllim olaraq da çox məsuliyyət daşıyırıq. Fikrimcə, birincilər, yəni 5-6 yaşlı uşaqlar üçün onlayn dərs çox çətin olacaq. Onlar müəllimlə təmas qurmadan, yazı yazmaq qabiliyyəti formalaşmadan dərs aparmaq çox çətin olacaq. Onlayn dərs həyatımıza yeni gəldi və çox az nəticə göstərdi. Dərslər heç də keyfiyyətli olmadı. O səbəbdən ki, kadrlar, şagirdlər və müəllimlər buna hazır deyildi. Etiraf etmək lazımdır ki, baxmayaraq bu gün yeni təhsil forması ilə dərs aparırıq, bir çox rayonlarda müəllimlərin texniki vasitələrlə işləmək bacarığı yoxdur. Bu baxımdan virtual dərslərdən demək olar ki, kənarda qalırdılar. Bundan əlavə hər bir evdə şagirdin və ya müəllimin texniki bazası yoxdur. Məncə “Bu baza niyə yoxdur?” sualını da vermək düşgün olmazdı. Bütün bu texniki imkanlar yaradılsa belə, ibtidai sinif müəllimi kimi deyərdim ki, onlayn dərslər heç də keyfiyyətli olmur. Onlayn dərslərdə çox faktlar var ki, ortada itir və biz effekt ala bilmirik. Məsələn, təhsil sistemində qoyulan tələbləri biz onlayn dərsdə əldə edə bilmərik. Hansı ki, gələcək imtahanlarda biliklə yanaşı bu tələblər də ortaya çıxacaq. Təhliletmə, tətbiqetmə, sintez, əlaqələndirmə, isbat etmə, müstəqil fikir ifadə etmə kimi tələblərin heç biri onlayn dərsdə mümkün deyil. Sonucda bizə lazım olan materialı uşaqdan ala bilmirik. Burada sadəcə, müəllim danışacaq, şagird dinləyəcək. İstənilən halda müəllim dərsini ənənəvi qaydada aparmalıdır ki, uşaqlar geri qalmasın. Bütün bunlarla yanaşı vəziyyət pandemiyadan asılı olarsa, onlayn dərsi qəbul etməli olacağıq. Bir sözlə, onlayn dərs olsa belə, ənənəvi üsuldan istifadə etməliyik”.

“Onlayn təhsil uşaqları çox geri salır”

Şamaxı rayonu Ağadur Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbin ibtidai sinif müəllimi Fatma Mirzəyeva: “Məncə dərslər ənənəvi qaydada olsa, daha yaxşı olar. Bu zaman müəllimlərlə şagirdlər arasında ünsiyyət daha səmimi olur və dərsi normal qavraya bilirlər. Onlayn dərsdə tədris proqramını əhatəli şəkildə şagirdlərə izah etmək, anlatmaq olmur. Kənddə şagirdlərin hamısının evində internet yoxdur və dərsə qatılan bir neçə şagirdlə tədrisi davam etdirmək keyfiyyətin aşağı düşməsi deməkdir. Onlayn təhsil uşaqları çox geri salır”.

Şagirdlər məktəbə getmək istəyir

Abşeron rayonu Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Ayan Vəlizadə: “Mən dərslərin onlayn qaydada keçirilməsini istəyirəm. Əgər bir sinifdə çoxlu şagird olarsa, bir-birimizə yaxın təmas qurduqda virusun yayılmasına daha münbit şərait yaradırıq”.

Nəsimi rayon 111 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Könül Məmmədova: “Mən məktəbə getmək istəyirəm. Çünki məktəbə gedəndə biz müəllimi görürük. Amma onlayn danışanda internet kəsilir və bir-birimizi başa düşmürük. Məktəbdə uşaqlarla dərs tapşırıqlarını etmək daha maraqlıdır”.

Laçın rayonu 32 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Nərgiz Quluzadə: “Ənənəvi dərsə üstünlük verirəm. Onlayn dərsdə uşaqlar kameranı söndürüb arxada otururlar. Müəllim uşağın nə etdiyini görmür. Həm də uşaqlar onlayn dərs zamanı məsuliyyət daşımırlar. Amma ənənəvi qaydada dərsdə məsuliyyət daha yüksək olur”.

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Əliyeva Əzizə: “Mən məktəbə getmək istəyirəm. Müəllim və sinif yoldaşlarım üçün darıxmışam. Onlarla tənəffüs zamanı ünsiyyət qurmaq, bir yerdə vaxt keçirmək daha yaxşıdır. Yenə də əvvəlki kimi dərsə gedək. Onlayn dərsi istəmirəm”.


Paylaş:


Müəllif : Tarix:
27-08-2020, 13:28
  


loading...
Загрузка...