reklam
» » Sosial şəbəkəni çənginə alan təhqir, hədyan - Türkiyə çarə tapıb, biz nə edək...

reklam

Sosial şəbəkəni çənginə alan təhqir, hədyan - Türkiyə çarə tapıb, biz nə edək...


Türkiyə hökuməti çalışır ki, tezliklə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun qüvvəyə minsin. Amma bunun üçün parlament qanun layihəsini təsdiqləməlidir.

AKP hökuməti, o cümlədən müttəfiqi MHP o qənaətdədir ki, sosial media platformalarının azadlığını buxovlamaq lazımdır. Səbəb təhqir, böhtan, söyüş kampaniyalarını heç bir vəchlə durdura bilməməkdir.

Müxalifətdə olan CHP və digər siyasi institutlar, o cümlədən sosial şəbəkə aktivistləri Ərdoğan hakimiyyətinin bu mövqeyini ifadə azadlığına qarşı bir akt kimi qiymətləndirirlər.

Sosial mediada yeni məhdudiyyətləri nəzərdə tutan qanun təklifi Türkiyənin Böyük Millət Məclisində artıq müzakirə olunub.

Səkkizinci nəvəsinin (qızı Esra və kürəkəni Berat Albayrakdan) dünyaya gəlişi ilə sosial mediada verilən şərhlərə prezident Rəcəb Tayyib Ərdoğanın qəzəblənməsi məhdudiyyətlərin tətbiqini gündəmə gətirib.

MHP lideri Dövlət Bahçelinin yaz tətilindən əvvəl qüvvəyə minməsini tələb etdiyi sosial media təklifi AKP daxilində fikir ayrılıqlarına səbəb olsa da, Türkiyə Böyük Millət Məclisində təsdiqlənəcəyi gözlənilir.

Ancaq AKP daxilindəki tənqidlərə baxmayaraq, MHP tərəfindən imzalanan 9 maddəlik ortaq təklif iyulun 24-də TBMM Ədalət Komissiyasından heç bir düzəliş edilmədən təsdiqlənib.

AKP-nin qrup rəhbərinin yardımçısı Cahit Özkanın fikrincə, sosial medianın tənzimlənməsi Türkiyə də daxil olmaqla dünyada yeni bir hüquqi tənzimləmənin meydana gəlməsinə yardım edəcək. Özkan bənzər tənzimləmələrin ABŞ, Almaniya və Rusiyada edildiyini önə çəkib.

Azərbaycanda da vaxtaşırı sosial şəbəkələri bağlamaq, fəaliyyətini məhdudlaşdırmaq təklifləri səslənib. Lakin prezident İlham Əliyev ölkədə internetin azad olduğunu bəyan edib.

Baxmayaraq ki, “facebook”, “yutub” kimi platformalarda ən çox təhqirə məruz qalan elə dövlət başçısı və ailəsidir. Bununla belə, hökumət və rəsmiləri sosial medianın işini tənzimləməyi gündəmə gətirməyiblər.

Əslində, bütün hökumətlər sosial şəbəkələrin gücü ilə hesablaşmalıdırlar və qanunvericiliyə hansısa dəyişiklik, tənzimləyici prosedurlar effekt vermir, internet ucsuz-bucaqsız bir kainatdır.

Bəs, qanunvericiliyə dəyişikliklə sosial şəbəkədə söyüş, təhqir dalğasını dayandırmaq mümkündürmü? Cəzalar effektli ola bilərmi?

Telejurnalist, professor Qulu Məhərrəmlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Türkiyə doğma, qardaş olsa da, interneti tənzimləmək fikrinə düşməsi dünyada yaxşı rezonans doğurmayacaq.

“Amma bu addımların da ciddi əsasları var. Çünki Asiya bölgəsində sosial şəbəkələr təhqirlə doludur.

Azərbaycanda isə qanunvericilikdə bu məsələyə dair 147-ci maddədə əlavə olunub. Yəni, təkcə kütləvi informasiya vasitələri yox, internet də bu siyahıya salınıb. Bizdə təhqirə görə bu şəkildə reaksiya verilib",- deyə Q.Məhərrəmli qeyd etdi.

Onun fikrincə, sosial medianın fəaliyyətini məhdudlaşdırmağın, insanları cəzalandırmağın düzgün mexanizmi tapılmalıdır:

“Çünki təhqir yazanların çoxu uydurma adlarla sosial şəbəkəyə daxil olur. Birinci növbədə anonimlik həllini tapmalıdır”.

Tənqidçi hesab edir ki, sosial mediada profil açan şəxslərin etik öhdəliklər götürməsi çox vacibdir:

“Amma sosial medianı bağlamağın və ya fəaliyyətini həddindən artıq məhdudlaşdırmağın effekt verəcəyinə inanmıram. İnsanların şüurlu şəkildə bu məsələyə yanaşması lazımdır.

Dürüst adamlar var, onlar təhqir görəndə deyirlər ki, buna yol verməyin. Ona görə əxlaqla, ağılla tənzimləmək olmasa, qanunun sərtiyinin nəticə verəcəyinə inamım azdır".

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə “Yeni Müsavat”a söyüşlə mübarizənin başqa yolları olduğunu açıqladı. Onun fikrincə, internetlə mübarizə normal məntiq deyil:

“İnternetin verdiyi üstünlüklər var. Məsələn, sən Bakıda oturub, ünvanını dəyişə və özünü Avstraliyada göstərə bilərsən.

Bu mənada şəxsiyyətin təhqir olunması ictimai qınaqla daha çox tənzimlənə bilər. Eyni zamanda hüquqi müstəvi var, söyüş məhkəmə predmentinə çevrilə bilər. Dünyanın hər yerində belə mülki işlərin açılması halları var. Azərbaycanda da etmək olar".

N.Cəfərli hesab edir ki, amma sosial mediada əngəllər yaradılması, fəaliyyətinin qanunla tənzimlənməsi məntiqli yanaşma deyil: “Vətəndaş cəmiyyəti üzvləri, ziyalılar, sözü eşidilən insanlar birgə kampaniya aparmalıdırlar ki, söyüş, təhqir yolverilməzdir, istifadədən çəkinsinlər.

Bu zaman həmin qruplar marginallaşacaq. Bizdə təhqirə maraq var. İntellekt səviyyəsi sıfıra yaxın olan, xüsusən xaricdə oturan adamlar var ki, söyüş dolu videolar çəkirlər. Baxırsan ki, həmin videoların cəmiyyət üçün heç bir informativ çəkisi yoxdur, amma maraq doğurur.

Əgər ictimai qınaq güclənsə həmin adamlar gündəmdən düşəcəklər, bu cür özünüifadə forması marginallaşacaq. Hesab edirəm ki, doğru olan yol budur".


Paylaş:


Müəllif : Tarix:
30-07-2020, 09:33
  


loading...
Загрузка...